Büdcə şəffaflığı artırılmalıdır

Büdcə şəffaflığı artırılmalıdır

Noyabrın 13-də yazdığım statusa Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələrə məsul qurumu reaksiya verib

 

Həmin statusta yazmışdım ki, bizdə formal da olsa, hər deputat bir bölgəni təmsil edir, amma büdcə müzakirələrində həmin bölgənin təhsilinə, səhiyyəsinə, ekologiyasına, kənd təsərrüfatına, sosial müdafiəsinə nə qədər vəsait ayrıldığını bilmir. Amma həm də büdcə müzakirələrində iştirak edir. Çünki bizim büdcədə nə gəlirlərin, nə xərclərin rayon və şəhərlər üzrə bölgüsü aparılmır.

 

Göndərilən cavabda bildirilir ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində dövlət büdcəsi ilə bağlı nəzərdə tutulan sənədlər toplusu istisna olmaqla, dövlət büdcəsinin tərkib hissəsi olan nə mərkəzləşdirilmiş gəlir və xərclərin, nə də yerli gəlir və xərclərin vahid büdcə təsnifatının (gəlirlər üzrə-bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə, xərclər üzrə-funksional, inzibati və iqtisadi təsnifat) parametrləri səviyyəsində bölgüsü ilə bağlı göstəricilərin Milli Məclisə təqdim olunması nəzərdə tutulmamışdır. Lakin lazım bildikləri təqdirdə, deputatlar bu məlumatları seçildikləri rayon və şəhərlərin yuxarıda qeyd olunan müvafiq maliyyə və vergi orqanlarından, həmçinin Maliyyə Nazirliyindən və Vergi xidməti orqanından maneəsiz ala bilərlər.


Nümünə olaraq bir neçə bölgənin timsalında 2020-ci ilin proqnoz məlumatları cavaba əlavə edilib. Məsələn, Astara rayonunun yerli gəlirləri 10296,0 min manatdır ki, ondan fiziki şəxslərin gəlir vergisi 2652,0 min manat, mənfəət vergisi 587,0 min manat, mülkiyyətdən vergilər 759,0 min manat, ƏDV 4353,0 min manat, sadələşdirilmiş vergi 1237,0 min manat, vergi olmayan gəlirlərdən 708,0 min manat təşkil edir. 


Yerli xərclər 5747,0 min manat olacaq ki, ondan yerli icra hakimiyyəti orqanlarının saxlanılmasına 1550,2 min manat, uşaq baxçalarının və təhsil sahəsinə aid edilən müəssisələrin saxlanmasına 2428,3 min manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət bölməsi üzrə - gənclər siyasəti, bədən tərbiyyəsi və idmanın təşkilinə 55,1 min manat, mənzil və kommunal  təsərrüfatı bölməsi üzrə - mənzil təsərrüfatının fəaliyyətinin təkmilləşdirilməsinə 100,0 min manat, işıqlandırma və yaşıllaşdırma xərclərinin ödənilməsinə 220,0 min manat, ətraf mühitin mühafizəsi bölməsi üzrə - rayonun abadlaşdırılması və ərazilərin təmizlənməsinə 650,0 min manat, avtomabil yollarının saxlanılması və təmirinə 550,0 min manat və digər xərclərə 193,4 min manat proqnozlaşdırılır.

 

Amma bura regional idarələr vasitəsilə təhsil və mədəniyyətə, TƏBİB vasitəsilə səhiyyəyə, birbaşa mərkəzi büdcədən sosial müdafiə, kənd təsərrüfatı və dövlət investisiyalarına ayrılan vəsaitlər daxil edilməyib.

 

İstənilən halda Nazirliyin sosial şəbəkələrdə səslənən təklifə reaksiyası müsbətdir. Amma ümid edirəm ki, yaxın dövrlərdə bütün bölgələr üzrə dövlət büdcəsinin gəlir və xərclərinin strukturu barədə məlumatları internet resursları vasitəsilə əldə etmək nə millət vəkilləri, nə media, nə də büdcə araşdırmaçıları üçün problem olmayacaq.

 

Belə görünür, büdcə şəffaflığının artırılması istiqamətində səyləri durmadan artırmaqda fayda var...

Müəllif: Rövşən Ağayev, iqtisadçı-ekspert      19 Noyabr 2019 01:29
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin