Vətəndaşlar arasında gizli sövdələşmə - Camaat "ölüsünü" diriltməyə çalışır

Vətəndaşlar arasında gizli sövdələşmə -   Camaat "ölüsünü" diriltməyə çalışır

Vəya müflis olmuş bankalarla bağlı daha bir problem: Əmanət kreditlə əvəzləşdirilsin

 

Müflişləşmiş banklar ilə bağlı vətəndaşları narahat edən məsələlərdən biri də əmanət və kredit öhdəliklərinə fərqli yanaşmanın tətbiq olunmasıdır. Vətəndaşlar qorunmayan əmanətlərinin kredit öhdəlikləri ilə əvəzlənməməsindən şikayət edirlər.

 

Məsələn, bankda əmanəti olan vətəndaş kredit üçün banka müraciət edir və əmanətinin məbləği nəzərə alınaraq kredit verilir. Bank müflisləşdikdə isə, əmanət qorunmayan olduğuna görə geri qaytarılmır, kredit isə faizləri də hesablanmaqla yerində qalır. Yəni, vətəndaş əmanətini ala bilmədiyi halda, ondan kreditini ödəməsi tələb olunur.

 

Burada diqqətçəkən bir məqam da ondan ibarətdir ki, vətəndaş götürdüyü krediti geri qaytarmadıqda məsuliyyət daşıyır. Ancaq müflisləşmiş bank rəhbərliyi vətəndaşın əmanətini qaytarmağa məsul deyil.

 

Maraqlıdır, vətəndaşın pulunu xərcləyən bank hər hansı öhdəlik daşımırsa, bu halda vətəndaş ona borclu olan banka niyə pul qaytarmalıdır? Belə olan halda vətəndaşın krediti ilə banka olan borcu əvəzlənə bilməzmi? Ekspertlər bu barədə necə düşünür, nələri təklif edirlər? Suallarımıza AYNA tutmağa çalışmışıq.

 

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, mövcud qanunvericilik, müflis olan banklarda vətəndaşdan daha çox bank rəhbərlərinin maraqalarını müdafiə etdiyindən dəyişdirilməsinə ehtiyac var: “Müflis olan banklarda öhdəliyi olan vətəndaşlarımızın hüquqlarının tam qorunması üçün qanunvericiliyə dəyişiklik edilməsi zəruridir. Qanunvericilik təkmilləşdirilməli və hər iki öhdəliyin müqayisə edilərək əvəzlənməsinə imkan verilməlidir".

Картинки по запросу vüqar bayramov iqtisadçı

"Təklif edirik ki, fizik şəxslərin öhədlikləri və eləcə də ona olan öhdəliklərin əvəzlənməsinə imkan yaradılsın. Eyni zamanda bu əvəzləmələr banklar üzrə deyil, fiziki şəxslər üzrə aparılmalıdır. Belə ki, əgər vətəndaş bir müflis olan bankda əmanəti, digərində kredit öhdəliyi varsa, onların da əvəzlənməsinə imkan yaradılmalıdır”, - Bayramov vurğulayıb.

 

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, qarşılıqlı tələblər əvəzləşdirilməlidir: “Sağlam məntiqlə düşünəndə, müflis banklarda olan əmanətlərlə borclar da əvəzləşdirilməlidir. Bəzi hallarda vətəndaşın banka olan əmanəti borcundan çox olur, belə olan halda asanlıqla əvəzləşdirmək mümkün olur".

 

"Amma əksər hallarda, nəinki Azərbaycanda, dünyada da bu məsələyə yanaşma birmənalı deyil. Çünki bank müflisləşəndə onun əmlakı bütün borclarını ödəməyə kifayət etmir. Elə müflis olmuş ən böyük bankı - “Bank Standart”ı misal göstərək. 1 milyard 200 milyon manat borcu var, əmlakı isə heç 300-400 min manatlıq deyil. Bizim "Banklar haqqında" qanunda da deyilir ki, kreditlə əmanət əvəzləşdirilə bilməz, bankda əmanəti olan şəxs yalnız öz növbəsini gözləməlidir. Yəni krediti qaytarmalıdır, növbəsi çatanda ona nə qədər pul çatsa, onunla kifayətlənməlidir. Bu da Rusiya təcrübəsidir”, - Həsənov bildirib.

 

Mütəxəssis deyib ki, əksər xarici ölkələrdə isə eyni şəxsin krediti ilə əmanəti əvəzləşdirilə bilir: “Bizdə də "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsində deyilir ki, Mülki Məcəllə digər qanunlardan üstündür, əgər qanunlar arasında ziddiyyət yaranarsa, onda Mülki Məcəlləyə üstünlük verilməlidir. Bizim Mülki Məcəlləmizdə isə bu məsələdə deyilir ki, qarşılıqlı tələblər əvəzləşdirilməlidir. Məhkəmə praktikası da o yolla getdi, Ali Məhkəmənin də qərarları oldu ki, kreditlə əmanətlər əvəzləşdirilməlidir”.

Картинки по запросу əkrəm həsənov iqtisadçı

"Lakin əvəzləşdirilmə mələsində sui-istifadə hallarına yol verilir. Məsələn, mənim banka 200 min manat borcum var, Əlinin isə bankda 50 min manat əmanəti var, yəni Əlinin banka krediti yoxdur, mənimsə bankda əmanətim. Əli də düşünür ki, böyük ehtimalla, 50 min manatı qayıtmayacaq, yaxud da növbəsi çatanda, uzağı, 1000 manat alacaq. Bu halda mən Əliylə razılaşıram və o, bankda olan 50 min manat əmanətini notarial qaydada mənə bağışlayır. Qarşılığında isə ona müəyyən məbləğdə pul verirəm. Bir neçə nəfərlə bu yolla sövdələşirəm və həmin bankda kreditimdən çox əmanətim yaranır. Bununla da mən qabağa düşürəm", - Ə.Həsənov vurğulayıb.

 

"Son nəticədə isə bankda əmanətləri qalan digər şəxslər zərər çəkmiş olur, çünki mən banka olan borcumu ödəsəydim, həmin əmanətçilərə qaytarılacaqdı. Bu, artıq hüquqdan sui-istifadədir. Və buna dünyanın heç bir yerində yol verilmir, bu, açıq-aşkar saxtakarlıqdır. Amma sentyabr ayının əvvəlində bizim Ali Məhkəmə belə qərar verib, özü də “Bank Standart”la bağlı. Hətta əvəzləşdirməyə icazə də verib. Halbuki bu hallar qanunsuzdur, əgər məhkəmələr də belə hallara gedibsə, təbii ki, digər şəxslərin də bankda olan əmanətləriylə kreditləri əvəzləşdirilməlidir”, - o, əlavə edib.

 

Ekspert bütün problemin qanunlardakı boşluqlardan qaynaqladığını qeyd edib: "Ümumiyyətlə “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu çox zəifdir. Biz çox-çox geridə qalmışıq. Ölkədə investisiya mühitinin olmaması da buna bağlıdır. Xarici investorlar da məh buna görə ölkəyə pul qoymaq istəmirlər. Xarici ölkələrdə bu qanun xeyli inkişaf edib”.

Müəllif: Rumiyyə Miraslan      26 Noyabr 2019 16:04
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin