Tanınmışlar əlilliyi olan şəxslərlə eyni səhnəni bölüşüblər - FOTOLAR

Tanınmışlar əlilliyi olan şəxslərlə eyni səhnəni bölüşüblər  -         FOTOLAR

Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin Qala konserti olub

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə “Bərabərlik” adlı Qala konsert proqramı təqdim olunub.

 

AYNA xəbər verir ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, hökumət rəsmiləri, qeyri-hökumət qurumlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. S.Babayev əlilliyi olan istedadlı insanların iştirakı ilə keçirilən bu konsert proqramının çox maraqlı, unudulmaz bir tədbir olduğunu, bu gözəl konsert proqramının iştirakçılarına və tədbirin təşkiində əməyi olanlara öz təşəkkürün bildirib. 

 

Qeyd edək ki, muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət üzrə keçirilən Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsində 341 nəfər iştirak edib və münsiflər heyətinin qərarına əsasən onlardan 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb, 25 nəfər isə baxış-müsabiqənin qalibləri olub.

Gözdən I dərəcəli əlilliyi olan Elman Süleymanovun fortopianoda ifası ilə başlayan, əməkdar mədəniyyət işçisi Leyla Quliyevanın aparıcılıq etdiyi konsert proqramı Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslərin tanınmış incəsənət ustaları ilə eyni səhnəni bölüşərək duetlər ifa etmələri əsasında təşkil olunub.  Bəhlul Əliyevin və Elnarə Xəlilovanın, Ayşən Padarova və Pərviz Qasımovun, Mehman Çingizoğlu və Əməkdar artist Nuriyyə Hüseynovanın, Gülnar Novruzova və Sənan Əliyevin,  Qəndaf Əkbərli və İbrahim Məmmədovun, Sadiq Həsənov və Xalq artisti Gülyaz Məmmədovanın, Aysel Əlizadə və Xalq artisti Samir Cəfərovun, Gülnar Rəhimova və Elvin Abdullayevin, Fatimə Savalanova və Əməkdar artist Gülüstan Əliyevanın, Mətanət Quliyeva və Əməkdar artist Nicat Kazımovun, Seymur Əliyev və Elnur Məmmədovun, Suma Tapdıqova və Xalq artisti Gülyanaq Məmmədovanın ifasında duet formatında təqdim edilən mahnı və rəqslər, bədii yaradıcılıq numunələri  tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qala konsertinin sonunda baxış-müsabiqəsi qaliblərinə diplom və mükafatlar təqdim edilib. Baxış-müsabiqəsinin digər iştirakçılarına da həvəsləndirici təşəkkürnamə və mükafatlar verilməsi nəzərdə tutulub.

 

Tədbir bütün əlilliyi olan şəxslərin ifasında “Yaşa Azərbaycan” mahnısının ifası ilə yekunlaşıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      4 Dekabr 2019 17:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin