NATO daxilində böyük ziddiyyət – Türkiyə təklənir

NATO daxilində böyük ziddiyyət –     Türkiyə təklənir

Nəzakət Məmmədova: “Türkiyənin əvvəllər NATO-da yalnız Yunanıstan və Kiprə görə problemləri var idisə, artıq Ankara NATO-nun digər üzvləri ilə qarşı-qarşıyadır”

 

Noyabrın 3 və 4-də NATO-nun yaranmasının 70 illiyi münasibəti ilə Londonda, Alyansa üzv ölkələrin zirvə görüşü keçirilib. Bir çox məsələlərin müzakirə olunduğu görüşdə, qardaş ölkə Türkiyənin də NATO ilə münasibətlərinə aydınlıq gətirilməyə çalışılıb.

 

AYNA əməkdaşı mövzu ətrafında politoloq Nəzakət Məmmədova ilə həmsöhbət olub.

 

- Nəzakət xanım, NATO-nun 70 illiyi münasibəti ilə keçirilən zirvə görüşünün ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya məsələsi ilə bağlı İngiltərə, Fransa ve Almanya liderləri ilə görüşü baş tutub. Prosesin Türkiyə üçün hansı müsbət və mənfi tərəfləri ola bilər?

 

- Sammitin Türkiyə ilə bağlı həm rəsmi görüşlər, həm də protokol hissəsini təhlil etdikdə, bunu Qərb ilə Türkiyə arasında, eyni zamanda Alyansın 70 illik tarixi boyunca bəlkə də ən mürəkkəb tarixi görüş adlandırmaq olar. Ələlxüsus, Fransa Prezidenti Emmanuel Makron “Economist” jurnalına verdiyi müsahibəsində Rusiya və Çini düşmən ölkələr adlandırmaq, beynəlxalq terrorizmə qarşı mübarizəyə fokuslanmaq, öz strateji hədəflərini dəqiq müəyyən etmək, Avropanın öz müdafiəsini təkbaşına təşkil etmək əvəzinə, NATO-nu "beyin ölümü" keçirən təşkilat adlandırması sammitdə daha çox diqqət mərkəzinə çəkilib. Bundan əlavə, Tramp, Makron, Putin və Ərdoğan sammitin diqqət mərkəzinə düşən əsas liderlər olduğu kimi, həm də onlar arasındakı müzakirələrin nəticəsi də Şimali Atlantika Alyansının cənub-şərq cinahının kiçik Asiyada, Anadolu yarımadasında və Aralıq dənizi sahillərində mövcudluğunun davamlılığı baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

- Görüşün əsas müzakirə mövzularından biri də Türkiyə ilə NATO arasında yaşanan gərginliyə həsr olunmuşdu. NATO-nun baş katibi Yens Stoltenberq, zirvə bitənə qədər məsələnin həllinə ümidisz olduğunu bildirib. Tramp isə əks mövqe sərgiləyərək, Türkiyəni təqdir edib. Bu ziddiyyətli fikirlər Türkiyə-NATO müttəfiqliyində yeni səhifə aça bilər?

 

- NATO-nun budəfəki sammiti Alyansdaxili ziddiyyətlərin daha da dərinləşməsi dövrünə təsadüf edir. Həm NATO-nun Qərb üzvləri olan ABŞ və Avropa ölkələri, həm də Alyansın digər üzvləri ilə Türkiyə arasında son illərdə böhran həddinə çatmış münasibətlər müşahidə edilir. Xüsusilə, Makronun son zamanlar Rusiyaya qarşı göstərdiyi reveranslar, NATO-da Fransanın Şarl de-Qollun prezidentliyi dövründə olduğu kimi təşkilatdan qopma meyillərinin güclənməsi Avrosentrizmin yenidən baş qaldıraraq yüksəldiyini deməyə əsas verir. ABŞ və Almaniya isə ənənəvi olaraq Amerikanosentrizmi önə çəkir və Fransa Prezidenti ilə diplomatik müstəvidə qarşıdurmalar da bunu deməyə əsas verir.

Sammitdə müşahidə edilən digər məsələ isə odur ki, Alyans üzvləri artıq təşkilatın ümumi strateji maraqlarından deyil, öz milli maraqlarından çıxış edir və Türkiyə də bu situasiyada ümumi təşkilat rəhbərliyi ilə deyil, ayrı-ayrı üzvlərlə razılığa gəlməyə çalışır. Artıq anlaşılmazlıq yalnız Türkiyə ilə NATO arasında deyil, təşkilatın ayrı-ayrı üzvlərinin öz aralarında, habelə onlardan bəziləri ilə Türkiyə arasında cərəyan etməkdədir. Doğrudur, NATO və Türkiyə bir-birinə lazım olduqlarını yaxşı dərk edirlər, lakin 2013-cu ilin “Gəzi hadisələri” ilə başlayan gərginlik getdikcə artmaqdadır. Yeri gəlmişkən, ehtimal var ki, elə “Gəzi hadisələri”nə əsas səbəb Türkiyənin NATO-nun iradəsi ziddinə Çindən silah alışı ilə bağlı danışıqlar aparması olmuşdu. Hazırda isə Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması böyük gərginliklərə yol açıb. Türkiyənin əvvəllər NATO-da yalnız Yunanıstanla Kiprə görə problemləri var idisə, Suriya məsələsi, həmçinin 15 iyul çevriliş cəhdi Ankaranı NATO üzvləri ilə qarşı-qarşıya gətirib.

 

ABŞ-ın Fətullah Güləni təhvil verməməsi, Suriyada PYD/YPG-ni özünə tərəfdaş seçməsi, Almaniyanın “Fetö” üzvlərinə və PKK-çılara öz ərazisində sığınacaq verməsi Ərdoğanın revanş götürməsinə səbəb oldu. Türkiyə Bundestaq üzvlərinə İncirlikdəki alman kontingentinə baş çəkməyə icazə vermədi. Hətta ən yüksək səviyyədə olan diplomatik səylər nəticəsiz qaldığından, Almaniya öz hərbçilərini İncirlikdən İordaniyadakı bazaya təxliyə etməli oldu.

 

Türkiyənin ABŞ-a və NATO-ya meydan oxuması bununla da bitmədi. Trampın Yaxın Şərq səfərindən sonra ərəb dünyasının Qətərə qarşı birləşdiyi bir vaxtda, Ərdoğan nəinki o ölkəyə hərbi yardım göndərdi, hətta ərazisində hərbi bazasını yaratdı. Bir NATO üzvünün digərlərinin planını pozaraq başqa bir ölkədə hərbi baza yaratması NATO-nun iradəsi əleyhinə növbəti demarş oldu. Ərdoğandan əvvəlki Türkiyə liderləri arasında son dəfə bunu, “Bağdad paktı”nı imzalayaraq SSRİ-yə səfər planlaşdıran Adnan Menderes etmişdi. Ki, onun da aqibəti dar ağacından asılmaq oldu. Hazırda da Menderes və de Qollun etdiyi kimi, NATO-dan uzaqlaşaraq Rusiya ilə yaxınlaşma planını Ərdoğan və Makron həyata keçirir.

 

Ümumiyyətlə, Tramp, Ərdoğan, Makron NATO-nun aparıcı dövlətlərinin liderləri olsalar da, hazırda hər üçü Rusiya ilə qarşıdurmanın əleyhinədir və onunla yaxınlaşma siyasətinin tərəfdarıdırlar. Almaniya isə NATO-da ənənəvi olaraq Avrosentrizm tərəfdarı olmasa da, Rusiya ilə ortaq enerji layihələri, xüsusilə "Şimal axını - 2" layihəsi onları daha da yaxınlaşdırıb. Belə bir şəraitdə, gəldiyimiz nəticə ondan ibarətdir ki, NATO-nun aparıcı üzvlərinin siyasi liderləri ayrı-ayrılıqda Rusiya ilə yaxınlaşma tərəfdarı kimi çıxış edirlər.

- Fransa Prezidenti Emmanuel Makron görüş əsnasında bildirib ki, PKK-nı terror qruplaşması kimi qəbul etsələr də, YPG-ni terror qruplaşması olaraq görmürlər. Bu, Türkiyə üçün bir təhdid mexanizmi sayıla bilərmi?

 

- Təbii ki, terror təşkilatlarına ikili standartlardan yanaşma həm NATO-nun, həm də bu yanaşmanı ortaya qoyan dövlətin mövqeyinə xələl gətirir. Fransa YPG-ni nəinki terror təşkilatı kimi tanıya bilər, hətta ona hərtərəfli yardım da edə bilər. Lakin NATO-nun Şərqə doğru genişlənmə strategiyası çərçivəsində Ukrayna və Gürcüstanın üzvlüyə qəbul edilməsi bir çox məsələlərə görə Türkiyədən asılıdır. 1936-cı ildə bağlanan “Montre sazişi”nə görə, boğazlar Türkiyənin coğrafi ərazisinə daxildir. Bu səbəbdən də hansı ölkənin boğazlardan keçməsinə icazə verib-verməmək, məhz Türkiyənin səlahiyyətlərinə daxildir. Belə ki, Qara dəniz ölkələrinin ticarət, mülki gəmiləri Türkiyəni xəbərdar etməklə boğazdan keçə bilir. Qara dənizə daxil olmayan kənar ölkələrin, daha dəqiq desək, NATO-nun, Qərbin, Avropanın hərbi gəmiləri isə 15 gün öncə müraciət etməklə, müvafiq icazə almaqla Bosfor və Dardanel boğazlarını keçə bilər. Bundan başqa, gəmilərin Qara dənizdə qalma müddəti var. Onu da qeyd edək ki, buradan çoxlu sayda deyil, yalnız bir hərbi gəmi keçə bilər. Buna görə də NATO və ya ABŞ Kerç boğazındakı insident zamanı olduğu kimi Ukraynaya dəstək məqsədiylə gəmilər göndərə bilməz. Çünki bu, müharibə ehtimalını artıra bilər. Bir gəmi ilə isə müharibə etmək olmaz. Odur ki, NATO-nun "HMS Echo (H87)" gəmisini Qara dənizə göndərməsində olduğu kimi, Türkiyənin icazəsi mütləqdir və Alyansın Qara dəniz akvatoriyasına doğru genişlənməsi, məhz Türkiyədən asılı olacaq.

 

- Bütün bu proseslərin fonunda Rəcəb Tayyub Ərdoğan zirvədə iştirak edən liderlərə “NATO-nun güclü üzvü Türkiyə” adlı kitab təqdim edib. Həmin kitabda isə Türkiyənin NATO-ya verdiyi tövhələrdən söz açılır. Türkiyə Prezidentinin bu davranışı nəyə işarədir?

 

- Məlum məsələdir ki, NATO-da Türkiyəyə qarşı ittihamlar səngimək bilmir. Fransa “Sülh çeşməsi”nə görə Türkiyəni qınayır, ABŞ isə “S-400” məsələsini durmadan gündəmə gətirir və “F-35” satmayacağı ilə Türkiyəni təhdid edir. Bütün bunların fonunda Ərdoğanın təqdim etdiyi kitab həm Türkiyənin Alyans qarşısındakı xidmətlərini xatırlatmaq, həm də diplomatik protokol baxımdan etik jest və diqqət əlaməti sayıla bilər. Kitab bir neçə dildə hazırlanıb və Türkiyənin NATO-ya verdiyi töhfələrdən bəhs edir. Kitabda NATO-dan Türkiyənin gözləntiləri sırasında terrorçuluğa qarşı birgə mübarizə, Suriyada təhlükəsizlik zolağının yaradılması, ümumiyyətlə Türkiyənin təhlükəsizliyinə NATO-nun verə biləcəyi töhfələr sadalanır. Bununla Türkiyə həm də diplomatik dildə Alyansdan gözləntilərinin nələr olduğunu bəyan edərək, əməkdaşlığın davam etdirilməsi üçün lazımı şərtləri açıqlamış olur.

 

Türkiyə tərəfi sammit iştirakçılarına daha iki kitab - "Türkiyənin terrora qarşı mübarizəsi" və "Suriyada yeni həyat" kitablarını təqdim edib. Lakin Türkiyə bu ideyaları və faktları təkcə kitabda yox, qeyd etdiyimiz kimi həm də açıq dillə bildirib. NATO Qara dəniz akvatoriyasına doğru genişlənməkdə israrlıdır və burada Alyansın Şərq cinahına daxil olan ölkələrin dəstəyi vacib şərtdir. Eyni zamanda, Rusiyanın dənizlərdən hərtərəfli blokadasına nail olmaq, eyni zamanda onları Rusiyadan qorumaq üçün London sammitində Polşa və Baltik ölkələrinin birgə müdafiə planının NATO-nun 29 üzvünün hamısı tərəfindən dəstəklənməsinə ehtiyac var. Türkiyənin plana qoşulmaqdan imtina etməsi NATO-nun nəinki Qara dəniz, habelə Baltik dənizi və Şərqə genişlənməsi planlarını poza bilər. Ərdoğan sammitdən öncə bəyan etmişdi ki, Suriyada ölkəsinin maraqları NATO tərəfindən nəzərə alınmayana qədər həmin plana dəstək vermək fikrində deyil.

Müəllif: Mərahim Nəsib      8 Dekabr 2019 19:28
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin