Dövlət Gömrük Komitəsinin ləğvi təklifinə Səfər Mehdiyevdən cavab

Dövlət Gömrük Komitəsinin ləğvi təklifinə Səfər Mehdiyevdən cavab

DGK sədri komitənin ləğv edilməsi ilə bağlı səsləndirilən ittihamlara aydınlıq gətirib

 

Həm aparılan rəy sorğuları nəticəsində, həm də ekspertlərin fikirləri əsasında məlum olur ki, ölkə ictimaiyyətinin fəaliyyətindən narazı qaldığı qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DGK). Hətta ölkə başçısınını apardığı son islahatlar ərəfəsində ictimaiyyət tərəfindən DGK-nin ləğv edilməsi ilə bağlı fikirlər də səsləndirilir. Səbəb olaraq da DGK-nin ictimai rəyi nəzərə almaması göstərilir. Qeyd olunur ki, Komitə ictimaiyyət tərəfindən irəli sürülən təklifləri nəzərə almaqdansa, növbəti məhdudiyyətlər tətbiq edir.

 

Məsələn, ölkəyə gətirilən hibrid avtomobillərə tətbiq olunan gömrük rüsumunun azaldılması ilə bağlı təkliflər irəli sürülsə də, DGK-dan bu təklifə isti münasibət göstərilmir, ən azı, təkliflər müzakirəyə çıxarılmır.

 

Maraqlıdır, DGK ictimaiyyətin rəyini nəzərə alaraq ölkə avtoparkının yenilənməsi məqsədilə, ən azı müəyyən müddətə irəli sürülən təklifləri nəzərə ala bilərmi? AYNA-nın sualına Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, ilin yekunlarına dair bu gün keçirdiyi mətbuat konfrasında aydınlıq gətirib.

S.Mehdiyev əvvəlcə onu bildirib ki, islahatlar ictimai rəy əsasında deyil, dövlət başçısının rəyi ilə həyata keçirilir: “Yəqin ki, cənab Prezident Dövlət Gömrük Komitəsinin fəaliyyətini qənaətbəxs hesab etdiyindən bu sahədə, sizin dediyiniz mənada islahata ehtiyac görməyib”.

 

“Beynəlxalq təşkilatların göstəricilərinə nəzər yetirdikdə görərsiniz ki, Dövlət Gömrük Komitəsinin balı müsbətə doğru gedir. Cənab Prezidentin apardığı islahatlar nəticəsində fəaliyyəti müsbətə doğru dəyişən qurumlardan biri də Dövlət Gömrük Komitəsidir. İctimai rəyə gəlincə, 5 nəfərin toplanıb hansısa bir rəy söyləməsi ictimai rəy deyil, ictimai rəy ümumi balansdır. Hər bir gömrük bəyannaməsi bitəndən sonra sahibkarlara sorğu göndərilir ki, gömrük sisteminin fəaliyyətindən razısınızmı. Sahibkarların 90 faizi bu suala "bəli" deyir. Yəni bu gün sahibkarların 90 faizi Dövlət Gömrük Komitəsinin fəaliyyətindən razıdır”, - deyə Komitə sədri əlavə edib.

 

O, hibrid avtomobillərlə bağlı irəli sürülən təkliflərə də münasibət bildirib: “Hibrid avtomobillərlə bağlı təkliflər ümimiyyətlə çox səsləndirilir. Qeyd edim ki, hibrid nəqliyyat vasitələrinə tətbiq olunan gömrük rüsumu minimum həddədir. Hibrid avtomobilləri hansı vergidən azad edək? Onsuz da, həmin avtomobillərdə motor çox zəifdir və motor zəif olduğuna görə gömrük rüsumu da çox aşağıdır. Ona görə də bu barədə təklif irəli sürənlər əvvəlcə məsələnin mahiyyətini bilməli, hibrid avtomobillərlə bağlı kifayət qədər məlumatlı olmalı, ondan sonra hansısa təklif irəli sürməlidirlər”.

 

“Digər tərəfdən, Dövlət Gömrük Komitəsi icraedici orqandır, vergini təyin etmir. Vergini aidiyyəti qurumlar təyin edir, biz isə, əgər ehtiyac varsa, tənzimləyirik. Həmçinin təklifləri biz yox, hökumət dəyərləndirir. Bu barədə bizə daxil olan təklifləri hökumətə təqdim etmişik. Bildirilib ki, hələ bunun zamanı deyil və qarşımızda müəyyən arqumentlər qoyulub. Əgər bu barədə tapşırıq verilsə, biz də lazımi işləri görməyə hazırıq”, - deyə DGK sədri vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan      26 Noyabr 2019 18:02
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin