Azərbaycanın yeni Ombudsmanı məlum oldu

Azərbaycanın yeni Ombudsmanı məlum oldu

İclasda iştirak edən deputatlardan 104 nəfəri Səbinə Əliyevanın Ombudsman olmasının lehinə səs verib

 

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub. AYNA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.

 

Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.

Ardınca Ombudsmanın andiçmə mərasimi keçirilib. S. Əliyeva andiçmə mərasimi zamanı ölkə başçısına minnətdarlığını bildirib. O, parlament üzvlərinə də onu Ombudsman seçdiklərinə görə təşəkkürünü çatıdırıb: “Sizi əmin etmək istərdim ki, ölkəmizdə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Azərbaycan Prezidenti cənab İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün səylərimi əsirgəməyəcəm. Vətəndaşların, əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan insanların bütün azadlıqlarının səmərəli qaydada təmin edilməsi İnsan Hüquqları üzrə Müvəkkilin işinin prioritet istiqaməti olacaq”.

 

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində hüquqları pozulmuş vətəndaşlarımızın müdafiəsi, işğal nəticəsində tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması bu işin mühüm tərkib hissələrindəndir”, - o bildirib.

 

Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

 

Qeyd edək ki, S.Əliyeva YAP-çı deputat Siyavuş Novruzovun həyat yoldaşıdır.

 

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Müəllif: Ayna.az      29 Noyabr 2019 13:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin