"Əli Həsənov ona görə getdi ki..."

"Əli Həsənov ona görə getdi ki..."

"Hər kəsə bəlli olan budur ki, mətbuatın indiki vəziyyəti nə hakimiyyəti, nə də cəmiyyəti qane edir”

 

Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov tutduğu vəzifədən azad edildi. Həmçinin Prezident Administrasiyasında aparılan struktur dəyişikliyi nəticəsində İctimai-siyasi şöbə, ümumiyyətlə ləğv olundu.

 

Bu dəyişikliklərdən sonra hökumətin media ilə bağlı siyasətinə hansı qurumun, daha doğrusu, kimin nəzarət edəcəyi ictimaiyyətdə hələ ki, müəmmalı qalıb. Bununla yanaşı, məlum şöbənin ardınca Mətbuat Şurası (MŞ), o cümlədən Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (FİVDF) ilə bağlı da müxtəlif fikirlər var. Habelə, yaradılması barədə sərəncamın hələ də icra olunmadığı Media Ombudsmanının formalaşdırılması ideyası gündəmə gəlib.

 

Səsləndirilən təkliflərə AYNA tutmaq məqsədilə, tanınmış media eksperti, professor Qulu Məhərrəmli və "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə həmsöhbət olduq.

 

Qulu Məhərrəmli əvvəlcə Əli Həsənovun tutduğu vəzifədən uzaqlaşdırılmasına münasibət bildirib: “Ölkədə mətbuat sistemini, ümumiyyətlə dəyişmək vacib idi və bu məsələlərə məsul olan şəxsin vəzifədən çıxarılması da onu göstərirdi ki, media siyasəti ölkə rəhbərliyini qane etmir”.

Related image

Professor bundan sonra yüz faizlik hansısa fundamental dəyişikliklərin olacağını güman etmir: “Mətbuat müəyyən olunmuş qaydalarda fəaliyyət göstərməli, öz vəzifəsini yerinə yetirməlidir. Məsələn, azad fəaliyyət göstərmək, obyektiv, dürüst yazmaq, manipulyasiya, yalanla, bayağı təbliğatla məşğul olmamaq. Media cəmiyyəti doğru-düzgün məlumatlandırmalıdır ki, vətəndaş da, hakimiyyət də, sıravi insanlar da özləri üçün o informasiyadan müəyyən nəticələr çıxarsınlar, qərarlar qəbul edə bilsinlər".

 

"Amma indiyə qədər olan informasiyalar, əsasən xaotik, qarışıq, yalanla yoğrulmuş məlumatlardır. Bir qədər də yalanı şişirtmək, olmayanlar haqqında yazmaq və sairdən ibarət idi. İndi bundan sonra siyasətin necə olacağını Azərbaycan reallığı müəyyənləşdirəcək, məqsəd və niyyət müəyyən edəcək”, - ekspert vurğulayıb.

 

Q.Məhərrəmli KİVDF və MŞ-nin ləğv edilməsi ilə bağlı təkliflərə isə belə reaksiya verib: “Əlbəttə, bir sistemi dəyişirsənsə, onun çürümüş, marginallaşmış qurumlarını saxlamağın heç bir əhəmiyyəti yoxdur. Hesab edirəm ki, ola bilsin, KİVDF-nin fəaliyyəti yenilənsin, çünki onun məqsədi mətbuata pul paylamaq deyil, mətbuatın konseptual, strateji məsələlərini həll etməkdir. Mətbuat Şurası isə dövlət qurumu deyil, cəmiyyətlə hakimiyyət arasında bir növ körpü rolunu oynamalı olan qurumdur. Amma marginallaşıb, demək olar ki, fəaliyyəti məhdud maraqlara xidmət edir".

 

"Düşünürəm ki, media siyasəti ilə bağlı strateji xətt müəyyənləşməlidir. Ondan sonra isə detallar barədə dəqiq danışa bilərik. Amma hər kəsə bəlli olan budur ki, mətbuatın indiki vəziyyəti nə hakimiyyəti, nə də cəmiyyəti qane edir”, - professor əlavə edib.

 

Media Ombudsmanının yaradılması ilə bağlı təkliflərə gəlincə, Məhərrəmli burada bir məqama diqqət çəkib: “Bəziləri yanlış olaraq Media Ombudsmanını Mətbuat Şurasına alternativ kimi görürlər. Hətta Mətbuat Şurasının özü müəyyən mənada bu funksiyanı yerinə yetirə bilər. Ombudsmanın yaradılması məsələsi gündəmə gətirilsə də, sonradan yaradılmadı. Əgər bizdə normal media olacaqsa, o media oliqarxların əlində vasitə yox, cəmiyyətin istək və arzularını ifadə edəcəksə, Media Ombudsmanına ehtiyac olacaq. Yox, əgər media indiki vəziyyətində, şikəst və zəlil qalacaqsa, onda heç bir ombudsmana ehtiyac qalmayacaq”.

 

“Media Ombusdmanının əsas vəzifəsi ondan ibarət olacaq ki, o, müəyyən dövlət qurumlarından jurnalistlərin məlumat almasına, informasiya mənbələrinə çıxışına yardımçı olsun. Yəni hər bir dövlət qurumu bilsin ki, jurnalistlərin suallarına cavab vermək lazımdır. İndiki halda isə bunu heç kim tələb edə bilmir, kimsə ayağını dirəyib araşdırma aparmır. Ona görə də hər şey işlərin gedişindən asılı olacaq. Biz arzulayırıq ki, mühit dəyişsin, media siyasəti dəyişsin, reallıq medianın fəlsəfəsinə uyğun olsun. Qəzetlər, saytlar əldə oyuncaq, bir-birinə qarşı mübarizə vasitəsi olmasın. Doğru-düzgün funksiyasını yerinə yetirsin”, - deyə Q.Məhərrəmli vurğulayıb.

Image result for Mehman əliyev

Mehman Əliyev isə Q.Məhərrəmlidən fərqli olaraq Media Ombudsmanının yaradılmasını mütləq hesab edir: “2017-ci ilin mart ayında təklif vermişdim ki, informasiya siyasətini normal vəziyyətə gətirmək üçün Prezidentin yanında Media Ombudsmanı institutu yaradılmalıdır. Əslində, keyfiyyətli, məsuliyyətli və azad medianın Azərbaycanda bərqərar olmasından söhbət gedirdi. İkinci vacib məsələ Azərbaycan informasiya vasitələrində təhqir, böhtan, söyüş problemini aradan götürmək idi. Çünki hazırda bu problem daha geniş vüsət alıb, əslində, biz hamımız çalışmalıyıq ki, bu prosesin qabağını alaq, münasibətləri sağlamlaşdıraq”.

 

“Ona görə də təklif var idi ki, Mətbuat Şurası öz işi ilə məşğul olmalıdır. Əslində Əli Həsənov Mətbuat Şurasının əsl fəaliyyətindən uzaqlaşdırmışdı, özünə tərəf çəkmişdi. Həmçinin dövlət başçısının, ölkənin, dövlətin piarı ilə xüsusi bölmə məşğul olmalıdır. Üçüncü bölmə isə bütövlükdə informasiya siyasətini normallaşdırmalıdır ki, bu da Media Ombudsmanıdır. Məncə, bu struktur olsa, münasibətləri formalaşdırmaq daha səmərəli və düzgün olardı”, - M.Əliyev deyib.

 

Agentlik rəhbərinin fikrincə, ictimai təşkilatlarla bağlı isə ayrıca bir qurum işləməlidir: “Hazırda Prezident yanında yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, demək olar ki, o siyasəti həyata keçirir. Bu Şuranın səlahiyyətlərini genişləndirmək olar və ya Şuranı ancaq qrantverici təşkilata çevirib, vətəndaş sektoru ilə bağlı siyasəti ayrıca bir bölmə kimi formalaşdırmaq da mümkündür”.

 

M.Əliyev Ə.Həsənovun tutduğu postdan uzaqlaşdırılmasına da münasibət bildirib: “Əlbəttə ki, fərdlərin prosesə təsiri danılmazdır, biz inkar edə bilmərik ki, Əli Həsənovun mediaya çox böyük mənfi təsirləri olub. O, demək olar, hamını çaşdırıb, inandırıb ki, bu, yeganə və düzgün yoldur. Hansı ki, bu yola qarşı biz 20 ildən çoxdur mübarizə aparmışıq, heç vaxt bu siyasətlə razılaşmamışıq, polemika aparmışıq, mövqe bildirmişik. Gec-tez məsələ bununla da bitməliydi. Əli Həsənov ona görə getdi ki, uzun illər apardığı siyasət informasiya siyasətini iflasa uğratdı. Bundan nə dövlət uddu, nə cəmiyyət, nə millət. Cəmiyyət olaraq, media olaraq, dövlət olaraq informasiya siyasəti sayəsində çox geriyə atıldıq. Ona görə də bu gün, demək olar ki, bizim çap media institumuz yoxdur, telekanallarımıza çox az adam baxır, internet saytları bərbad gündədir”.

 

“Əli Həsənovun yürütdüyü siyasət bütövlükdə çox ciddi problemə - milli təhlükəsizlik probleminə çevrilib. Azərbayacan qarşı informasiya savaşında ən çox fəallıq edən Ermənistandır, həmin informasiya vasitələri Ermənistanda yox, Rusiyada kifayət qədər aktiv fəaliyyət göstərir. Bu, real vəziyyətdir ki, Azərbaycan tərəfi bu məsələdə xeyli uduzur, bu məsələdə nailiyyət əldə etməkdənsə, geriyə düşmüşük. Halbuki, vaxt var idi, kifayət qədər uğurlu gedişlər edə bilmişdik”, - deyə müsahibimiz vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      3 Dekabr 2019 13:00
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin