“Azərsu” ASC: Böhranın böyük hissəsi aradan qaldırılıb

“Azərsu” ASC: Böhranın böyük hissəsi aradan qaldırılıb

Anar Cəbrayıllı: “Bu gün digər ərazilər də içməli su ilə təmin ediləcək”

 

Xəbər verdiyimiz kimi, noyabrın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində, Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilişi dayandırılıb. Buna səbəb Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində qəza meydana çıxması olub.

 

Son vəziyyətlə bağlı AYNA-ya açıqlama verən “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının sözlərinə görə, qurumun mütəxəssisləri ərazidə qiymətləndirmələr aparıblar: “Qərara alındı ki, xəttin qəzalı hissəsindəki siyirtməni bağlayıb qəza ərazisində suyun verilişi dayandırılsın. Amma Bibiheybət və Şıxov qəsəbələri yaşayış massivlərini sürüşmə qeydə alınan günün axşamı su ilə təmin etdik. 20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxdığından alternativ olaraq şəhər istiqamətində (Bayraq meydanı tərəf) olan xəttin siyirtmələrini açdıq”.

 

“Eyni zamanda layihəyə əsasən, Badamdar anbarından 20-ci sahəyə su verilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da həmin xətt şəbəkəyə qoşuldu. Səbail Sukanal İdarəsinin rəisinin bildirdiyinə görə, 20-ci sahənin kiçik hissəsi və “Jurnalist binaları” su almır. Bu gün həmin ərazilər də içməli su ilə təmin ediləcək. Demək olar ki, bu gün 20-ci sahənin su probleminin böyük hissəsi həllini tapıb”, - ASC sözçüsü bildirib.

 

A.Cəbrayıllı əlavə edib ki, 500 mm diametrli magistral su xəttinin bərpa edilməsi və susuz qalan ərazilərin də su ilə təminatı istiqamətində işlər görülür.

Müəllif: Ayna.az      27 Noyabr 2019 11:40
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin