Daha bir avtobus sürücüsündən özbaşınalıq - VİDEO

Daha bir avtobus sürücüsündən özbaşınalıq -           VİDEO

Sərnişinlər, təxminən, 10 dəqiqəlik məsafəni yağışın altında piyada getməyə məcbur qalıblar

 

Boşuna demirlər ki, Bakıya yağış yaraşmır. Necə ki, havaya bir qədər nəm gəlir, o dəqiqə şəhərin bütün dərdləri üzə çıxır. Sakinlər evlərin isinməsindən tutmuş ictimai nəqliyyata qədər bir sıra sahələrdə problemlərlə üzləşirlər. Bu problemlərin ən dözülməzi isə nəqliyyatla bağlı yaşananlar olur.

 

Təəssüflər olsun ki, aidiyyəti qurumlar tərəfindən nə qədər işlər görüldüyü deyilsə də, ictimai nəqliyyatla bağlı neqativ faktların kökünü kəsmək mümkün olmur. Yağış yağanda, tıxac olanda avtobus sürücüləri, “dərə xəlvətdir, tülkü bəy” prinsipi ilə fəaliyyət göstərirlər. Yəni avtobusun intervalından çıxaraq istədikləri istiqamətlə hərəkət edir, sərnişinləri istədikləri yerdə düşürürlər.

 

AYNA-nın redaksiyasına bu gün göndərilmiş video da məhz belə faktdan bəhs olunur. Belə ki, Bakıxanov qəsəbəsindən “Xətai” metro stansiyası istiqamətində hərəkət edən 49 nömrəli avtobusun sürücüsü “Neftçilər” metrostansiyasındakı dayanacaqda saxlamayacağını deyərək orada düşməli olan sərnişinləri "Start" İdman və Əyləncə Kompleksinin yanında düşürüb. Səbəb olaraq isə “Neftçilər” metro stansiyasının ətrafında tıxac yaşandığını bildirib.

Sərnişinlər sürücüyə etiraz etsələr də, Bakı Nəqliyyat Agentliyinə şikayət edəcəklərini bildirsələr də, sürücü bu etirazlara məhəl qoymayıb və marşrutun xətti ilə getməkdən imtina edib. Avtobusdan düşürülən sərnişinlər “Neftçilər” metro stansiyasına qədər olan, təxminən, 10 dəqiqəlik məsafəni yağışın altında piyada getməyə məcbur qalıblar.

 

Sözügedən videonu təqdim edirik və ümid edirik ki, faktla bağlı Bakı Nəliyyat Agentliyi tərəfindən lazımi tədbir görüləcək.

Müəllif: Mərahim Nəsib      21 Noyabr 2019 15:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin