Oqtay Əsədov: “Parlamentin buraxılması məsələsi bütün deputatlara aiddir”

Oqtay Əsədov: “Parlamentin buraxılması məsələsi bütün deputatlara aiddir”

Spiker: “Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər”

 

Milli Məclisin buraxılması məsələsi dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq. AYNA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

 

“Dekabrın 2-də qanunverici orqanın iclası keçiriləcək. İclasın gündəliyində bir məsələ var. Bu da YAP-ı təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətinin müzakirəsidir”, - spiker bildirib.

 

“Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar mənə müraciət ediblər. Onlar 5-ci çağırış Milli Məclisin buraxılması ilə bağlı növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezident İlham Əliyevə müraciət edilməsi haqqında məsələnin müzakirəyə çıxarımasını istəyiblər”, - o vurğulayıb.

 

Oqtay Əsədov bu məsələyə dəstək verdiyini deyib: “Dekabrın 2-də gündəlikdə bir məsələ olacaq və bununla bağlı plenar iclas keçiriləcək. Qanunverici orqanın buraxılması barədə məsələ bütün deputatlara aiddir. Bu, hər kəsə aiddir, həm siyasi partiyaların üzvlərinə, həm də bitərəf olanlara”.

 

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

Müəllif: Ayna.az      29 Noyabr 2019 13:52
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin