Millət vəkili parlamentin buraxılmasından danışdı: "Yəqin, Prezident görüb ki..."

Millət vəkili parlamentin buraxılmasından danışdı: "Yəqin, Prezident görüb ki..."

Aqil Abbas: "Desələr ki, “namizdəliyini ver”, verəcəm, yox əgər "artıq yorulmusan, geri çəkil” deyilsə, namizədliyimi verməyəcəyəm"

 

YAP-ın Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. Millət vəkili Aqil Abbas AYNA-ya müsahibəsində parlamentin buraxılması ilə bağlı sualları cavablandırıb.

 

- Aqil bəy, YAP-ın Siyasi Şurası Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib. Maraqlıdır, nə baş verir?

 

- Xəbərim yoxdur, elə mən də 10 dəqiqə bundan qabaq xəbər tutmuşam ki, YAP belə bir qərar qəbul edib. YAP-ın hüququdur, çünki parlamentdə YAP-dan 70-ə qədər deputat var. Çoxluq onların olduğuna görə belə bir qərar qəbul etmək ixtiyarları var.

 

- Belə bir qərara getməkdə səbəb nəydi?

 

- Niyə belə bir qərara gəldiklərini deyə bilmərəm. Yəqin ki, bu barədə ətraflı açıqlama veriləcək.

- Bu qərar parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.  Sizcə, həqiqətən də parlament geri qalırdı?

 

- Bu da onların fikridir. Yəqin ki, parlament islahatlarla uzlaşmırmış.

 

- Qeyri-YAP-çı deputat olaraq bu qərara münasibətiniz maraqlıdır.

 

- Müraciət olduğu halda möhtərəm Prezidentin parlamenti buraxmaq səlahiyyəti var. Bu barədə mən heç nə deyə bilmərəm.

 

- Sizcə, kimlər parlamentdən gedəcək, həmçinin parlamentdə gəncləşmə baş verəcəkmi?

 

- Bunu kim deyə bilər ki? Bu, seçkidir, YAP hansı nümayəndələrinin namizədliyini verəcək, həmçinin başqa kimlər seçkiyə gedəcək, bu barədə indidən fikir bildirməyim mümkün deyil.

 

- Siz özünüz necə, növbəti parlament seçkilərinə gedəcəksiniz?

 

- Mən iki dəfə deputat seçilmişəm. Hər dəfə də seçilməmişdən öncə gedib seçicilərlə görüşmüşəm, soruşmuşam ki, məndən razısınızsa, namizədliyimi verim, razı deyilsinizsə, çıxım evimə gedim. Çünki onlar mənə səs verəcəklər. Onlar da deyiblər ki, “razıyıq” və mən namizədliyimi vermişəm. İndi yenə də seçicilərin yanına gedəcəm, desələr ki, “namizdəliyini ver”, verəcəm. Yox əgər desələr ki, “müəllim, daha sən yorulmusan, namizdəliyini vermə, başqa adam versin”, mən də hörmətlə yanaşacağam seçicilərimin qərarına, namizədliyimi verməyəcəyəm.

 

- Bildiyiniz kimi, ictimaiyyət tərəfindən bəzi deputatların parlamentdən getməsi təklif olunurdu. Sizcə, sözügedən qərarın verilməsi ictimai rəyin nəzərə alınması ilə bağlı ola bilərmi?

 

- Təbii ki, möhtərəm Prezident çıxışlarında da mətbuatı izlədiyini bildirir, qeyd edir ki, mətbuat ona böyük kömək edir. Yəqin ki, deputatlara aid həm mətbuatda, həm də sosial şəbəkədə yazılanlarla bağlı möhtərəm Prezidentin öz fikirləri var. Ola bilər ki, indi də baxıb, görüb ki, hansısa deputat artıq öz işini görüb bitirib.

 

- Sosial şəbəkələrdə artıq növbəti seçkilərə kimlərin gedəcəyi, hətta kimlərin qalib olacağı barədə fikirlər də səsləndirilir. Bu, nədən xəbər verir?

 

- Kim nə bilə bilər ki, məsələn, Yevlaxdan kim namizədliyini verəcək, kim seçiləcək. Heç seçicilər arasında sorğu keçirilsə belə, bunu dəqiq demək olmaz. Bunu heç kim bilə bilməz, sadəcə mülahizələr, ehtimallar irəli sürülə bilər.

 

- Qarşıdan bələdiyyə seçkiləri gəlirdi. İndi seçki seçkiyə qarışdı. Dünya prakstikasından istifadə edilərək eyni gündə həm bələdiyyə, həm də parlament seçkilərinə gedilə bilərmi?

 

- Bu, ola bilməz, çünki bələdiyyə seçkilərinə artıq bir ay qalıb. Qanunla isə növbəti seçkilərə iki ay vaxt verilməlidir. Bu da o deməkdir ki, parlament seçkiləri bələdiyyə seçkiləri ilə üst-üstə düşməyəcək.

 

P.S. İndilərdə YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək. Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

Müəllif: Rumiyyə Miraslan      28 Noyabr 2019 14:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin