Təm fərqli Milli Məclis formalaşacaq

Təm fərqli Milli Məclis formalaşacaq

Həqiqətən insanlarla işləyən və onlara hesabat verən millət vəkillərimiz olacaq

 

Bu həftənin cümə axşamını Azərbaycanın yeni tarixində daha bir əlamətdar gün adlandırmaq olar. Bildiyiniz kimi, hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclasında Milli Məclisin (MM) buraxılması barədə qərar qəbul olundu.

 

MM-in hazırkı tərkibinə qarşı olan münasibətini anlamaq üçün sosial şəbəkələri və Parlamentin buraxılmasına dair göstərilən reaksiyaları izləmək kifayətdir. Mənə gəlincə, Respublika vətəndaşları sonuncu dəfə Azərbaycanın beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin qalibi olduğu zaman hamılıqla və fırtınalı bir şəkildə öz sevinclərini ifadə etmişdilər. Bu da təəccüblü deyil. Çünki MM-in hazırkı tərkibində həddən artıq çox xoşagəlməz və çirkin şəxslər var.

Həmin Məclisdə Kiçik Piter Breygelin "Yaltaqlar" rəsmini xatırladanlar da az deyil. Nəhayət, “mənəvi cəhətdən qocalmış” adlandırılanlar da var. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlara dair yazı da yazdılar.

 

Ən maraqlısı da onların yenə də əhəmiyyəti, zəruriliyi və müasirliyi göstərməyə çalışmalarıdır. Bu, sanki təqaüd yaşlı birinin gənc bir qadına pərəstişkarlıq etməsi kimi görünür. Burada adamın həmin babaya yazığı gəlir, lakin özünü gülüş obyektinə çevirən də elə babanın özüdür.

 

Bəli, MM-in hazırkı tərkibində və seçicilərinin, geniş ictimaiyyətin hörmətinə sahib olan, layiqincə çalışan və layiqli millət vəkilləri də yox deyil. Əminəm ki, həmin millət vəkilləri asanlıqla MM-ə yenidən seçiləcəklər. Ancaq inanıram ki, Araz Əlizadə, Hadi Rəcəbli, Əflatun Amaşov, Sabir Hacıyev kimi şəxslər üçün Məclisdə yer olmayacaq. Sonuncusu bir millət vəkilinin necə olmalı olduğunu göstərən əsl nümunədir. Bu insan, sadəcə MM-də şalvarını təmizləyən bir adamdır, heç kim onun bir dənə də parlaq çıxışını və bəyanatını xatırlamır.

 

Qüdrət Həsənquliyev, Fəzail Ağamalı kimi yalançı müxalifətçilərin, həmçinin kvota ilə və ya bəzi güclü insanların himayəsi altında olanların yeni çağırış Parlamentinə girməsi ehtimalı azdır. Əminəm ki, yeni çağırış Parlamentində hakim Yeni Azərbaycan Partiyasından olan deputatların da sayı xeyli azalacaq. Eyni zamanda, fikrimcə, MM-də daha çox müstəqil namizəd kimi yeni insanlar olacaq.

 

Hesab edirəm ki, qanunverici orqan 70-80 faiz yenilənəcək və bu, çox əla olacaq! Bir az gecikməsinə baxmyaraq, çox gözəl olacaq. Əminəm ki, indi 2005-ci ildə planlaşdırılan hər şeyin həyata keçirilməsini müşahidə edirik. Çox yaxşı xatırlayıram ki, yeni bir Azərbaycan siyasətçisinin bir çox nümayəndəsi həmin parlament seçkilərində müstəqil namizədlər və ya yeni şəxslər kimi irəli çıxmışdılar. Ancaq sonda onlara qarşı süni əngəllər yaratdılar. Bu dəfə əminəm ki, belə hallar olmayacaq.

Azərbaycan yeni bir MM əldə edəcək, orada daha çox iqtisadçı, hüquqşünas və bir neçə dildə danışan insanlar olacaq. Həm də əminəm ki, həqiqətən insanlarla işləyəcək və onlara hesabat verəcək millət vəkilləri qazanacağıq. Bəli, MM-in hazırkı tərkibində həqiqi xalqın qulluqçusu olduğunu söyləyə bilən deputatlar var, lakin onların sayı çox azdır. İndi çoxluq belə olacaq və müzakirə üçün əsl məkana çevriləcək Milli Məclis. Ən vacib də odur ki, qanun layihələri ilə bağlı real müzakirələr aparılacaq.

 

Növbədənkənar parlament seçkilərinin vaxtı hələ bəlli deyil. Amma fikrimcə, bunu ən qısa müddətdə keçirmək lazımdır ki, Prezidentin həyata keçirdiyi islahatların tempi qorunsun. Beləliklə, yeni bir Azərbaycan yaratmaq üçün qərarı tez bir zamanda verməliyik. MM-in buraxılması da onlar üçün səslənən bir siqnaldır.

 

MM-in yeni tərkibində radikal müxalifət olacaqmı? ReAL hərəkatının lideri İlqar Məmmədov rəhbərlik etdiyi qurumun erkən parlament seçkilərində iştirak edəcəyini açıqladı. Mən MM-in yeni tərkibində bəzi ReAL-çıları görmək istərdim. Məsələn, Erkin Qədirli və Natiq Cəfərli. Yeni Parlament onların mövcudluğundan bəhrələnəcək.

 

Lakin müxalif Demokratik Qüvvələrin Milli Şurasının hələ erkən Parlament seçkilərində iştirakla bağlı qərarı yoxdur. Mənim fikrimcə, xüsusilə radikal müxalifət sıralarındakı son qalmaqallar fonunda Əli İnsanovun və ya Arif Hacılının tərəfdarlarının MM-in yeni tərkibinə daxil olma şansları yoxdur.

 

Bu yaxınlarda yeni partiya yaratdığını elan edən sabiq səhiyyə naziri Əli İnsanovun özü də, ətrafına yığdığı şəxslər də hədsiz ikrah doğuran insanlardır. Əlbəttə ki, İnsanov və ətrafı Qərbi Azərbaycandan gələnlərin və dünən hakimiyyətdə olan, indi isə İlham Əliyevin islahatları fonunda hakimiyyətdən gedənlərin dəstəyinə arxalana və cəhd edə bilər. Ancaq bir şeyə ümid etməklə istədiyini əldə etmək arasında böyük fərq mövcuddur. Zaman yetişdi, Azərbaycan sürətlə dəyişir, müasirləşir, demokratikləşir, inkişaf edir...

Müəllif: Əkbər Həsənov      29 Noyabr 2019 16:04
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin