Məleykə Abbaszadə yeni təklif haqda: “İmtahanlar asanlaşacaq”

Məleykə Abbaszadə yeni təklif haqda: “İmtahanlar asanlaşacaq”

DİM rəhbəri magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirib

 

“Təhsil Nazirliyinin təşəbbüsü əsasında magistraturaya qəbulla əlaqədar təhlillər aparılır və gəncləri elmlə məşğul olmağa cəlb etmək üçün prosedurların birmərhələli keçirilməsi müzakirə olunur”.

 

AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Magistraturaya qəbul imtahanlarının II mərhələsinin ləğvi təklifinə münasibət bildirən Abbaszadənin sözlərinə görə, təkliflər aidiyyəti qurumlara göndərilib.

 

“Hələlik qaydalar Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən təsdiqlənməyib. Müəyyən ixtisaslar var ki, orada ikinci mərhələ qalacaq. Bu, yazı işi tələb olunan ixtisaslara aiddir. Daha dəqiq məlumatları yalnız qaydalar tam təsdiq olunandan sonra açıqlamaq mümkündür”, - sədr vurğulayıb.

 

O, qeyd edib ki, hər il keçirilən imtahanların nəticələri aidiyyəti qurumlarla müzakirə edilir: "Əgər dəyişiklik lazım olursa, onu tətbiq edirik. Təbii ki, qaydalara dəyişikliklər vəziyyəti mürəkkəbləşdirirsə, onda bu dəyişikliklər heç olmazsa, 2 il əvvəl elan olunmalıdır. Bu dəyişikliklər qəbul prosedurunu daha da asanlaşdırırsa, o zaman dəyişiklikləri elə imtahan prosesi başlamazdan əvvəl elan etmək olar”.

 

M.Abbaszadə yeni təklifin magistr olmaq istəyən gənclərin xeyrinə olduğunu deyib: “Çünki imtahanlar asanlaşacaq. Ona görə də onlar üçün heç bir gözlənilməz sürpriz olmayacaq. Əgər yeni qaydalar təsdiq olunarsa, dəyişiklik 2020-ci ildən tətbiq olunacaq. Çünki magistraturaya sənəd qəbulu fevral və mart ayından başlanılır. Birinci mərhələdə imtahan üçün nəzərdə tutulan ödəniş məbləğini təhlil edib Tarif Şurasına təqdim edəcəyik. Yalnız onların qərarı əsasında hansısa dəyişiklik ola bilər. Hələlik belə bir təklif tərəfimizdən olmayıb”.

 

“Magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə TQDK-ya həvalə ediləndən sonra, onun birmərhələli keçirilməsi təklif edilmişdi. Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Yeni təklifləri Təhsil Nazirliyi universitetlərlə müzakirə edib. Universitetlər razıdır ki, birinci mərhələdə olan nəticələr əsasında onlar magistrları qəbul edə bilərlər”, - DİM rəhbəri əlavə edib.

Müəllif: Ayna.az      5 Dekabr 2019 12:59
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin