Bu gün ölkə üzrə 650 min ağac əkiləcək

Bu gün ölkə üzrə 650 min ağac əkiləcək

Bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib

 

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə üzrə bir gündə 650 min ağac əkilir.

 

AYNA xəbər verir ki, Respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərində start verilib.

 

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edirlər.

Qeyd edək ki, bir gündə 650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, həm də karbon qazının udulmasına müsbət təsir göstərəcək.

Eyni zamanda, bu aksiya insanları nəcib təşəbbüs ətrafında birləşdirməyə yönələn, ətraf mühitin sağlamlaşdırılması istiqamətində ictimaiyyətin həmrəylik göstərməsinə verilən dəyərli töhfədir.

Müəllif: Mərahim Nəsib      6 Dekabr 2019 10:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin