“Vətənimə qovuşdum, cəsədimə can gəldi”

“Vətənimə qovuşdum, cəsədimə can gəldi”

Və ya ürəyiqubarlıların gözlərindəki ümidi görmək nə xoş hissdir...

 

Xəbər verdiyimiz kimi, noybarın 23-də Axıska türklərinin sürgün olunmasının 75 illiyi münasibətilə, Türkiyənin Azərbaycandakı səfirliyi, həmçinin Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə, bir qrup jurnalist Saatlı rayonuna səfər etdi. Qonaqlar Saatlı rayonundakı Axıska türklərinin məskunlaşdığı Qazanbatan və Şirinbəyli kəndlərində oldular. Heyətin arasında olan AYNA əməkdaşı müşahidələrini qələmə alıb.

Axıska türklərinin sürgün olunmasının 75-ci ildönümü olduğu üçün, Qazanbatan kəndinin girişində sürgünü simvolizə edən 75 ədəd ağac əkildi. Daha sonra jurnalistlər, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və TÜİB sədri Hüseyn Böyükfırat Axıska türklərinin ən yaşlı nümayəndələrindən olan, 98 yaşlı Ənsər Rizmanovu ziyarət etdilər.

“Mərhum Prezident Heydər Əliyev bizə çox qayğı göstərirdi. İndiki Prezident İlham Əliyevdən də çox razıyıq. Azərbaycana və Türkiyəyə bizə göstərdiyi diqqət və qayğıya görə çox təşəkkür edirik. Azərbaycan və Türkiyə hər zaman bizim yanımızda olub. Bizə ilk yardım edən isə türkiyəli iş adamı Hüseyn Böyükfırat olub. Bütün Axıska türkləri ondan çox razıdır. Cənab səfir və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun da bizə diqqətini unuda bilmərik”, - Ə.Rizmanov görüşdə bildirdi.

 

Tarix boyu etnik yaşayış yerləri Gürcüstanın Mesxetiya (Məhsəti) bölgəsi olan axıskalılar, 1944-ci ildə Stalin repressiyasının qurbanı olub və kütləvi şəkildə öz doğma yurdlarından deportasiya ediliblər. Axıskalılar Stalinin ölümünə qədər Orta Asiyada sürgün həyatına məhkum olublar. Stalininin ölümündən sonra azadlığa çıxsalar da, doğma yurdlarına qayıda bilməyiblər.

TÜİB sərdi Hüseyn Böyükfırat Axıska türklərini ilk dəfə ziyarət etməsinin təəssüratını bölüşdü: “Axıska türkləri zaman-zaman çox böyük əzablar çəkiblər. Böyük itkilər verən axıskalılar bir-birlərindən uzaqlaşıb və illərlə görüşə bilməyiblər. Biz 1994-cü ildə onları ilk dəfə ziyarət etməyə gələndə kəndin yaşlı nümayəndələri bizi ağlayaraq qarşılamışdılar. Bizi ətrafdakı insanlara göstərərək “Biz sizə demirdikmi ki, gələcəklər? Baxın, nəhayət, gəldilər”, - deyərək göz yaşları tökürdülər. Çünki onların gözləri ömür boyu yol çəkib. Onlar ona görə sevinirdilər ki, onları ziyarət edən təkcə biz deyildik, onları ziyarət edən həm də onların vətəni idi, həsrətləri idi, ayrı düşdükləri ailələri idi”.

 

Axıska türklərinin Azərbaycandakı “Vətən” cəmiyyətinin sədri İsmayıl Rəhimov da soydaşlarının yaşadıqları məşəqqətlərdən danışdı: “Axıska sürgünündən 75 il keçir və hər il bu vaxtı onların dərdləri yenidən təzələnir. Hər bir axıskalı həsrətlə öz doğmalarını xatırlayır, yaşadığı əzabları, keçdikləri məşəqqətli yolları yada salır”.

Səfir Erkan Özoral isə axıskalıların çətinliklərinə biganə qalmadıqlarını vurğuladı: “Ta SSRİ zamanından Azərbaycan Axıska türklərinin məskunlaşdığı əhəmiyyətli bölgələrdən biri olub. Əbəs yerə deyil ki, bu gün də burada minlərlə Axıska türkü yaşayır. Buna baxmayaraq onlar hələ də öz yurdlarına qayıtmağı arzulayırlar”.

 

Qazanbatan səfəri bitdikdən sonra, Vəhbi İbrahimov adlı türk əsgərinin məzarını ziyarət etmək üçün rayonun Şirinbəyli kəndinə yol aldıq. Vəhbi İbrahimov SSRİ dönəmində bir qrup kəşfiyyatçı ilə Türkiyə Cümhuriyyəti tərəfindən Axıska türklərinin vəziyyətini araşdırmaq üçün SSRİ-yə göndərilir. Lakin naməlum səbəblərdən SSRİ tərəfindən ələ keçirilir və uzun illər məhbus həyatı yaşayır. İllər sonra azadlığa çıxsa da, yenidən sürgünə göndərilir. Sürgün həyatı bitdikdən sonra Vəhbi İbrahimov Axıska türklərinin yaşadığı Qazanbatan kəndinə gəlir. Türkiyəyə qayıtmaq istəsə də, ömrü buna yetmir.

Vəhbi İbrahimovla eyni dövrdə yaşamış kənd ağsaqqalları mərhum türk əsgərinin çəkdiyi əzablardan danışdılar: “Vəhbi İbrahimovu Türkiyə Cümhuriyyəti Axıska türklərinin yaşayış tərzini araşdırmaq üçün bir qrup şəxslə Sovet İttifaqına kəşfiyyata göndərir. Lakin o, SSRİ tərəfindən ələ keçir və uzun illər Türkiyəyə qayıda bilmir. Sovet rejimi tərəfindən uzun illər işgəncələrə məruz qalır. Biz o zaman uşaq idik. O, dişlərinin işgəncə ilə çəkilməsindən, günlərlə ac-susuz qalmasından, döyülməsindən əzab çəkə-çəkə danışırdı. Lakin o, dünyasını dəyişdikdən sonra, Mirzə Dadaşov başda olmaqla kənd sakinləri onun xatirəsini əbədiləşdirmək üçün abidə ucaltdılar. O, çox yaxşı insan idi”. 

 

Bütün səfərimiz müddətində axıskalıların üzlərində minnətdarlıq ifadəsi vardı. Hiss olunurdu ki, onlar yalnız qalmadıqlarını, Türkiyə və Azərbaycanın hər zaman onların yanında olduğunu yaxşı başa düşürlər.