“Ölü” parlamentin dirildilməsi

“Ölü” parlamentin dirildilməsi

Azərbaycan dövlətçiliyi tarixində əvvəllər qarşılaşmadığımız maraqlı şərait yaranır

 

Bir dəfə Əkrəm Əylisli yeni deputat olan vaxtı, millət vəkili Cəmil Həsənli ilə iclasdan çıxıb evə gedirlərmiş. Əkrəm Əylisli heyrətlə deyir ki, “ay Cəmil, mən parlamentin zəif olduğunu bilirdim, amma bu dərəcədə yox. Bu parlament lap ölü imiş ki?”

 

Cəmil Həsənli bilmir nə təsəlli versin hara düşdüyünü indi anlayan tanınmış yazıçıya. Qayıdır ki, “elə deməyin, Əkrəm müəllim, orada sizin kimi diri adamlar var”. “Yox”, – yazıçı əlini yelləyir, – “artıq mən də ölüyəm, intəhası təzə ölüyəm”.

 

Dövlət başçısının çıxışlarında bəzi məqamlar haqqında ötən məqaləmdə qeyd etmişdim ki, bir Prezident fərmanı 100 televiziya çıxışından güclü təbliğat ola bilər. Parlamentin buraxılması haqqında qərar rəsmiləşəndən sonra “Azərbaycanda baş verən dəyişiklikləri islahat adlandırmaq olarmı?” sualı artıq aktuallığını itirəcək. Ondan sonra yalnız bu islahatların nə dərəcədə uğurlu olub-olmadığı barədə mübahisəyə yer qalacaq.

 

Sonuncu sualın cavabı isə ilk növbədə yeni seçkilərin necə keçiriləcəyindən və təzə parlamentin keyfiyyətindən asılı olacaq. Doğrudur, altıncı çağırış Milli Məclisin tərkibinin hansı parametrlər əsasında formalaşacağı barədə YAP-ın sədr müavinlərinin bəri başdan verdikləri açıqlamalar cəmiyyətdə narahatlıqlar doğurur: “yenəmi deputatlığa “təyinatlar” olacaq, sadəcə, parametrlər dəyişəcək?”

 

Amma hakim partiyanın ikinci şəxsi, onun icra katibi Əli Əhmədovun yayda “Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur” deməsi, payızda isə “Milli Məclisin buraxılması üçün Prezidentə müraciət olunması” barədə öz deputatlarına qərara bərabər “tövsiyə” ünvanlaması göstərir ki, yazda da nəyin-necə baş verəcəyi heç YAP-ın özünə bəlli deyil.

 

Azərbaycan dövlətçiliyi tarixində əvvəllər qarşılaşmadığımız maraqlı şərait yaranır. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi zərurəti ilə biz bütün dəyişən hakimiyyətlər dövründə rastlaşmışıq və heç vaxt belə bir qətiyyətli addımın şahidi olmamışıq. İndiki halda isə təkcə “gələcək parlament necə olacaq?” sualının deyil, bütövlükdə “əslində ölkədə dəyişən nədir?” sualının da cavabı hələlik açıq qalır…

Müəllif: Arif Əliyev      2 Dekabr 2019 22:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin