Səfir: “Türkiyəni dəstəkləyən millət vəkilləri partiyadan qovulur”

Səfir: “Türkiyəni dəstəkləyən millət vəkilləri partiyadan qovulur”

Hakkı Emre Yunt: “PKK öz tərəfdarlarını terrora çağırır, onlar da təhdid qarşısında bunu etməyə məcbur olurlar”

 

Yaxın vaxtlarda İsveçdən yayınlanan TV kanallarından birində, terrorçu YPG-nin İrandan olan rəhbəri insanları hər yerdə türklərə qarşı terrora təhrik edirdi. Onun çıxışı sosial mediada geniş tirajlandı. Bu adam tək Türkiyə hökumətinə, Prezidentinə, səfirliklərinə qarşı deyil, həm də bütün türk əsilli iş adamlarına, sadə vətəndaşlara qarşı ölüm savaşına səsləyirdi.

 

Qardaş ölkə Prezidenti Ərdoğanın “bizim Azərbaycan və Türkiyə diasporlarımız birlikdə olmalıdır” çağırışına səs verərək, həm də YPG təmsilçisinin təhdidlərinin xaricdəki vətəndaşlarımızı narahat etdiyini nəzərə alaraq, Press Klubun Skandinaviya bürosunun rəhbəri Rahim Sadıqbəyli Türkiyə Cümhuriyyətinin İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Hakkı Emre Yunt ilə müsahibə hazırlayıb.

 

– Türkiyə Cümhuriyyətinin İsveçdəki səfiri Hakkı Emre Yuntu yaxından tanıtmaq istəyirik.

 

– Mən 1985-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başladım. O zamandan bir çox vəzifələrdə işlədim. Çikaqoda konsul müavini, Tehranda ikinci katib oldum. Bir müddət Ankarada çalışdıqdan sonra təkrar Vaşinqtonda baş katib və müvəqqəti işlər vəkili, Pekində səfirin vəkili işlədim. Oradan qayıtdıqdan sonra Avropa Birliyi söbəsində dairə başqanı və baş müdirin birinci müavini oldum. Daha 4 il Qətərdə səfir işlədim və Ankaraya döndüm. Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin çoxtərəfli iqtisadiyyat işləri üzrə baş direktor vəzifəsində çalışdım. 2017-ci ildə Türkiyənin İsveçdəki səfiri təyin olundum.

 

– Sadaladığınız ölkələr əsasən isti məmləkətlərdir. Bu soyuq İsveçdə sizin üçün çətin deyil ki?

 

– Daha əvvəllər Avropa ölkələrində vəzifədə olmamışdım. İsveç dəyişik bir ölkədir. İqlimi də fərqlidir, qışı soyuq və qaranlıq keçir, günlər çox qısa olur. Yayda isə tam əksinə – günlər çox uzun olur. İnsanlarını çox sevdim. Türkiyə üçün çox önəmli, Avropa Birliyində bizi dəstəkləyən bir ölkədir. Əlbəttə, aramızda fərqli fikirlər, düşüncələr olur. Bunlara da təbii baxmaq lazımdır. Hər şeyi görüşərək, danışaraq, dialoq şəklində həll edəcəyik.

– İsveçdəki bəzi media orqanları terror təşkilatlarını dəstəkləyən qruplarla sıx əməkdaşlıq etməyə can atır. Siz bunu hiss etdinizmi?

 

– Əlbəttə, çox yaxından hiss edirik. Əsasən də hərbi əməliyyatlar zamanı. Mən bura təyin olunandan sonra Türkiyə Suriyada iki hərbi əməliyyat aparıb. Birtərəflilik əslində hər zaman hiss olunur, amma özəlliklə belə əməliyyatlar keçirilən zaman qabarıq büruzə verir. Dediyim kimi, tamam birtərəfli olurlar, bizim fikirlərimizi hesaba almırlar. Terror təşkilatlarının dəstəkçiləri buralara çox əvvəldən gəlmişlər və mühüm vəzifələr də tutublar. Onlar həm mətbuat, həm də siyasətçilərin üzərində mühüm söz sahibidirlər və qərəzsizlik, qarşı tərəfin fikirlərini dinləmək onlara çox da sərf eləmir. Amma biz əlimizdən gələni etməyə çalışırıq.

 

– Türkiyənin Suriyada apardığı Sülh çeşməsi əməliyyatı haqqında nə deyə bilərsiniz? Bu əməliyyatın nə üçün həyata keçirildiyini İsveç mediasına və görüşdüyünüz hökumət adamlarına necə anladırsınız?

 

– “Sülh çeşməsi” hərbi əməliyyatı bizim Suriya şimalında apardığımız üçüncü əməliyyatdır. Daha öncə Afrində “Zeytun budağı hərəkatı” adlı əməliyyat da aparmışdıq. Bunların biri tamamilə İŞİD-ə, digəri YPG-yə qarşı idi. Son əməliyyat da yenə YPG-yə qarşıdır. Niyə bunu edirik? Çünki YPG dediyiniz terror təşkilatı PKK kimi tanıdığımız təşkilatın eynisidir. Bunu heç kəs, hətta özləri də inkar etmirlər. Küçələrdə, nümayişlərdə, tədbirlərdə PKK-nın loqosundan, emblemindən və başqa simvollarından istifadə edirlər. Bunun inkaredilməz həqiqət olduğunu avropalılar da, isveçlilər də bilirlər. Amma deyirlər ki, “biz PKK-nı terror təşkilatı kimi tanıyırıq, YPG-ni yox”. Niyə? Bu, bizim problemimiz deyil ki? Onu da tanıyın. Açıq görünür ki, PKK ilə YPG eyni təşkilatdır. Bütün terror fəaliyyətləri eyni PKK-nın gördüyü işlərdir. Onların başında “general Mazlum” deyə birisi var. Onun da adı əslində Əhməd Hamdi Rahimdir, deyəsən. Qərb elə bir adamı general kimi tanıyır, nədir-nədir, YPG İŞİD-lə müharibədə çox itki verib. Biz “iki terror qrupunu bir-birinə qarşı vuruşdurmaq olmaz” deyə, bunları əvvəlcədən xəbərdar etmişdik. Dinləmədilər. Niyə? Çünki savaşda öz əsgərlərindən istifadə etməliydilər. Amma biz əksinə, İŞİD terror təşkilatına qarşı savaşda öz əsgərlərimizdən istifadə etdik. Dörd min İŞİD silahlısını məhv etdik. Arxamızdan isə bu YPG terrorçuları bizi hər zaman vurdular. Biz dəfələrlə dostlarımıza, amerikalılara söylədik ki, bunlar PKK terrorçularıdır, onları biz sərhəddimizdə istəmirik. Fəqət Amerika bizi hər zaman çaşdırdı, gözləmə mövqeyində durmağımızı istədi. Bizim də bıçaq sümüyümüzə dirəndiyi zaman bu əməliyyatı başlatdıq. Gördülər ki, onların sıx yerləşdiyi şəhərləri hədəf aldıq, bizimlə anlaşmağa başladılar, həm Amerika, həm də Rusiya ilə razılığa gəldikdən sonra sərhəddimizdən 30 km geri çəkildilər. Bizim davamız kiminlədir? Əlbəttə ki, PKK ilə! Kürdlərlə problemimiz yoxdur. Türkiyədə bir çox kürdlər bütün vətəndaşlarımızla eyni haqlara sahibdirlər. Bundan başqa Türkiyədə Suriyadakı savaşdan qaçan 350 min kürd var hal-hazırda. Biz kürdlərlə müharibə eləmirik. Bizim savaşdığımız YPG-dır. Bəs YPG kimdir? PKK-nın özü! Mən İsveç mətbuat nümayəndələrinə də bunu söylədim. İndi İŞİD-ə gələk. Guya biz YPG ilə savaşsaq, İŞİD-in əli açılacaq, o, təkrar döyüşəcək. Bunlar hamısı cəfəngiyyatdır. İŞİD indi hər şeyini itirmiş vəziyyətdədir. Biz müharibə edincə, YPG/PKK həbsxanadakı 250 İŞİD yaraqlısını sərbəst buraxdı, bizsə onları təkrar yaxaladıq və indi ölkələrinə göndərəcəyik. Yəni, bizi təftiş edənlər, tənqid edənlər heç də haqlı deyillər. Dedikləri də nədir: “İŞİD-lə mücadilə zəifləyəcək”. Artıq İŞİD yoxdur, zəifin nəyi zəifləyəcək? Əfəndim, əgər sizin vətəndaşınız terrorçudursa, onu geri alacaqsınız. Nə Türkiyədə, nə Suriyada kimsə onlara baxmaq məcburiyyətində deyil. Biz də onları geri göndərəcəyik. Amma İŞİD-lə mübarizə zəifləyəcək-filan söyləməyin, bu, artıq bitmiş bir savaşdır. Bundan sonra kimsə bunlara inanası deyil.

– PKK tərəfdarı, kürd kökənli aktivistlər, media mənsubları, hətta millət vəkilləri İsveçin demokratiyasından sui-istifadə edərək, İsveç toplumu ilə sıx işbirliyində olduqları halda, niyə türk kökənli siyasətçilər, millət vəkilləri bu olaylar zamanı Türkiyənin yanında olmurlar?

 

– Əgər türk kökənli millət vəkilləri Türkiyəni dəstəkləyərlərsə, o zaman öz partiyalarından dərhal uzaqlaşdırılırlar.Çünki onların partiya siyasəti tam buna qarşıdır. Yəni, Türkiyəyə qarşı siyasət yürüdürlər. Bunun da səbəbi odur ki, qarşı tərəf bir dəstənin basqısı altındadır. Burada yaşayan türk kökənli insanlar – istər Türkiyə vətəndaşı olsun, istər olmasın – öz iradələrinə uyğun davrana bilmirlər. Çünki başlarında PKK bəlası qorxusu var. PKK – terror dəstəsidir. Terrorçular isə vətəndaşları hər zaman təhdid edirlər. Təhdid olunduqlarına görə də onlar Türkiyədən bir çeşidli məsafədə qalmağa üstünlük verirlər. PKK adamlarına əmr verir ki, “sən küçələrə çıxacaqsan, bu işləri görəcəksən”. Onlar da təhdid qarşısında bunları etməyə məcburdurlar. Halbuki, bizim sadə vətəndaşımızın belə məcburiyyəti yoxdur. Sakit öz həyatını keçirir və belə işlərə qarışmır. Arada olan fərq budur. Biz də səfirlik olaraq vətəndaşımıza heç zaman basqı etmirik. Burada bir səssiz çoxluq var. Onlar Türkiyənin nə etmək istədiyini çox yaxşı bilirlər, amma bu şəkildə davranış göstərmək istəməyərək susurlar… Qarşıdakılar isə, sizin də dediyiniz kimi, İsveçin demokratiyasını istismar edirlər, bundan sui-istifadə edirlər. Bunu da Türkiyənin əleyhinə yönəldirlər.

 

– Bir-iki həftə öncə həm sosial mediada, həm də Türkiyənin bir neçə TV kanalında bir video yayınlandı. Fars dilində yayınlanan bu videoda YPG-nin İrandan olan rəhbəri insanları türklərə qarşı terrora təhrik edirdi. Bu adam tək Türkiyə hökumətinə, Prezidentinə, səfirliklərinə qarşı deyil, həm də iş adamlarına, sadə vətəndaşlara qarşı ölümə, terrora çağırırdı. Bu videonun da ilk olaraq İsveçdə TV-dən yayınlandığı iddia olunur. Bu haqda sizin bir məlumatınız varmı?

 

– Bəli, nəinki məlumatımız var, hətta biz bununla ilgili bir sıra tədbirlər də gördük. İsveç dövlətinə, cavabdeh qurumlara bu barədə məlumat verdik və videonu təqdim etdik. Doğrudur, bu video İsveçdən yayınlanır. İsveç polisi araşdırma aparır. Müstəntiqlər işləyir, görək, sonu nə olur və biz də bunu təqib edirik. Bu, bir adamın hər kəsi məhvə çağırdığı video idi. Sadəcə səfirliklərə deyil, həm iş adamlarına, həm də adi vətəndaşlara qarşı böyük bir terrora çağırırdı. Televiziyadan yayınlanan açıqca nifrət, cinayət idi bu. Biz də səfirlik olaraq, nə lazımdırsa, etdik. İndi sonunu izləyirik. 

 

– Türkiyə Prezidenti Ərdoğan Türk Şurasının sammitində bir daha vurğuladı ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlikdə olmalıdır. Bunu necə dəyərləndirirsiniz?

 

– Mən cənab Prezidentlə tam razıyam. Bizim dünyada çox dostumuz yoxdur. Azərbaycan və Türkiyə “bir millət – iki dövlət” prinsipi ilə öz yaşamına davam edir. Diasporlarımızın da, əlbəttə, birlikdə olması lazımdır. Arada çəkişmələr olsa da, Türkiyə və Azərbaycan diasporları arasında fikir ayrılıqları yoxdur. Öz aralarında da çəkişmələr olmasa, yaxşıdır. Çünki bizim düşmənimiz çoxdur. Onlara qarşı birlikdə hərəkət etməyimiz vacibdir. Cənab Prezident çox doğru söyləyib.

 

– Təşəkkür edirik.

 

– Mən də dəvət etdiyiniz üçün təşəkkür edirəm.

Müəllif: Press Klub      25 Noyabr 2019 16:38
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin