Milli Məclis gözlənilən qərarı qəbul etdi

Milli Məclis gözlənilən qərarı qəbul etdi

Azərbaycan Parlamenti dövlət başçısına müraciət qəbul edib

 

Parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirə edilib.

 

AYNA xəbər verir ki, spiker Oqtay Əsədov qərarın zərurətlərindən danışıb: “Azərbaycanda Nazirlər Kabineti, idarəretmə orqanları, dövlət həyatının bütün sahələrində həyata keçirilən kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zəruri etmişdi”.

 

“Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası noyabrın 28-də Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi haqqında müraciət edərək iclas çağrılmasını xahiş edib. Biz bu gün həmin məsələni müzakirə etmək üçün yığışmışıq. Milli Məclisin qanunvericiliyə uyğun olaraq məsələni müzakirə edərək qərar qəbul etmək səlahiyyətləri var. Bu baxımdan da bugünkü iclasın gündəliyinə bir məsələ daxil edilib ki, bu da Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsidir”, - Əsədov bildirib.

 

Daha sonra YAP icra katibinin müavini Siyavuş Novruzov deputatlara müraciət edib. O, müstəqil və siyasi partiyalardan olan deputatları YAP üzvlərinin parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Milli Məclisə müraciətinə dəstək verməyə çağırıb.

 

Bunun ardınca Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələni hüquqi baxımdan şərh edib: “2016-cı ildə keçirilən referendum və bu zaman konstitusiyaya edilən əlavə və dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur. Konstitusiyanın 98-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur”.

 

“2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirilib. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını məhkəmə, hakimiyyətini əhatə etmiş oldu”, - deputat bildirib.

 

Hüseynlinin sözlərinə görə, bir sıra ekspertlərin və opponentlərin Milli Məclisin buraxılmasının, Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yanlış yanaşmadır: “Çünki bu məsələ Konstitusiyasının 98-ci maddəsində qeyd olunub. Milli Məclisin buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim konstitusiyamıza və hüquq sisteminə uyğundur”.

 

Spiker isə diqqətə çatdırıb ki, Milli Məclisdə hakim partiyanın Parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb: “Heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, Milli Məclis sədrinin müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir”.

 

Milli Məclisin plenar iclasında parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi də oxunub.Layihəni MM sədrinin müavini Bahar Muradova deputatların diqqətinə çatdırıb.

 

"Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə" qərar layihəsi səsverməyə çıxarılıb və 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər qərar layihəsinin əleyhinə səs verib. Bir deputat isə səsvermədə iştirak etməyib.

 

Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər.

Müəllif: Ayna.az      2 Dekabr 2019 14:08
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin