Görəsən, mənim Ermənistana səfərim Azərbaycanda necə qarşılanacaq...

Görəsən, mənim Ermənistana səfərim Azərbaycanda necə qarşılanacaq...

Rəsmi Bakı dost ölkələrdən Ermənistanla əməkdaşlıqda həssas olmalarını gözləyir

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Qətərin Azərbaycana yeni təyin olunan səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabın etimadnaməsini qəbul edib. İlham Əliyev Qətər səfiri ilə görüşdə dedi ki, iki ölkə arasında əlaqələrin inkişafına önəm verir.

 

Prezidentin sözlərinə görə, Azərbaycanla Qətər beynəlxalq arenada fəal əməkdaşlıq edir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər olub. Hökumətlərarası fəaliyyət və nazirlər səviyyəsində qarşılıqlı səfərlər var. Azərbaycan Prezidentinin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsini hər iki istiqamətdə artırmaq üçün potensial var.

 

Buna baxmayaraq, Qətərin Azərbaycan torpaqlarını işğal edən Ermənistanla da sıx əlaqələri var. Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan Qətərdə olmuşdu. Ermənistanın hazırki Prezidenti Armen Sarkisyan da bir neçə gün əvvəl Qətərə səfər edib. Armen Sarkisyan Qətər əmiri ilə müzakirələr apardıqdan sonra bu ölkədə keçirilən innovasiya sammitində iştirak edib.

 

Armen Sarkisyan Ermənistanın Qətərdə açdığı yeni səfirlik binasında olub. Maraqlıdır ki, Ermənistan Prezidenti bu səfirliyin açılmasında Qətər əmirinin xüsusi rol oynadığını vurğulayıb. Armen Sarkisyan bu fikri Qətərə səfəri zamanı bir neçə dəfə təkrarlayıb. Belə nəticəyə gəlmək olar ki, həmin səfirliyin maliyyə xərclərini elə Qətər təmin edib. Ermənistan Prezidenti xanımı ilə birgə Qətər əmirinin xanımının rəhbərlik etdiyi fondda da olub.

 

Qətər İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və qəbul edilən çoxsaylı qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq görünür, bu, Qətərə Ermənistanla siyasi əlaqələri yüksək səviyyədə saxlamağa mane olmur. Bir müddət əvvəl Qətərin bir qrup biznesmeni Ermənistana səfər edərək ortaq əməkdaşlığı müzakirə etmişdi.

 

Aydındır ki, Ermənistanın Qətərlə ticarət mübadiləsini artırmaq imkanları yüksək deyil. Qətərin Cənubi Qafqaz ölkələri ilə arasında Azərbaycanla ticarət mübadiləsini artırmaq imkanları var və Qətərdə onu da bilirlər ki, rəsmi Bakı İslam və türkdilli ölkələrin işğalçı Ermənistanla əməkdaşlığına mənfi yanaşır. Çünki, İslam və türkdilli ölkələr atdıqları imzalara hörmət etməlidir.

 

Məsələnin qəribə tərəfi həm də odur ki, Qətər Türkiyənin strateji tərəfdaşıdır. Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə Ankara Dohanı dəstəklədi və bununla Ər-Riyadla münasibətləri daha da soyudu. Digər tətəfdən, Türkiyənin Qətərdə hərbi bazası mövcuddur. Qətərdə onu da bilməmiş deyillər ki, Ermənistan Türkiyəni də özünə düşmən sayır. Ancaq bu amil də Dohaya İrəvanda siyasi təmaslara diqqətli olmağa kifayət etmir. Əslində Ankara Ermənistanla əməkdaşlıq mövzusunda Dohaya məsləhətini əsirgəməməlidir.

 

Bu arada, Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayevin İrəvana səfəri Azərbaycanda suallar doğurdu. Çünki, Dariqa Nazarbayevanın atası, Qazaxıstanın keçmiş Prezidenti və lideri Nursultan Nazarbayev Azərbaycanla sıx əməkdaşlığın tərəfdarıdır. Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən son zirvə toplantıısnda bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən yekun bəyanata imza atmışdı.

 

Əlbəttə, Azərbaycan başqa dövlətlərin, o cümlədən qardaş ölkə olan Qazaxıstanın daxili işlərinə qarışmır. Və onu da nəzərə alırıq ki, Qazaxıstan Ermənistan kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ancaq Azərbaycan qardaş ölkələrdən Ermənistanla əməkdaşlıqda həssas olmalarını arzu edir. Ən azı, Ermənistana səfər edən rəsmi şəxs “görəsən, mənim Ermənistana səfərim qardaş Azərbaycanda necə qarşılanacaq” sualı üzərində düşünməlidir.

Müəllif: “Atlas” Araşdırmalar Mərkəzi      19 Noyabr 2019 15:32
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin