“Kabus” BDU-nun tələbələrindən əl çəkmir: Daha 2 qız xəstəxanaya çatdırılıb

“Kabus” BDU-nun tələbələrindən əl çəkmir: Daha 2 qız xəstəxanaya çatdırılıb

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub

 

Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsinin vəziyyəti pisləşib. Bu barədə səhər saat 08:15-də Təcili Tibbi Yardıma məlumat daxil olub.

 

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanında baş verib. Həmin ünvana gələn həkim briqadası, gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya), 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıb.

 

Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

 

Xatırladaq ki, cari il noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı zəhərlənərək vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovna isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Müəllif: Ayna.az      3 Dekabr 2019 11:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin