“Hazırda millət vəkilləri ayrı-ayrılıqda istefa ərizələri yazırlar”

“Hazırda millət vəkilləri ayrı-ayrılıqda istefa ərizələri yazırlar”

Hüquqşünas: “Deputatların vəzifədən getmələri sadə prosedur deyil”

 

“Qanunvericiliyə görə, Milli Məclis üzvlərinin qrup halında istefası mümkün deyil. Bəs bu istefa proseduru necə aparılmalıdır? Bunun da hüquqi mexanizmi var”.

 

Bu barədə AYNA-ya hüquqşünas Nicat Gözəlov şərh verib. O, millət vəkillərinin vəzifələrindən getməsinin sadə prosedur olmadığını deyib: “Millət vəkillərinin istefası Konstitusiya, Parlamentin daxili Nizamnaməsi və seçki qanun vericiliyi ilə tənzimlənir. Yayılan məlumatlardakı kimi deputatlar birgə istefalarını tələb edə bilməzlər”.

N.Gözəlovun sözlərinə görə, hazırda deputatlar ayrılıqda oturub tək-tək ərizə yazırlar.

"Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından özü imtina etdikdə, iclasın stenoqramına daxil edilir, stenoqram və ya ondan çıxarış Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun olaraq Milli Məclisin sədrinin müraciətindən 2 gündən gec olmayaraq baxaraq deputatın deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edir" - hüquqşünas qeyd edib.

 

N.Gözəlov bildirib ki, Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər: "Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır. Qərar qanuni qüvvəsini aldıqda deputat öz mandatından məhrum olur. Ancaq bundan sonra, 2016-cı il Konstitusiyaya Referendumla edilən son əlavə və dəyişikliklərə görə,  (98-1 maddə) Parlament hər hansı səbəbdən 95 və 96-cı maddədə, habelə, 97-ci maddənin müəyyən bəndlərindəki funksiyasını icra edə bilməyəcək və Prezident Milli Məclisi Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədiyindən buraxa biləcək".

 

Xatırladaq ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılmasına qərar verib. Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Müəllif: Raminə Eyvazqızı      29 Noyabr 2019 20:03
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin