Kanadada Əminə Dilbazinin yubileyi keçirilib

Kanadada Əminə Dilbazinin yubileyi keçirilib

Gecəyə baletmeysterin övladları da qatılıb

 

"Əminə xanımın tələbələrinə verdiyi məsləhətlər qiymətsizdir. Əminə xanım mülayim, gülərüz idi, amma iş rəqsə çatanda çox tələbkar, heç bir nöqsana yol verməyən ciddi bir xoreoqraf olurdu. O, Azərbaycan xalq rəqslərinin ensiklopediyasıdır".

 

Bu sözləri noyabrın 24-də Kanadanın Toronto şəhərində Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan xalq artisti Əminə Dilbazinin xatirə gecəsinə həsr olunmuş tədbirdə onun tələbəsi Qəmər Peyğəmbəri bildirdi. O, Əminə xanımın rəhbərlik etdiyi "Çinar", "Sevinc" ansambllarından söz açdı, ustadının böyük bir irs qoyub getdiyini dedi. Onun yaratdığı  "Tərəkəmə",  "Mirzeyi", "Nazeləmə", ""İnnabı", "Turacı" və s. rəqsləri Azərbaycan xalq rəqslərinin ensiklopediyası adlandırdı.

Qeyd edək ki, Ə.Dilbazinin 100 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsinin təşkilatçısı Kanadada fəqliyyət göstərən Azərbaycan Qadınlarına Dəstək Qrupudur. 

 

Nadir şahın verdiyi soyadın - "Dilbaz"ın tarixçəsi

 

Tədbirin aparıcısı Könül Qurbanova Əminə Dilbazi barədə danışdıqdan sonra sözü tarixçi Fatimə Quliyevaya verdi. Hindistanın ən yüksək titulu "Şivanın rəqqasəsi" adının Əminə Dilbaziyə verildiyini xatırladan F.Quliyeva dilbazilər nəslinin tarixindən söz açdı. dilbazilərin Dədə Qorqud kitabında adı keçən qıpçaqlar soyundan olduğunu bildirdi: "Səfəvilərdən də əvvəl bu ailə haqqında məlumatlara bəzi tarixi mənbələrdə rast gəlirik. Dilbazilər Səfəvilər zamanında dinimizin şiə və süni olaraq iki hissəyə parçalanmasına öz etirazlarını bildirmişdilər. Nadir şah Əfşarın vaxtında dilbazilər çox varlı idilər, böyük torpaqlara, imtiyazlara sahib idilər".

Tarixçi, Dilbazi soyadının haradan gəldiyinə dair rəvayəti də tədbir iştirakçıları ilə bölüşdü. Bunun Nadir şah Əfşarla bağlı olduğunu dilə gətirdi: "Bildiyimiz kimi, Səfəvi dövləti, İkinci Təhmasibin zamanında böhrana uğramışdı və bizim torpaqlar, Bakı, Dərbənd Rusiya çarı Pyotr tərəfindən işğal olunmuşdu, qalan hissəsi isə - Təbriz, Naxçıvan, İrəvan  Osmanlı türklərinin nəzarəti altında idi. Səfəvi dövləti dağılırdı və parçalanırdı. Belə bir vəziyyətdə Nadir şah Əfşar Azərbaycanın parçalanmasına yol verə bilməzdi. Qeyd edim ki, Nadir şahı Makedoniyalı İsgəndər, Teymurlənglə müqayisə edirlər. O, özünə "qılınc sərkərdəsi", "qılınc oğlu" deyirdi.

 

1736-cı ildə Kürlə Arazın qovuşduğu yerdə qurultay olur. 7-8 türk tayfası yığışaraq Nadiri şah elan edirlər. Gəncə və Qarabağ xanlığı buna etirazlarını bildirir. Onlar hesab edirlər ki, Nadirin qanında şahlıq qanı axmır və o, Səfəvi dövlətinin başına keçə bilməz. Sonralar Nadir şah Gəncə qalasını 4 ay mühasirədə saxladıqdan sonra Tiflisə gedir və məğlubiyyətə uğrayaraq qaçmalı olur. Qaçanda gecənin bir vaxtı Qazaxın Xanlıqlar kəndində yaşayan Molla Əli adında bir şəxsin qapısını döyür və çox hörmətlə qarşılanır. Onun Nadir şah olduğunu bilmirlər. Allah qonağı deyib yer verirlər. Həmin gecə kəndin ağsaqqalları Əli bəyin evinə yığışır və söhbət əsnasında Əli bəy Nadir şahla bağlı tənqidi fikirlərini söyləyir, onun nə iqtisadiyyatını, nə də siyasətini bəyədiyini deyir. Nadir dinmir, sakitcə oturub qulaq asır. Səhər yola düşəndən sonra çox qısa müddətdə böyük ordu ilə Bakı və Dərbəndi Rusiyadan, Azərbaycanın o biri ərazilərini Osmanlılardan azad edərək günlərin bir günü yenə Xanlıqlar kəndində Molla Əlinin qapısını döyür. Molla Əliyə bu kənddə xan oğlu deyirdilər. Çünki bu ərazidə kiçik, böyük xanlıqlar onlara aid idi. Əli bəy öz qarşısında Nadir şahı görəndə çox təəccüblənir. Nadir şah onu tanıyıb tanımadığını soruşur. Əli bəy "şahım, tanıdım", deyir. Nadir şah Əli bəyə onun evində qonaq olduğunu xatırladaraq soruşur ki, "indi nə deyirsən, əgər Osmanlı bu torpağa bir də qayıtsaydı, sən nə deyərdin?". Əli bəy Nadir şahın gözlərinin içinə baxıb cəsarətlə cavab verir ki, "yenə də Osmanlı deyərdim, türk deyərdim, onların düzənini deyərdim". Nadir şah heyrətə gəlir. Atından düşür, əlini Əli bəyin çiyninə qoyub deyir ki, "əcəb dilbaz insan" yəni "cəsarətli insansan". Atını ona bağışlayır. Bundan sonra Əli Molla kimi deyil, Əli Dilbazi kimi tanınır. Onun nəslindən olan bütün övladları da tarixdə dilbazilər, dilbazi oğulları kimi tanınırlar ".

Dünyaya səpələnən dilbazilər

 

Fatimə Quliyeva Sovetlər dövründə dilbazilərin bir neçə dəfə repressiyaya məruz qaldıqlarını, Qazaxıstan çöllərinə sürgün olunduqlarından da danışdı: "Bu soyqırımın dayanmadan davam etdiyini görən başqa dilbazilər öz balalarını, nəvələrini qorumaq üçün soyadlarından imtina edərək ata-babalarının adlarını soyad kimi  götürüb bütün dünyaya - Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyəyə - səpələnirlər. Bu gün Türkiyənin Konya vilayətində 500-ə qədər dilbazi soyadını daşıyan həmvətənlərimizin olduğu deyilir. 1980-ci illərə qədər dilbazilər nəsli ictimai-siyasi həyatdan geri çəkilmişdilər, çox ehtiyatlı davranırdılar. Yalnız 1980-ci illərdən sonra cəmiyyətdə, müxtəlif vəzifələrdə, elmi akademiyalarda öz layiqli yollarını davam etdirmişlər".

 

"Anam əvvəlcə bəstəkar, sonra rejissor olmağımı istədi"

 

Əminə Dilbazi ilə görkəmli bəstəkar Cövdət Hacıyevin Kanadada yaşayan övladları da tədbirdə iştirak edirdilər. Əminə xanımın yadigarı, Azərbaycanın Əməkdar İncəsənət xadimi, bəstəkar və dirijor İsmayıl Hacıyev etiraf etdi ki, tarixçi Fatimə xanımın danışdıqlarının əksəriyyətindən, Dilbazi sülaləsi haqqında kitabın çap olunduğundan   tədbirdə xəbər tutdu.

 

Anası ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşən İ.Hacıyev anasının arzusuyla Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq və musiqi nəzəriyyəsi sinfində təhsil alır: "Anam dedi ki, "mənə yox deməməlisən. Sənin Konservatoriyada oxuyub atan kimi böyük bəstəkar olmağın arzumdur". Anamın bu arzusunu gerçəkləşdirəndən sonra isə mənə "səndən heç vaxt heç nə xahiş etməyəcəm, amma bu, mənim arzumdur, sən gözəl dirijor olacaqsan"".

Anasının istəyilə daha sonra N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının opera-simfonik bölməsini fərqlənmə diplomu ilə bitirir: "Sankt Peterburqda dahi sənətkarların da çıxış etdiyi konsertdə mənim də çıxışımı görən anam çox xoşbəxt oldu. Onu bu qədər xoşbəxt görmək məni bu yolu davam etməyimə həvəsləndirdi".

 

İ.Hacıyev dilbazilərin məşhur atlarından da söz açdı. Qeyd edək ki, Nadir şah öz atını Molla Əliyə bağışlayandan sonra dilbazilər atçılıqla da məşğul olmağa başlayırlar: "Dilbazlar nəslinin atlarının İkinci Dünya Müharibəsində böyük rolu olmuşdur. Anamın 90 illiyində onun həyətinə Dilbaz atı gətirdilər ki, xoşbəxt olsun, bəlkə bundan sonra 10 il də yaşasın. Amma qismət deyilmiş...".

 

Sonda Ə.Dilbazinin yadigarı tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.

Daha sonra tədbirin bədii hissəsi başladı. Bədii hissədə, Əminə xanımın tələbəsi Qəmər Peyğəmbəri "Tərəkəmə", "Qavalı" və digər rəqsləri  təqdim etdi. "Dalğa qrupu" və Yusif Savalan səsləndirdikləri mahnıları ilə gecəyə rəngarənglik qatdılar. Gənclərimiz Ayaz "Şalaxo" rəqsini, Dəniz "Sarı gəlin"i oynadı, Naznaz Sadıqova Mirvarid Dilbazinin "Müdriklər" şeirini səsləndirdi. Tədbir iştirakçıları da boş dayanmadı. "Dalğa" qrupunun səsləndirdiyi mahnılara Əminə Dilbazinin yadigarları ilə qol götürüb oynadılar.

Lalə MUSAQIZI         

Müəllif: Ayna.az      25 Noyabr 2019 14:07
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin