Deputat Milli Məclisin buraxılması xəbəri haqda: “Gözləyirik”

Deputat Milli Məclisin buraxılması xəbəri haqda:         “Gözləyirik”

Fəzail Ağamalı: “Əldə etdiyim məlumata görə, hazırda Yeni Azərbaycan Partiyasında iclas davam edir”

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının indilərdə keçirilən təcili iclasında sensasion qərar qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

 

Məlumatda qeyd olunur ki, bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

 

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcəyi bildirilir. Əlavə olunur ki, sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Ölkə Prezidentinə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.

AYNA xəbəri dəqiqləşdirmək üçün Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O bildirib ki, belə bir məlumat yayılsa da, hələ rəsmi şəkildə öz təsdiqini tapmayıb.

 

“Bu barədə məlumatım olsa da, məsələnin rəsmi aydınlaşmasını gözləyirik. Görək, həqiqətən də bu, doğru məlumatdırmı”, - deputat vurğulayıb.

 

“Əldə etdiyim məlumata görə, hazırda Yeni Azərbaycan Partiyasında iclas davam edir. Yəqin ki, iclasın nəticələri mətbuata açıqlanacaq. Ondan sonra, məmnuniyyətlə fikir mübadiləsi apara bilərik”, - F.Ağamalı əlavə edib.

Müəllif: Mərahim Nəsib      28 Noyabr 2019 12:33
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin