İndidən Cənubi Azərbaycana müstəqillik istəmək zərərlidir

İndidən Cənubi Azərbaycana müstəqillik istəmək zərərlidir

Mən tələbə olarkən rəhmətlik Elçibəylə 2 dəfə görüşmüşəm, hər iki söhbətdə də Təbriz, Cənubi Azərbaycan məsələsindən danışıb. 

 

Maraqlı və fəlsəfi söhbət idi, amma praqmatik və siyasi yanaşma deyildi. Rəhmətlik Elçibəy romantik və utopik siyasi duruşa malik, maraqlı vizionu olan, amma real siyasətdən çox uzaq baxışlara malik görkəmli şəxsiyyət idi. Bu gün də bəzi çevrələrdə İran İslam Respublikasına, Cənubi Azərbaycan mövzusuna romantik və utopik baxışların olmasını “Elçibəy sindromu” ilə əlaqələndirə bilərik. 

 

Son illərdə ABŞ-ın Orta Doğuya müdaxiləsi əslində ən çox İrana yaradı – bölgədə ciddi güc və nüfuz sahibi oldu. Bu gün Livanda, İraqda, Yəməndə, Suriyada məhz İran oyunqurucu dövlətə çevrilib. Amma bu İrana maddi olaraq çox baha başa gəlir – İran sanki SSRİ-nin son illərində yaşadığı sindromu yaşayır. SSRİ cənnəti bu dünyada vəd edən absurd ideoloji sistem idi, məhdud resurslarını dünyada Kommunizmin qələbəsinə xərcləyirdi, dünyada ABŞ-a qarşı istənilən rejimləri silahla, pulla dəstəkləyirdi və bu da SSRİ əhalisinin rifah halının aşağı düşməsi ilə nəticələndi. Məntiqsiz iqtisadi sistem, problemli və işlək olmayan utopik ideologiya, mənasız qadağalar, özəl mülkiyyətə düşmənçilik, Əfqanıstana müdaxilə, ABŞ-la silahlanma yarışı - bütün bunlar SSRİ-nin daha tez tükənməsinə, dağılmasına səbəb oldu.

 

İranda bərqərar olan sistem də SSRİ-nin “dini” formasıdır, sadəcə cənnəti o biri dünyada vəd edir, bölgədə İslam İnqilabının qələbə çalması üçün çalışır, öz xalqının rifah halının pisləşməsi hesabına İraqda, Livanda, Yəməndə, Suriyada “hibrit” müharibə aparır, buna milyardlarla dollar xərcləyir. İranın resursları SSRİ-dən çox-çox məhdud olduğu üçün bu müdaxilələrə və silahlanma yarışına xərclənən vəsait İran iqtisadiyyatını çökdürür. Bunun üzərinə də ABŞ sanksiyaları gələndə İranın sosial-iqtisadi vəziyyəti bu günkü bərbad vəziyyətə düşməyə məhkum idi. Həm də İranda əhalinin 70%-ə yaxını 40 yaşına qədər olan insanlardır – onlar İslam inqilabını görməyiblər, o sürəcdən keçməyiblər. Onlar İnternet nəslidir, onlar dünyanı gəziblər, tez-tez xarici ölkələrdə olublar. Hətta yeni nəsildən olan təqdirən 1 mln. insan ABŞ-da, Avropada təhsil alıblar və onlar artıq mənasız qadağaların, məzmunsuz şüarların içində yaşamaq istəmirlər. Bu nəsil etnik mənsubiyyətinə görə deyil də, İrandakı mövcud “oyun qaydalarına” görə sistem dəyişikliyi istəyirlər. 

 

İran böyük potensialı olan ölkədir, dünya qaz ehtiyatlarına görə 1-ci, neft ehtiyatlarına görə isə ilk 5-likdə yer tutan ölkədir, dinamik və gənc nüfuzu var, işləmək, pul qazanmaq istəyən insanları var. İran bazarı sözün yaxşı mənasında “ac” bazardır – yeni texnologiyalara, yeni sistemə ehtiyacı var.

 

İranda baş verən etirazları etnik zəminə çəkmək ancaq rejimin əlinə oynamaqdan başqa bir şey deyil. Mərkəzi dini hökumət etirazların etnik zəminə çəkilməsində maraqlıdırlar ki, əhalnin böyük bir qismini bu etirazlardan kənarda tutsunlar, öz əməllərini, sərt addımlarını “etnik separatizmə” qarşı mübarizə kimi təqdim etsinlər. Bizim marağımız odur ki, İran dünyəvi, sivil, demokratik və bütöv  bir ölkə olsun, indiki mərhələdə parçalanmasın, çünki rejim etnik münaqişələr salaraq prosesləri həmişə qaba güclə əzəcək. İlkin mərhələdə İranın sekulyarlaşması və demokratikləşməsi əsas hədəf olmalıdır. “Elçibəy sindromuna” qapılıb indiən Cənubi Azərbaycana müstəqillik istəmək zərərli və yanlış yoldur. 

 

Yaxşı, bəs biz – Şimali Azərbaycan nə edə bilərik?! Etməli olduğumuz ən vacib məsələ Azərbaycanımızı sosial rifah dövlətinə, demokratik məmləkətə çevirərək Cənub üçün rol-model olmağımız, cazibəli nümunə yaratmağımız ola bilər. Əsas məsələ də məhz budur. Biz rol-model olmasaq, cazibə mərkəzinə çevrilməsək, İranda yaşayan soydaşlarımıza heç nə ilə kömək edə bilməyəcəyik.

 

Sonda bəzi kəsimlərdən indiki Azərbaycan hökumətinə İrandakı məsələlərə susqun qalmaları ilə bağlı ittihamla haqqında bir neçə kəlmə yazmaq istərdim: Populizmdən uzaq olun, İranın təsir dairələrini nəzərə alın. Hökumətdə kim olursa-olsun, İrana qarşı ehtiyatllı və hörmətlə davranmağa məcburdur və bu, doğru yoldur, əsl dövlət ərkanına yaraşan yanaşmadır. Belə...

Müəllif: Natiq Cəfərli, REAL-ın icraçı katibi, iqtisadçı-ekspert      24 Noyabr 2019 16:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin