Gələcək nəsillərin payı yeyilir

Gələcək nəsillərin payı yeyilir

Strateji yol xəritəsinə niyə əməl olunmur?

 

2019-cu illə müqayisədə, 2020-ci ildə büdcə parametrlərinin proqnozlaşdırılması məqsədilə neftin qiymətinin hər barel üçün 60 dollardan 55 dollaradək aşağ salınması nəzərdə tutulsa da, növbəti ilin dövlət büdcəsinin neft daxilolmalarından asılılığı yüksək olaraq qalacaq. Çünki, son illərdə neft sektoru üzrə daxilolmalar Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertin dəyişməsindən sıx asılıdır.

 

Proqnozlara görə, 2020-ci ilin dövlət büdcəsi gəlirlərinin 56,1 faizi və ya 13530,0 mln. manatı neft-qaz sektorunun payına düşəcək. Bu vəsaitin 11350,0 mln. manatını və ya 83,9 faizini ARDNF transfertləri təşkil edəcək. ARDNF-dən daxilolmalar (transfertin yuxarı həddi) üzrə bu illə müqayisədə 14,3 mln. manat və ya 0,1 faiz az vəsait proqnozlaşdırılıb.

 

Halbuki, Strateji Yol Xəritəsində ARDNF transfertinin büdcədə payının 15 faizədək azaldılması hədəf kimi müəyyələşdirilib, lakin 2018-ci ildə bu rəqəm faktiki olaraq 48,7 faiz, 2019-cu ilin proqnozlaşdırılan büdcəsində 49,1 faiz və 2020-ci ildə 47 faiz nisbətində nəzərdə tutulub.

 

Digər tərəfdən, 2020-ci il üçün ARDNF-in transferti onun həmin il üçün proqnozlaşdırılan gəlirlərinin 91,6 faiz nisbətindədir. Orta müddətli dövr (2020-2023-cü illərdə) üçün büdcə proqnozlarında ARDNF-dən büdcəyə transfertin həcminin gələn ilki səviyyədə saxlanılması nəzərdə tutulub.

 

Bu isə o deməkdir ki, ARDNF-in qarşıdakı illərdə gələcək nəsillər üçün yığım imkanları daha da məhdudlaşacaq. Növbəti illər üçün neft hasilatı və qiymətləri əvvəlki illərlə müqayisədə, hətta o həddə aşağı düşə bilər ki, büdcəyə transfertlərin məbləği ARDNF-in illik gəlirlərini də üstələyə bilər.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim      25 Noyabr 2019 12:25
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin