Yaxın dövr üçün 2 ssenari

Yaxın dövr üçün 2 ssenari

Biz son 20 ildə bir dəfə yolayrıcında olmuşuq - 2003-cü ili nəzərdə tuturam

 

Cəmiyyət böyük neft pulları gələnə qədər nəyin bahasına olursa-olsun, Azərbaycanda uzunömürlü və oliqarxik siyasi sistemin qurulmasına imkan verilməməli idi, amma verdi. Səbəblər girməyəcəm, sadəcə nəticəni xatırladıram. 

 

Biz yeni bir yol ayrıcına gəlib çıxmışıq. Yaxın dövr üçün 2 ssenari var: Ya hakmiyyətin rəqibi olan, aparıcı və cəmiyyətdə dayağa, nüfuza malik bütün siyasi qüvvələr bir araya gəlir, parlamentdə ciddi təmsilçilik qazanır, siyasi hakimiyyəti bu reallıqla barışmağa məcbur edir. Ortamüddətli dövrdə demokratik transformasiya və siyasi hakimiyyətin dəyişimi baş verir. Bu, cəmiyyətin uduşlu çıxacağı variantdır. 

 

Ya da hakimiyyət son 26 ildə olduğu kimi, nəhəng administrativ resurslar hesabına özünə tam sərfəli olan dəyişikliyi başa çatdırır.  Həm icra hakimiyyəti sistemində, həm də parlamentdə 26 illik ağır, tərpənməz və yaşlı sütunları daha gənc, bilgili və cəmiyyətə açıq kadrlarla əvəzləyir. Bu,  cəmiyyətin uduşsuz çıxdığı variantdır. Çünki nəticə etibarı ilə siyasi hakimiyyət yenə də tək əldə qalır, yüksək siyasi mərkəziyyət qorunur. Administrativ və maliyyə resurslarının müəyyən hissəsinin hakimiyyətdənkənar qüvvələr arasında paylanması baş vermir. 

 

Əgər 2-ci variant olacaqsa, siyasi müxalifətin ayaqda qalması üçün bircə yol qalacaq: onlar onsuz da maliyyə və administrativ resurslara görə hakimiyyətlə rəqabət aparası vəziyyətdə deyillər.

 

Yeganə yol son dərəcə peşəkar, parlaq və texnokrat kadrları, nüfuzlu siyasi fiqurları özlərinin ətrafında cəmləməklə növbəti bir yolayrıcına  daha güclü gedə bilməkdir. Amma bunun üçün əsas şərt müxalifətin daxilən demokratikləşməsi, tənqidə dözümsüzlüyü, qapalılığı tarixin arxivinə atmasıdır. Müxalifəti düşdüyü qeyri-bərabər vəziyyətdən yalnız həmin kadrlar çıxara biləcək.

 

Həyati bir nümunə deyim: güləşçi və boksçu dalaşırsa, hər kəs özünün üstün olduğu fəndlərdən yararlanacaq. Əgər bunu təmin etmək mümkün olmasa, hakimiyyətin tam 26 ildir arzuladığı reallaşacaq - siyasi səhnədə onun arzulamadığı qüvvələrin son dayaqları da yoxa çıxacaq...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      1 Dekabr 2019 00:15
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin