Məmurların yalan danışma “vəzifəsi” və bu da nəticə...

Məmurların yalan danışma “vəzifəsi” və bu da nəticə...

Məsələn, Saleh Məmmədov kimi məmurların sözünə inanmağa dəyməz

 

İlkin olaraq xəbər gündəmini bir az geriyə çəkək. Belə ki, oktyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verdi.

 

Prezident qəsəbələrin sayı barədə açıq-aşkar yalan məlumat verən Saleh Məmmədova iradını bildirdi: “Qəbələ rayonunda cəmi 60 kənd, 1 şəhər və 3 qəsəbə var. Rəqəmləri şişirtməyin!”.

 

Sonra Məmmədov çaşqınlıq içində başını tərpətdi. Ancaq fakt fakt olaraq qalır - o, dövlət başçısının gözlərinin içinə baxaraq yalan danışdı. Bəs, bu, onun yalanlarının yalnızca biri idimi? Onun miqyası nə qədərdir? Yalnız bu yüksək vəzifəli məmur, görülən işləri vurğulayaraq, tempi və keyfiyyəti barədə hesabat verərək, Azərbaycan Prezidentini yanıldır? Bütün bu suallara Azərbaycan Baş Prokurorluğu cavab verə bilərdi və cava verməli idi.

Burada, bugünlərdə baş verən fövqəladə hadisəyə geri dönürük. Noyabrın 24-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində magistral yolda çatlar yaranıb. AAYDA-nın əməkdaşları əraziyə baxış keçiriblər və qurumdan deyilənə görə, hazırda ərazi nəzarət altındadır.

 

AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib ki, Bibiheybət və Bayıl ərazilərində bir neçə sürüşmə zonası mövcuddur, onlardan biri də bu ərazidən keçir: “Güclü yağışlar nəticəsində sürüşmə daha da aktivləşib. Hal-hazırda işçilərimiz və müvafiq strukturların nümayəndələri hadisə olan bölgədədirlər, araşdırmalar aparılır. Təmir və bərpa işləri qısa müddətli olmayacaq, bərpa işlərinin bir neçə ay müddətinə başa çatacağı gözlənilir. Torpaq sürüşməsi, təxminən 100 metr ərazini əhatə edir. Bir zolaqda tam çökmə baş verib, digər zolaqda da məhv olma təhlükəsi var. Buna görə də ərazidə nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılıb”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəhbəri Əziz Qaralov isə bir az fərqli rəqəmlər açıqladı. Onun sözlərinə görə, Bibiheybətdəki sürüşmə zonası 300 metrdən çox ərazini əhatə edir. Hadisə nəticəsində istinad divarı 150 metr ərazidə tamamilə çöküb. Fövqəladə Hallar Nazirliyi də səbəbi açıqlayıb. Bildirilib ki, sürüşmənin katalizatoru insan faktoru olub.

 

Bu, əlbəttə ki, Hacıbalı Abutalıbovun hər zaman yaddaqalan ifadəsindən daha yaxşıdır. O, şəhərin rəhbəri olduğu zaman Nəriman Nərimanov heykəli yaxınlığında baş verən hadisə yerini ziyarət etmiş və demişdi ki, “mənim əlimdə sənəd var ki, bir də bu ərazidə belə bir hadisə baş verməyəcək”.

 

Xoşbəxtlikdən bu dəfə torpaq sürüşməsi nəticəsində evlər dağılmadı və insanlar ölmədi. Növbəti dəfə bunun baş verməyəcəyinə zəmanət varmı? Fikrimcə, risk etməmək daha yaxşıdır. Üstəlik, yaxınlıqda çox sayda insanın yığışdığı bir məscid var. Beləliklə, bütün gücləndirmə işlərinin aparılmalı olduğu yolların salındığı yerdə yeni sürüşmə baş verdiyində kimin günahkar olduğunu bilmək daha yaxşıdır.

Məqalənin əvvəlində məmurların yalan danışma meyli, hətta ölkə Prezidentinin gözünün içinə baxaraq yalan danışmalarını bir nümunə olaraq göstərdik və burada cinayət səhlənkarlığı hiss olunur. Doğru olub-olmamasından asılı olmayaraq, Baş prokuror bunu anlamalı idi. Lakin bütün məqam burasındadır ki, səhər saatlarında sürüşmə zonasına Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov və Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev baş çəkdi.

 

Gördüyümüz kimi, gələnlər arasında Baş prokuror Zakir Qaralov yox idi. Baxmayaraq ki, ortada sürüşməyə səbəb olan və yeni torpaq sürüşməsi üçün təhlükə yaradan səhlənkarlıq var. Məsələn, Saleh Məmmədov kimi məmurların sözünə inanmağa dəyməz. Araşdırmaq lazımdır. Bu yerdə məşhur deyimi xatırlatmaq yerinə düşər: Araşdırılmamış hər hansı bir cinayət yeni bir cinayətlərə səbəb olur…

Müəllif: Əkbər Həsənov      28 Noyabr 2019 21:44
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin