Ölkədə istehsal olunan içkilərlə bağlı ciddi faktlar aşkarlanıb

Ölkədə istehsal olunan içkilərlə bağlı ciddi faktlar aşkarlanıb

AQTA limonad məhsullarının istehsalı müəssisəsində yoxlama keçirib

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan şikayət əsasında, AQTA əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Biləcəri şosesində fəaliyyət göstərən fiziki şəxs Qurbanov Şamil Əbdülrəhim oğluna məxsus limonad məhsullarının istehsalı müəssisəsində yoxlama keçiriblər.

 

Agentliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə, eləcə də istehsal prosesində texnoloji prinsipə əməl olunmadığı müəyyən edilib. Məlum olub ki, burada istehsal məqsədilə istifadə edilən su filtrləri mütəmadi olaraq təmizlənmir və dövri laborator müayinədən keçirilmir.

Beləliklə, müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda içkilərin istehsalı zamanı istifadə olunan aromatların açıq vəziyyətdə istismar üçün yararsız olan qablarda saxlanıldığı, şüşə butulkaların texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəraitdə yuyulduğu aşkarlanıb.

 

Bundan əlavə, sexdə etiketlənməmiş və üzərində istehsal tarixi göstərilməyən limonad məhsulları, qablaşdırmada istifadə olunan plastik butulka və qapaqların steril olunmadığı, təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərin olmadığı aşkar edilib.

İstehsal olunmuş alkoqolsuz içkilərdən müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az      28 Noyabr 2019 14:32
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin