Tələbə faciəsi ilə bağlı cinayət işi açıldı, təqsirkarlar müəyyənləşdirilir

Tələbə faciəsi ilə bağlı cinayət işi açıldı, təqsirkarlar müəyyənləşdirilir

Hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəyə göndərilib

 

Bakı Şəhər Prokurorluğu (BŞP) BDU tələbələrinin zəhərlənməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumatda deyilir:

 

“Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızının qidadan zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddinovnanın zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis, prokurorluq, Qida Təhlükəsizlik Agentliyinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, qida nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

 

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Tələbələrin zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

 

Hadisə zamanı zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, stasionar şəraitdə müalicələri davam etdirilir.

 

Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə barədə Təcili Tibbi Yardıma müraciət bu gün saat 12:35-də daxil olub.

 

Həkimlər qeyd edilən ünvana çatdıqda otaqda huşsuz vəziyyətdə üç tələbə qızı aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin sözlərinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib.

 

Zəhərlənməsi ehtimal edilən qızlardan biri dünyasını dəyişib, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onların vəziyyətləri ağırdır.

Müəllif: Ayna.az      21 Noyabr 2019 16:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin