“Yerli meyvələr daxili tələbatı ödəmir, məcburən idxal edirik”

“Yerli meyvələr daxili tələbatı ödəmir, məcburən idxal edirik”

Nicat Nəsirli: “Növbəti ildən sitrus bağlarının salınmasına subsidiya veriləcək”

 

Payız mövsümü həm də sitrus meyvələrinin yetişdiyi və yığıldığı zamandır. Tədarükü, alıcısı nə qədərdir, deyə bilmərik, hər halda bu mövsümün naringisini, feyxuasını, portağalını səbirsizliklə gözləyən orqanik məhsul düşgünləri var.

 

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli sitrus meyvəçiliyi ilə bağlı AYNA-nın suallarını cavablandırıb.

- Azərbaycanda sitrus meyvəçiliyi ötən əsrin əvvələrindən mövcud olsa da, müstəqillik illərində bu sahə xeyli geriləyib, yalnız 2007-ci ildən sonra inkişafa başlayıb. Meyvəçiliyin yeganə sahəsidir ki, yalnız ölkənin cənubunda inkişaf etdirilib. Bölgənin torpaq-iqlim şəraitinə görə kivi, naringi, portağal, limon və feyxua təsərrüfatçılığı yayılıb.

 

- Son illər bu meyvəçilik sahəsində “artım var” deyə bilərikmi?

 

- Kivi bağları 2006-cı ildən salınmağa başlayıb, sahəsi ötən il 150 hektara çatıb. Bu meyvənin istehsal həcmi 200 tondan çoxdur. Naringinin əkin sahəsi ildən-ilə artır, ötən il 1625 hektara, istehsal həcmi isə 37 min tona çatıb. Portağalın əkin sahəsi ildən-ilə artır, ötən il 500 hektara çatıb, əvəzində 3 min ton meyvə istehsal olunub. Limon 580 hektara yüksəlib, 4 min 600 ton illik istehsal həyata keçirilib. Feyxua bağları da illər üzrə sürətlə artır. Ötən il 1000 hektarı ötüb, 10 min ton məhsul istehsal olunub.

 

- Öz meyvəmiz ola-ola, xaricdən idxala ehtiyac varmı?

 

- Ölkədə istehsal olunan sitrus meyvələri ölkə tələbatını tam təmin etmir, bölgədə kifayət qədər saxlama və emal imkanlarının olmaması ucbatından qış mövsümündə İrandan və Gürcüstandan da idxal edilir.

 

-Sitrusçuluqla hər təsərrüfatçı məşğul ola bilməz, - deyirlər. Səbəb?

 

- Bəli, meyvəçiliyin bu istiqaməti üzrə risklər də mövcuddur: mövsümün quraq keçməsi, ziyanvericilərlə aktiv mübarizənin aparılmaması, qışda normadan artıq müşahidə edilən şaxtalar sitrus bağlarına ciddi ziyan vurur. Növbəti ildən çoxillik əkmələr kimi sitrus bağlarının salınmasına da subsidiya veriləcək. Bu, dövlət dəstəyi bağların sahəsinin genişlənməsinə imkan verəcək.

 

Raminə Eyvazqızı

Müəllif: Raminə Eyvazqızı      1 Dekabr 2019 11:00
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin