Gürcüstanda baş verənlərə hadisə yerindən baxış

Gürcüstanda baş verənlərə hadisə yerindən baxış

Bizim müxalifət dünyada insanlar bir yerə yığışıb nəyəsə etiraz edən kimi, dərhal həvəsə gəlir

 

Gürcüstanda normal siyasi proseslər gedir, bunun adı nə inqilabdır, nə çevriliş, nə də xaos. Hakim "Gürcü Arzusu" partiyası əvvəl söz vermişdi ki, ölkə tam proporsional seçki sisteminə keçəcək, özü də partiyalar üçün keçid barajı olmadan seçkilər təşkil ediləcək. Bununla bağlı qanun layihəsi parlamentə gələnə qədər hakim partiya fikrindən vaz keçdi - apardığı rəy sorğuları və xarici oyunçuların təsiri məsələsi bu qərarda əsas rol oynadı.

 

Başqa səbəblər də var, o haqda aşağıda yazacam. Yeni seçki sisteminə keçidlə bağlı qanun qəbul edilmədi deyə müxalifət, hətta hakim partiyaya yaxın təşkilatlar da insanları etiraza səslədi və bir neçə gündür ki, Tiflisdə dinc aksiyalar davam edir. Çox güman, ortaq məxrəc tapılacaq, çünki Gürcüstan artıq demokratik ölkədir, seçkilərdə səs oğurluğu yoxdur.

 

Hakim partiya nədən fikrini dəyişdi:

 

1) “Gürcü Arzusu” vahid partiya deyil, daha çox koalisiyadır, barajsız proporsional sistem olsa, bəzi partiyalar təkbaşına seçkiyə gedib özü mandat qazanmağa çalışacaq ki, sonda hakim partiya ilə daha yüksək statusda koalisiya qurub nazir portfelləri qazansınlar;

 

2) Barajsız seçki xarici, əsasən də Rusiyanın müdaxilə imkanlarını artırır - rusiyapərəst bir neçə partiya bir neçə mandat qazanmaqla parlamentdə güclü oyunçulara, hətta bloklayıcı azlığa çevrilə bilər;

 

3) Barajsız seçki "etnik, hətta sub-etnik partitaların" yaranmasına səbəb ola bilər. Bu isə Gürcüstan üçün daxili təhlükələri artırır. Siyasəti təhlükəli etnik zəminə otuzdura bilər və bundan da ən çox erməni əsilli Gürcüstan vətəndaşları yararlanacaqlar - onların daha mütəşəkkil və siyasi olmaları həmin "etnik partiyanı" həlledici mövqeyə gətirə bilər.

Müxalifət nə istəyir: Müxalifət yekcins deyil, istəklər müxtəlifdir - amma əsas hədəf seçkidə hakim partiyanın hökumət qura biləcək qədər səs almamasıdır. Bu zaman hər bir partiyanın (bir neçə partiyanın) koalisiya qurmaq şansı yaranacaq, özü də, ya hakim partiya ilə, ya da öz aralarında belə koalisiya yarana bilər.

 

Amma indiki məqamda müxalifət daha dar, hakim partiya isə daha geniş düşünməyə çalışır. Məncə, sonda anlaşacaqlar - 3%-lik baraj müəyyən etməklə proporsional seçkini bərpa edəcəklər.

 

Məni narahat edən məsələlərdən biri budur ki, bizim müxalif kəsimin bəzi nümayəndələri dünyada insanlar bir yerə yığışıb nəyəsə etiraz edən kimi, həmən həvəsə gəlirlər, məsələlərin məğzini anlamadan həmən havaya girirlər, oyuncaqları əlindən alınmış uşaqlar kimi davranıb, "niyə o əjdahadan bizdə yoxdur", - deyirlər.

 

Yoxdur, ona görə ki, siyasətimiz doğru deyil (özümüzü də qatım ki, inciməsinlər) dilimiz-üslubumuz qüsurludur, məsələləri dərindən öyrənib analiz edə bilmirik, gah Ekvador, gah İran, gah Gürcüstan (bundan əvvəl də “ərəb baharı”, Ukrayna və s.) hadisələrini rol-model kimi təqdim edirik. Və bu ağılla da xalqdan nəsə gözləyirik. Olmur belə, olmayacaq da.

 

P.S. Şəxsi işlərimlə bağlı 2 günlük Tiflisə gəlmişəm, məsələləri yerində bir daha dəqiqləşdirdikdən sonra bu yazını yazdım.

Müəllif: Natiq Cəfərli, REAL-ın icraçı katibi, iqtisadçı-ekspert      19 Noyabr 2019 19:49
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin