Azərbaycan dövləti xaricdəki soydaşlarımıza xüsusi imtiyazlar verəcək

Azərbaycan dövləti xaricdəki soydaşlarımıza xüsusi imtiyazlar verəcək

DİDK rəsmisi: Bu vəsiqəni alanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib, burada qala biləcəklər

 

Xaricdə yaşayan azərbaycanlılara sosial yardım ediləcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) açıqlama verilib. Məsələni AYNA-ya, Komitənin İnsan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov şərh edib:

 

- Şahin müəllim, sosial yardım deyildikdə nə nəzərdə tutulur?

 

- Xaricədə yaşayan soydaşlara yardım göstərilməsi ilə bağlı Prezidentin müvafiq sərəncamından sonra qanunda dəyişiklik edildi və bundan irəli gələrək yeni qaydalar hazırlandı. Həmin qaydalarda kimlərə, necə, hansı halda maddi dəstəyin verilməsi nəzərdə tutulur. 

 

- Bu, konkret kimlərə şamil olunur? Maddi dəstəyə ehtiyacı olanlar necə müəyyənləşəcək?

 

- Müəyyən olunmuş qaydalara görə, xaricdə yaşayan azərbaycanlılar 3 kateqoriya üzrə müraciətlər edə bilərlər: 18 yaşınadək şəxs; hər iki valideyni vəfat etmiş şəxs; fövqəladə hallarda şəxsə dəymiş zərər qarşılığında sığorta və ya yaşadığı ölkədə yardım ala bilmirsə və xaricdə vəfat etmiş şəxsin Azərbaycana gətirilməsi ilə bağlı zərurəti yaranarsa, bu hallarda Komitə maddi dəstəyin göstərilməsi işinə başlayacaq.

- Onda belə çıxır ki, müraciət birbaşa özləri tərəfindən olacaq?

 

- Bəli, onların öz müraciətləri nəticəsində yardımlar nəzərdə tutulub. Hazırda qaydalar işlənib hazırlanıb. Müsbət rəy alındıqdan sonra qaydalar Dövlət Xidmətləri Portalında yerləşdiriləcək və bütün detallar orada əksini tapacaq.

 

- Bunu nə zaman üçün gözləyək?

 

- Normativ aktlarla bağlı prosedurlar bir qədər mürəkkəbdir. Bu məsələ aidiyyəti qurumlarla (Maliyyə Nazirliyi, ASAM Xidmət və digərləri) birgə razılaşma bitdikdən sonra tam həllini tapacaq. Hələlik Komitəmiz tərəfindən üzərimizə düşən iş bitib. Əsas nəticə qaydalar toplusunun Nazirlər Kabineti tərəfindən nəzərdən keçirildikdən sonra olacaq.

 

- Bu məsələdə soydaş və vətəndaşlıq məsələləri necə tənzimlənəcək? Məsələn, xaricdə yaşayan soydaşlarımız arasında Azərbaycan vətəndaşı olmayanlar da var…

 

- Əslində bu məqam hələ də bir çox vəziyyətlərdə suallar yaradır. “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə ölkə rəhbərinin sərəncamı olmuşdu. Bizim qanunun dəyişdirilməsi ilə bağlı təkliflərimiz vardı. Amma biz artıq bu mövzuda yeni qanun layihəsi hazırlamışıq. Bu qanunda çox məqamlara aydınlıq gətirilib. Bu qanun layihəsi qəbul olunsa, bəzi məsələlərin həlli asanlaşacaq. Belə ki, yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Hətta xaricdə yaşayan azərbaycanlılara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək. "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" Qanun layihəsində "soydaş" anlayışı müəyyən edilib. Bu anlayış xaricdə yaşayan və özünü azərbaycanlı sayan hər kəsə şamil olunacaq. Valideynləri Azərbaycandan olan, Azərbaycan SSR-in və indiki Respublikanın vətəndaşı olmuş, amma indi xarici ölkə vətəndaşı olanlara "soydaş vəsiqəsi" veriləcək.

 

- “Soydaş vəsiqəsi”nin nə kimim üstünlükləri olacaq?

 

- Dünya təcrübəsindən yararlanaraq, Azərbaycan da özünü azərbaycanlı sayanlara müxtəlif imtiyazlar verməyi düşünür. Məsələn, “soydaş vəsiqəsi” olanlar və onların ailə üzvləri 90 gün ərzində Azərbaycana vizasız gəlib qala biləcəklər. Amma imtiyaz təkcə bununla bitməyəcək. Onlar Azərbaycanın orta ixtisas və ali təhsil məktəblərində dövlət hesabına təhsil ala biləcəklər, o cümlədən, vergi sistemində, ölkəyə investisiya qoyan zaman onlar xarici vətəndaşlarla bir tutulmayacaqlar. Bir üstünlük də odur ki, “soydaş vəsiqəsi” daşıyan xaricdəki azərbaycanlılar Azərbaycanda işləmək arzusuna düşsələr, o zaman onlar əmək miqrantı icazəsinə ehtiyac duymayacaqlar, yəni belə bir icazəni almaqdan azad ediləcəklər. Bu qanun layihəsinin parlamentdə müzakirəsi və qəbulunu gözləyirik.

 

- Yəqin, müzakirənin yeni çağırış parlamentə çıxarılacağına işarə edirsiniz?

 

- Bəli, indiki zamanda mümkün deyil. Təbii, yeni parlamentin təşkili, toplanması, sonra qanunun müzakirəsi və qəbulu uzun zaman alacaq. Əsas biz tərəfdən razılaşdırılma prosesidir. Bu da yekunlaşıb.

 

- Sosial yardım mövzusuna qayıdaraq, bilmək istəyirdik ki, müraciət edənlərə imtina hansı halda veriləcək?

 

- Qeyd etdiyim kimi, yeni qanun layihəsində müəyyən edilən “soydaş vəsiqəsi”nin də gərəkli parametrləri var. Sosial yardım məsələsinə qayıtsaq, qanun həm də müraciətdən imtina hüquqlarını göstərir. Siyasi baxış, siyasi status deyil, həmin şəxsin Azərbaycan dövlətçiliyinə, onun nüfuzuna xələl gətirib-gətirmədiyi nəzərə alınacaq. Əgər belə bir əməl etməyibsə, onun müraciəti müsbət dəyərləndiriləcək. Əks halda, ölkə adına hər hansı mənfi davranış sərgiləyibsə, əlbəttə onun müarciətindən imtina halı istisna olunmur. Bu qərar araşdırmadan sonra veriləcək.

Müəllif: Raminə Eyvazqızı      9 Dekabr 2019 16:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin