Paytaxtımız haqda ilk mənfi təəssürat - Bakının cənub girişi

Paytaxtımız haqda ilk mənfi təəssürat -         Bakının cənub girişi

Bu baxımsız ərazi şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirir 

 

Yeni Salyan şosesi. Paytaxtın cənub girişi, yəni şəhərin mərkəzinə birbaşa əsas giriş yolu. O qədər də şiddətli olmayan, payız fəslinə xarakterik yağışdan sonra Bibiheybət məscidi ətrafındakı yolun yenidən sürüşərək çökməsi bu ərazini yenidən ictimai diqqət mərkəzinə gətirdi. Cəmi 5-6 ay əvvəl sürüşmədən təmir olunan yol yenidən bağlandı, rəsmilər bu gün hadisə yerinə baxış keçirdilər…

 

Görünən isə budur ki, Bakının cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytaxtımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan, təxminən 2 klometr məsafədə boz çollər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, neft gölməçələri insanı məyus edir. Təəssüflə deməliyik ki, bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da buradan başlayır.

 

Məsələ yalnız görüntüdə də deyil. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrindən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər.

Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radiaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şose yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur.

 

Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar.

 

Nəzərə almaq lazımdır ki, müxtəlif beynəlxalq tədbirlər və idman yarışları zamanı turist qismində respublikamıza gəlmiş qonaqların əksəriyyəti şəhərə bu yolla daxil olurlar.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında Bakıda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri fonunda paytaxtın əsas girişindəki acınacaqlı mənzərə xoşagəlməz təəssürat yaradır. Bəs, görəsən ARDNŞ-nin Ekologiya İdarəsi, BŞİH-in Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərbətlər Nazirliyi bu acınacaqlı vəziyyətlə bağlı nə düşünür? Bu boş və çirkablı ərazidə səliqə-sahman yaratmaq, yararsız tikililəri sökdürmək, ağaclar əkmək dünya miqyaslı və nüfuzlu bir şirkətə çox çətindirmi?

 

Görünən odur ki, bilavasitə ARDNŞ üçün kadrlar hazırlayan Ali Neft Məktəbinin kampusunun da yerləşdiyi bu ərazi tamammilə “unudulub”. Axı burada gələcəyin neftçiləri də təhsil alırlar, heç olmasa, onların səhhətini düşünmək lazımdır. Düzdür, bir neçə il əvvəl burada ağaclar əkilib, qismən yaşıllıq salınıb. Amma ərazinin bərbad mənzərəsi fonunda bu işlər o qədər də nəzərə çarpmır. Neft buruqlarının xeyli hissəsi fəaliyyətini dayandırıb. Əlbəttə, neft ehtiyatlarına malik buruqların ətrafını abadlaşdırmaq, buranı açıq neft muzeyinə çevirmək, ərazidə idman meydançaları və parklar salmaq olar.