Cəmiyyət xəbərsiz, müxalifət həvəssiz, YAP isə mübarizəyə hazırlaşır

Cəmiyyət xəbərsiz, müxalifət həvəssiz, YAP isə mübarizəyə hazırlaşır

Bələdiyyə seçkilərinə bir aydan az vaxt qalsa da, vətəndaşlar arasında və siyasi düşərgədə ciddi fəallıq hiss olunmur

 

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərə az vaxt qalsa da, siyasi arenada durğunluq yaşanır. Maraqlıdır ki, digər ölkələrdə bələdiyyə seçkiləri ərəfəsində ciddi hazırlıqlar görülsə də, Azərbaycanda bu siyasi ənənəyə o qədər də əhəmiyyət verilmir. Səbəblər isə müxtəlifdir. Vəziyyətə siyasilərlə AYNA tutmağa çalışdıq.

 

Ümid Partiyasının sədri İqbal Ağazadə bələdiyyə seçkilərinin əhəmiyyətli olmadığını düşünür: “Əsas problemlərdən biri odur ki, bələdiyyələrin statusları olduqca aşağıdır. Həm əhali, həm də siyasi təbəqə üçün bələdiyyələrin statuslarının aşağı olması bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin sayına ciddi təsir göstərir. Bələdiyyə orqanlarının əhəmiyyəti o qədər qeyri-ciddidir ki, hətta bəzi yerlərdə iclaslar belə, keçirilmir. Vətəndaşlar və siyasi təbəqə də bunu bildiyi üçün bu proseslərdə iştirak etməkdə maraqlı deyillər”.

 

“Digər tərəfdən, siyasi institutlar, az statuslu bələdiyyələrdə iştirak edib dinamika yaratmaq və siyasi partiyanın təbliğatı ilə məşğul olmaq kimi bir funksiyanı həyata keçirmək niyyətində deyil. Çünki Parlament və Prezident seçkiləri kimi nüfuzlu seçkilər daha maraqlı və daha əhəmiyyətlidir”, - İ.Ağazadə əlavə edib.  

AĞ Partiya sədri Tural Abbaslı isə problemi cəmiyyətin seçkilərə ümumi inamsızlığı ilə əsaslandırıb: “Cəmiyyətin seçki prosesinə ümidi və inamı tamamilə azalıb. Bu inamsızlıq təkcə bələdiyyə seçkilərində deyil, Prezident və Parlament seçkilərində də özünü göstərir. İstər cəmiyyət, istərsə də siyasi partiyalar tərəfindən bələdiyyə seçkiləri Parlament və Prezident seçkiləri ilə müqayisədə ən uğursuz, ən faydasız və ən perspektivsiz seçkilər kimi qiymətləndirilir. Əminəm ki, sona qədər də bu durğunluq davam edəcək”.

 

“Bələdiyyə seçkilərində daha çox həvəskar şəxslər iştirak edirlər. Çünki bələdiyyə sədri olmaq üçün namizədlərdən tələb olunan səslərin sayı kifayət qədər azdır. Ona görə də bəzi həvəskarlar və aktivistlər bu seçkilərdə iştirak etməyə daha çox can atırlar. Hakimiyyət də onların nazmizədliyini qeydə almaqla demokratik seçki prosesinin olduğunu göstərmək istəyir. Buna baxmayaraq, mən həmin fəalları alqışlayıram. Əsas odur ki, cəmiyyət siyasi proseslərdə fəallıq göstərsin”, - deyə Abbaslı vurğulayıb.

 

REAL Partiyası İdarə Heyətinin üzvü Natiq Cəfərli durğunluğu iki əsas səbəblə əlaqələndirir: “Bələdiyyə seçkiləri hazırda ölkə gündəmində, demək olar ki, yox dərəcəsindədir. Bunun səbəbi həm seçkilərin saxtalaşdırılması praktikası, həm də yerli özünüidarə institutlarının ölü vəziyyətdə olması ilə bağlıdır. Bundan əlavə, həmin orqanların səlahiyyəti, məsuliyyəti və büdcəsi də azdır”.

 

“Azərbaycan nadir ölkələrdən biridir ki, təyin olunmuş şəxslər seçilmiş şəxslərdən daha böyük səlahiyyətlərə malikdirlər. Əslində isə tam əksi olmalıdır. Yəni seçilmiş şəxslər təyin olunmuş şəxslərdən daha yüksək səlahiyyətlərə malik olmalıdırlar”, - Cəfərli qeyd edib.

 

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə, deyildiyi kimi bir durğunluq olmadığı qənaətindədir: “Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Prinsip etibarı ilə YAP texniki cəhətdən seçkilərə hazırdır. Təbliğat kampaniyası başlayan kimi bütün ölkə YAP-ın təbliğatına şahid oldu”.

 

“Ola bilsin, digər partiyalar da texniki hazırlıq işlərinə start verib. Lakin bir məsələ var ki, Azərbaycanda fəaliyyət göstərən müxalif partiyalar namizədlərinin Prezident seçkilərində qalib gəlməyəcəyini bildikləri üçün, bir qayda olaraq ancaq parlament seçkilərinə maraq göstərir. Ona görə də bələdiyyə seçkilərində passivlik yaranır. Hesab edirəm ki, bələdiyyələr heç də az səlahiyyətə malik deyil və onların gücü kifayət qədər böyükdür”, - Mirzəzadə bildirib.

 

YAP təmsilçisinin sözlərinə görə, müxalifət bütün seçkilərin nəticəsini neqativ qəbul edir: “Lakin siyasi partiyanın vəzifəsi hakimiyyət uğrunda mübarizə aparmaqdır. Bu hakimiyətin bələdiyyə, yaxud Parlament olacağının isə elə bir əhəmiyyəti yoxdur. Onların Azərbaycan coğrafiyasında təşkilatları və bələdiyyələrdə irəli sürəcəkləri təklifləri yoxdur. Ona görə də bir qayda olaraq bələdiyyələri əhəmiyyətli hesab etmədən, özləri üçün arzuolunan Parlament seçekilərinə daha ciddi yanaşırlar. Bir sözlə, kimisə nə seçkidə iştirak etməyə, nə də iştirak etməməyə məcbur etmək olar. Bu, onların seçimidir”.

Müəllif: Mərahim Nəsib      28 Noyabr 2019 10:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin