Abşeronda problemlər məngənəsi

Abşeronda problemlər məngənəsi

Sakinlərin su, işıq, yol problemləri qarışıb bir-birinə

 

Abşeron rayonu Aşağı Güzdək qəsəbəsinin sakinləri AYNA-ya şikayət məktubu ünvanlayıblar. Sakinlər, aidiyyəti qurumların qəsəbədəki problemlərə biganə yanaşmasından şikayətçidirlər.

 

“Aşağı Güzdək qəsəbəsində saymaqla bitməyən problemlər var. Bu problemələrdən biri də sakinlərin dincliyini pozan yararsız kanalizasiya sistemidir. Belə ki, qəsəbədə kanalizasiya sistemi olsa da, mütəmadi olaraq istifadəsiz hala düşür. Belə olan halda isə aidiyyəti qurumların heç biri problemə maraq göstərmir”, - sakinlər bildirirlər.

 

Onların sözlərinə görə, küçələri su basır, üfunət qoxusundan ərazidə dayanmaq olmur: “Heç kim problemlə maraqlanmır. Sadəcə qəsəbədə yaşayan bir neçə adam şəxsi vəsaitləri hesabına problemləri həll etməyə çalışıblar. Kanalizasiya quyularından daşan su küçələrə və həyətlərə dolur. Sakinlər evlərinə gedib-gələ bilmirlər, uşaqları məktəbə aparmaq olmur. Küçənin ortasına daşlar düzülür və onların üstü ilə hərəkət etməyə çalışırıq. Bir sözlə, vəziyyət bu dərəcədə dözülməzdir”.

Şikayətçilər problemin kanalizasiya sistemi ilə kifayətlənmədiyini də vurğulayırlar: “Aşağı Güzdək qəsəbəsində elektrik enerjisinin verilməsində uzun fasilələr yaranır. Hətta elə vaxt olur ki, qəsəbə günlərlə işıq üzünə həsrət qalır. Qışın ən şiddətli vaxtlarında sakinlər işıqdan məhrum olurlar. Doğrudur, qəsəbənin işıq problemi yay aylarında da olur, amma küləkli və yağışlı havalarda bu problem demək olar ki, hər gün təkrarlanır. Qəsəbəyə gələn ekektrik enerjisi xətti Ceyranbatan su anbarı istiqamətindən gəlir. Enerji xətti müxtəlif problemlər ucbatından dəfələrlə qırılır, yararsız hala düşür. “Azərişıq” ASC-nin əməkdaşları xəttin yalnız yararsız vəziyyətə düşən yerlərini təmir edirlər, problemi kökündən həll etmək isə yaddan çıxır”.

 

“Digər bir problem də Güzdəyin yolları ilə bağlıdır. Qəsəbənin daxili yollarında şərait nisbətən qənaətbəxş olsa da, qəsəbədən Bakıya gəlmək üçün əsas yol bağlanıb. İctimai nəqliyyat vasitələri paytaxta getmək üçün qəsəbdən üzü Şamaxı istiqamətinə hərəkət edir, Müşfiqabad qəsəbəsinin yaxınlığındakı körpüdən fırlanıb Bakıya gedən yola çıxır. Təkcə yarım saat yolun əks istiqamətinə keçmək üçün vaxt itiririk. Vaxtı ilə “Akkord” şirkətlər qrupu həmin yolun əsasını qoyanda, mərkəzi çıxışı bağladılar. Problemin həlli üçün dəfələrlə müraciət etsək də, heç bir nəticə əldə edə bilmədik. Sadəcə yolun layihəyə uyğun olmadığını deyirlər. Həmin ərazidə süd məhsulları istehsal edən “Milla” adlı böyük şirkət yeləşir. “Milla” şirkəti də gediş-gəlişlərini asanlaşdırmaq üçün ancaq özlərinin istifadə etdikləri çıxış ərsəyə gətiriblər. Amma şirkətə verilən bu səlahiyyət qəsəbə sakinlərinə verilmir”, - narazı sakinlər bildirirlər.

 

Onların sözlərinə görə, qəsəbənin mərkəzi yollarının birindən su borusu keçir: “Həmin boru tamamilə çürüyüb və məhv olmaq üzərdir. Bu boru vasitəsilə qəsəbəyə günaşırı 2 saat su verilir. Lakin su gələn kimi borunun çürük yerlərindən su daşır və yollara axır. Buna görə də yol günlərlə palçıq içində olur. Dəfələrlə Abşeron Rayon Mənzil İstismar İdarəsi, Kanalizasiya İdarəsi, “Azərsu” ASC, “Azərişıq” ASC və Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmişik. “Azərişıq” hər dəfə qəza olduğunu, kanalzasiya idarəsi vaxt qıtlığını bəhanə gətirir. “Azərsu”dan da deyirlər ki, “bizə pul yığın verin, gəlib probleminizi həll edək”. Nəticə isə göz qabağındadır”.

 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AYNA-ya açıqlamasında ittihamları əsassız adlandırıb: “Həmin qəsəbədə kanalizasiya sistemlərini sakinlər özləri çəkiblər. Buna baxmayaraq “Azərsu” tərəfindən oraya daim nəzarət olunur, kanalzasiya sistemləri açılıb təmizlənir. Baxmayaraq ki, bizim həmin ərazilərdə kanalizasiya sitemlərimiz yoxdur, amma problem baş verəndə sakinlərə köməklik göstərməyə çalışırıq. Ola bilsin ki, sakinlər yeni kanalizasiya sistemlərinin çəkilməməsindən şikayətlənirlər”.

 

Bununla belə, qurumun sözçüsü qəsəbəyə bir daha baxış keçirəcəklərini və yerli sakinlərə kömək edəcəklərini vəd edib: “Həmin əraziyə “Azərsu”nun qəza işlərinə baxan departament nəzarət edir. Çalışacağıq ki, əraziyə baxış keçirək və vətəndaşların problemlərini həll edək”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AYNA-ya verdiyi açıqlamada, sakinlərin istifadə etdiyi yolun daha təhlükəsiz olduğunu deyib: “Qəsəbədən avtomagistrala birbaşa çıxış vermək təhlükəli olduğuna görə, daha təhlükəsiz ərazidən qəsəbələrə geridönmə hissələri yaradılıb. Harda ki, layihə üzrə geridönmə hissələri təşkil olunub, demək bu, daha məqsədəuyğundur. Təhlükəsiz və əlverişli yerlərdə geridönmə hissələri yaradılanda hansısa şirkətin, fabrikin fəaliyyəti nəzərə alınmır. Hər tindən, hər döngədən magistral yola çıxış vermək təhlükəlidir”.

 

“Buna baxmayaraq, sakinlər bizim Agentliyin İdarə Heyətinə problemlə bağlı rəsmi şəkildə müraciət ünvanlasınlar. Əgər mükün olsa, müvafiq addımlar atmağa çalışacağıq”, - deyə qurum sözçüsü əlavə edib.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafavey də AYNA-ya mövqeyini bildirib: “Həmin ərazidə enerji problemi yoxdur. Apardığımız yoxlamalara əsasən, Aşağı Güzdək qəsəbəsində enerji problemi aşkar olunmayıb. Dəfələrlə problem yaranmağı ilə bağlı iddialar əsassızdır. Bu qədər işlər görüldüyü halda, problemin olmağı inandırıcı görünmür. Çünki o ərazidən bizə şikayət ünvanlayan olmayıb. Amma mən xahiş edirəm ki, sakinlər problem barədə rəsmi müraciət ünvanlasınlar. Ki, biz daha dəqiq yoxlama aparaq. Çünki bizdə bu barədə məlumat yoxdur”.

 

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidmətinin rəhbəri Seymur Qasımov isə AYNA-ya problemin olması ilə bağlı iddiaları təsdiqləyib: “Güzdək qəsəbəsində kanalizasiya sisteminin olmaması doğru məlumatdır. Lakin bunun üçün dövlət tərəfindən vəsait ayrılıb. Hal-hazırda Xırdalan şəhərinin su və kanalizasiya sitemlərinin yenilənmə prosesi həyata keçirlir. Xırdalan şəhərində su və kanalizasiya layihəsi başa çatdıqdan sonra, Abşeron rayonunun digər kənd və qəsəbələrinə su və kanalzasiya sistemi çəkiləcək”.

 

“Hazırda Abşeron rayonunun Xırdalan şəhərinin su və kanalzasiya sisteminin qurulması prosesi gedir. Bu işlər də “Azərsu”nun elan etdiyi tenderdə qalib gələn şirkətlər tərəfindən görülür. Yalnız bundan sonra digər kənd və qəsəbələrə keçid prosesi başlayacaq”, - deyə RİH sözcüsü vurğulayıb.

Müəllif: Mərahim Nəsib      27 Noyabr 2019 10:15
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin