"Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib" - Prezident

"Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib" -     Prezident

"Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir"

 

AYNA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxışı zamanı deyib.

 

Dövlət başçısı bildirib ki, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir: "Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir".

 

"Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir. Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici “Qırmızı bayraq” var idi. Yəni, “Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu “Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi", - deyə Prezident İlham Əliyev qeyd edib. 

 

Dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi: "Eyni zamanda Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər. Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da Ulu Öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq".

 

"Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı. Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir. Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir", - deyə Prezident İlham Əliyev əlavə edib.

 

Müəllif: Ayna.az      26 Noyabr 2019 21:34
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin