“İntihar edən şəxsi qəhrəman kimi təqdim edirlər”

“İntihar edən şəxsi qəhrəman kimi təqdim edirlər”

İntiharların qarşısının alınması üçün Milli Fəaliyyət Planı hazırlanır

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BMT İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə iş müstəvisində ölkəmizdə intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq. Bu sahədə görüləcək işlərin müzakirəsi məqsədilə ilə keçirilən görüşdə qərar alınıb.

 

AYNA BMTİP-nın məlumatına əsasən xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən ƏƏSM nazirinin müavini Anar Kərimov Ümumdünya Səhiyyə Təşkilatının məlumatını diqqətə çatdırıb. O deyib ki, ildə 1 milyon insan intihar səbəbi ilə dünyasını dəyişir. Təşkilatın hesablamalarına görə, orta hesabla son 45 ildə intiharların sayı 60 faiz artıb.

 

A.Kərimov intiharların səbəbləri kimi, bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırıldığını deyib. O, intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır. 

 

Nazir müavini intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin önəmini vurğulayıb. Bildirib ki, ilk növbədə İntiharların Qarşısının Alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır: “Hazırki tədbirin əsas məqsədlərindən biri də budur. Növbəti mərhələdə ƏƏSMN və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

 

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti qeyd edib ki, intihar bütün dünya ölkələrində qlobal fenomendir və Azərbaycan da istisna deyil: “Hər bir intihar ailələrə, icmalara və ümumiyyətlə, cəmiyyətlərə təsir edən, təsiri uzun müddət ötüb keçməyən faciədir. İntiharların qarşının alınması cəhdləri səhiyyə və təhsil, əmək, kənd təsərrüfatı, biznes, ədliyyə, qanunvericilik, müdafiə, siyasət və media sektorları kimi cəmiyyətin bir sıra sektorlarında istiqamətləndirmə və sıx əməkdaşlıq tələb edir”.

 

Tədbirdə İntiharlar üzrə Beynəlxalq Jurnalistika Platformasının eksperti Alfred Skoqberq, İnklüzivlik, Uşaq və Təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur və digər BMT agentliklərinin, beynəlxalq və milli partnyorların, özəl sektorun nümayəndələri iştirak edirlər. Yardım xəttləri, gənclərə dəstək, həssas qrupları hədəfləyən proqramlar və icmaların inkişafına yönələn proqramlar kimi, bir sıra yeni fəaliyyət növləri müzakirə olunur.

Müəllif: Ayna.az      27 Noyabr 2019 11:18
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin