Yanğında xəsarət alanlarla bağlı rəsmi məlumat

Yanğında xəsarət alanlarla bağlı rəsmi məlumat

Altı nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib

 

Tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 Təcili Tibbi Yardım (TTY) briqadası cəlb olunub. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.

 

Saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

 

Qeyd edək ki, 10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi davam edir. Əraziyə əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

 

Baş vermiş yanğınla bağlı, bu gün saat 08:18-də Təcili Tibbi Yardıma çağırış daxil olub. Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi Yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib.

 

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğın səbəbindən yolda hərəkət tamamilə məhdudlaşıb. Hadisə səbəbindən ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələri xahiş edilir. Eyni zamanda sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə olunur.

Müəllif: Ayna.az      10 Dekabr 2019 11:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin