"Sülh jurnalistikası" media nümayəndələrinin etirazı ilə qarşılanır

 "Sülh jurnalistikası" media nümayəndələrinin etirazı ilə qarşılanır

“Bu layihə başlayan gündən ilk təklif alanlardan olmuşam və o vaxt verdiyim cavab dəyişməz qalır - İrəvana və işğal altında olan Qarabağa yalnız tankla gedə bilərəm"

 

“Turan” informasiya agentiliyinin yazdığına görə, noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Bu barədə Riqada keçirilən “Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı məlumat əldə olunub. Səfərin qarşılıqlı etimad çərçivəsində baş tutacağı və erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri, ekspertlərlə  görüşəcəkləri bildirilir.

 

Qeyd olunur ki, jurnalistlər arasında səfər mübadiləsi  qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub. Bu səfərdən sonra isə azərbaycanlı jurnalistlərin də Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir.

 

Maraqlıdır, bizim media nümyəndələrimiz Azərbaycan və Ermənistan jurnalistlərinin "sülh jurnalistikası" çərçivəsində qarşılıqlı səfərlərinə necə baxır? Sualımıza AYNA tutmaq üçün bir neçə tanınmış jurnalistə müraciət etdik.

Image result for jurnalistika

“Yeni Musavat”ın tanınmış yazarı Elşad Paşasoyun fikrincə, sülh o zaman mümkün olur ki, hər iki tərəf barış istiqamətində addım atır: “Azərbaycan dəfələrlə xoş məramını nümayiş etdirib, baxmayaraq ki, təcavzüə məruz qalan tərəfdir, məntiqlə aqressiv mövqe sərgiləmək haqqına malikdir. Lakin bu xoş məramın qarşılığında, ən sonuncu, Bakı Sülh Platformasının yaradılmasının əvəzində Ermənistan rəhbərliyi sülhdən daha da uzağa gedərək "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatını verdi və sülh prosesinə ağır zərbə vurdu. Düzdür, Azərbaycan Prezidenti erməni baş nazirə nidalı cavab verdi. Lakin reallıq bundan ibarətdir ki, ortada sülhü təmin edəcək bir proses yoxdur, yalnız imitasiya var. Belə olan təqdirdə jurnalistlərin qarşılqlı səfərləri nəyi dəyiəcək? Bundan əvvəl dəfələrlə ən müxtəlif səviyyələrdə, həmçinin media nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutub, ziyalıların, deputatların və digərlərinin həmçinin. Lakin İrəvanın mövqeyi ona köklənib ki, status-kvo uzansın, dünya işğalın legitimləşdirilməsinə qərar versin. Qarşılıqlı səfərlər yalnız və yalnız zamanın itirilməsidir”.

 

“Bir müddət öncə həmkarımız Şahin Hacıyev İrəvanda səfərdə oldu və qayıdandan sonra bildirdi ki, erməni ictimai rəyi güzəş anlayışını qəbul etmir. Belə olan təqdirdə bizim digər jurnalistlərimiz Ermənistana niyə getsinlər ki? Fikrimcə, bu, sadəcə hansısa xarici dairələrin marağında olan bir layihədir və Qarabağın nəyin bahasına olursa-olsun qaytarılmasını istəyən Azərbaycan ictimai rəyinin parçalanmasına, daxildə narazılıqların yaranmasına yönəlib. Çünki xarici qüvvələr bilirlər ki, bizi birləşdirən yeganə dəyər Qarabağdır. Bu məsələdə olduqca diqqətli olmalıyıq. Məncə, bu məsələdə öncə vətəndaş, sonra jurnalist baxışı lazımdır. Şəxsən mən işğaldakı Qarabağ torpaqlarına, yaxud Ermənistana indiki şərtlər daxilində getmərəm! Nəinki realda, hətta yuxuda da kiməsə belə səfərlərdə olmağı arzulamazdım. Biz qalib ölkənin vətəndaşı, jurnalisti olaraq ora gedə bilərik və nida!””, - deyə E.Paşasoy vurğuladı.

 

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə də bu tip səfərlərə çox pis baxdığını bildirdi: “Biz Xankəndinə və İrəvana ancaq qalib kimi getməliyik. Xalq diplomatiyası mənim üçün cırtdanın nağılının 21-ci əsr versiyasıdır. Qarı düşmənlə onun haqq etdiyi dildə danışarlar. Amma hələ ki, Zakir Həsənovun tanklarının və artilleriyta qurğularının lülələrini meşin qoruyucular bağlayıb. Qarabağda sülh istəyən işğalçıya divan tutandan sonra masaya oturulmalıdır”.

 

Tanınmış jurnalist, siyasi analitik Azər Rəşidoğlu da erməni jurnalistlərin Bakıya, bizim jurnalistlərin İrəvana və işğalda olan Qarabağa səfərlərinə müsbət yanaşmır: “Bu layihə başlayan gündən ilk təklif alanlardan olmuşam və o vaxt verdiyim cavab dəyişməz qalır - İrəvana və işğal altında olan Qarabağa yalnız tankla gedə bilərəm. Heç bir sülh məramlı səfər və layihəni qəbul etmirəm. Torpaqlarımızı azad etmirlərsə, savaş tərəfdarıyam. Torpaq uğrunda qan tökmək bir şərəfdir, özüm və doğmalarım fəda olsun bu torpağa. "Günahsız erməni" imici yaradanlar sonunda Mübarizləri qatil çıxaracaqlar. Torpaq uğrunda ölməkdən və öldürməkdən böyük şərəf yoxdur”.

 

"Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə düşünür ki, bu məsələyə qiymət vermək üçün hər şeydən əvvəl Azərbaycanla Ermənistanın niyə müharibə vəziyyətində olmasının, nə üçün iki ölkə arasında heç bir əlaqənin mövcud olmamasının səbəbləri haqqında danışmalıyıq: "Nəyə görə biz Gürcüstan, Özbəkistan, Portuqalya, Meksika, Cənubi Afrika Respublikası, Mozanbik, Uqanda jurnalistlərinin Azərbaycana, azərbaycanlı media təmsilçilərinin bu ölkələrə qarşılıqlı səfərlərini müzakirə etmirik, amma erməni jurnalistlərinin Bakıya gəlib-gəlməməsi üzərində bu qədər baş sındırırıq? Hesab edirəm ki, əsas suala cavab vermədən, necə deyərlər, mahiyyətə varmadan Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinə də obyektiv qiymət vermək mümkün deyil. Biz XXI əsrdə bu məsələni ona görə müzakirə edirik ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyona yaxın günahsız soydaşımızı doğma yurdundan didərgin salıb, on minlərlə insanı qətlə yetirib. Rəsmi Yerevan 30 ilə yaxındır işğalçılıq siyasəti yürüdür və bundan əl çəkmək niyyətində deyil. Mən 27 ildir anadan olduğum Laçın rayonuna, doğma kəndim Oğuldərəyə gedə bilmirəm, Ermənistan buna imkan vermir. Bəs indi biz nə etməliyik? Torpaqları unutmalıyıq? Erməniləri bağışlamalıyıq? Kimsə yerindən qalxıb deyə bilər ki, sonu sülhlə bitməyən müharibə yoxdur, biz də Ermənistanla barışmalıyıq. Əgər təsnifatlaşdırsaq, ermənilər min istiqamətdən bizə pislik ediblər, divan tutublar. İndi biz bunun hamısını unutmağa, Xocalıda bədəninə siqaret basılan, ağzından güllələnən, fevralın şaxtasında meşədə donaraq ölən körpələrin ah-naləsini eşitməməyə, şəhid analarının göz yaşlarını görməməyə, doğma yurd yerlərimizin işğal nəticəsində dağıdılmasını yaddaşımızdan silməyə hazırıq və yalnız bir məsələ üzərində dayanmışıq: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından rədd olsun! Vəssalam. Tələbimiz yalnız budur. Amma Ermənistan bununla da razılaşmır, işğalı davam etdirir və min bir fənd-fırıldaqla diqqəti əsas məsələdən yayındırmağa çalışır. Bunun üçün də zaman-zaman humanitar sahədə əməkdaşlıq, ziyalıların, jurnalistlərin qarşılıqlı səfərləri və s. məsələləri ortaya atır. Ona görə də gərək biz burada diqqətli olaq".

 

Jurnalistin qənaətincə, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayıb, heç bir qarşılıqlı səfərdən söhbət gedə bilməz: "Bu gün Azərbaycana erməni jurnalistlər gələcək, sabah müğənni, o biri gün rəqqasə. Bir gün də hansısa azərbaycanlı oliqarx fikirləşəcək ki, Ermənistanda filan sahədən yaxşı pul qazanmaq olar, gedib ora sərmayə qoyacaq, biznesini açacaq. Bunlardan faydalananlar başlayacaq sülhdən, barışıqdan danışmağa. Beləliklə, işğal faktı, toraqlar unudulacaq. Necə ki, İrəvan, Göyçə, Zəngəzur unudulub gedib. Ermənilərin məqsədi də budur. Ona görə də Azərbaycanla Ermənistan, azərbaycanlılarla ermənilər arasında əlaqə yalnız rəsmi formada olmalıdı. Əgər bilsəm ki, erməni jurnalistlərin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə, torpaqlarımızın işağldan azad olunmsına bu gün və ya 10 il sonra milyonda bir faiz müsbət təsir edər, onda belə gediş-gəlişləri ikiəlli dəstəkləməyə hazıram. Amma bu mümkün deyil. Tarixi təcrübə də bunu göstərir. Əgər Ermənistanın, ermənilərin bu məsələdə niyyətləri saf, məqsədləri işğalı unutdurmaq deyilsə, onda imkan versinlər işğal olunmuş rayonlardan olan azərbaycanlı jurnalistlər öz doğma rayonlarına, kəndlərinə səfər etsinlər. Gedib görək evimiz yerindədirmi, doğmalarımızın qəbirləri qalırmı? Amma Ermənistan buna imkan verməz. Çünki işğal altında olan ərazilərdə vandalizm törədib, azərbaycanlıların evlərini, qəbirlərini, məscidlərini tamamilə dağıdıb".

 

“Yeniçağ.az”-ın repartyoru Səxavət Məmməd də qeyd etdi ki, azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə heçdə yaxşı baxmır: “Təklif olunsa, düşünmədən “yox” deyərdim. O vaxt getmək olar ki, Ermənistana Qarabağdan gedəsən. Başqa ölkəyə necə səfər edirsənsə, o cür. Qarabağa Ermənistandan ancaq erməninin gözü ilə baxmaq mümkündür. Əgər səfərdə belə bir şey olsa da, onların göstərdiklərini görə biləcəksən. Əl qərəz, bu səfərlər xala-xala oyunundan başqa bir şey deyil”.

 

“Musavat.com”un baş redaktoru Xalid Kazımlının isə həmkarlarından fərqli olaraq, bu məsələyə ikili baxışı var: “Bir tərəfdən düşünürəm ki, hər iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfərləri faydalı ola bilər. Çünki jurnalistlər peşəkar kəşfiyyatçılar qədər fəhmlidir, gözlərindən heç nə yayınmır. Məsələn, bizim jurnalistlər İrəvanda, Gümrüdə 1-2 saat insanları müşahidə eləsələr, ermənilərin ovqatının nə yerdə olduğunu, real durumlarını sezə bilərlər. Amma ikinci tərəfdən düşünürəm ki, Qarabağ münaqişəsi həll olunmayınca qarşılıqlı get-gəl olmamalıdır. Çünki bu cür get-gəllər aranı yumşaldır, sayıqlığı azaldır. Bu, xüsusilə bizim üçün problemdir, çünki təbiət etibarilə tez sıyılan camaatıq. Ona görə də müharibənin yerini ciddi şəkildə sülh almayınca ermənilərlə kontaktımız yalnız təmas xəttində olmalıdır”.

 

“AFN.az” saytının redaktoru Həbibə Abdulla da bu məsələyə birmənalı yanaşmağın çətin olduğunu bildirdi: “Əslində sülh sözü bu mərhələdə bizdə təbii olaraq qıcıq yaradır. Sülh jurnalistikası o zaman ola bilərdi ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində razılaşardılar. Bir qrup jurnalistin qarşılıqlı səfəri bu razılaşmaya aparan yolda atılan addımdırsa, normal baxa bilərik. Yox, əgər hazırkı vəziyyətdə sülhdən söhbət gedirsə, bizim mövqeyimiz kəskindir. Azərbaycanın ərazi bütövlüyünü tanımayan sülh bizə lazım deyil – bu, istər jurnalistikada olsun, istər idmanda, istər mədəniyyətdə və s. Hazırkı məqamda danışıqlarla bağlı heç bir irəliləyiş yoxdur, ən azı bu barədə açıqlama yoxdur, qarşı tərəfin hər hansı yumşaldıcı addımı nəzərə çarpmır. Əksinə, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda, loru dillə desək, at oynadır və bu məqamda "sülh jurnalistikası"nın mövcudluğu qəbuledilməzdir. Biz heç də aqressiya nümayiş etdirmək fikrində deyilik, biz Ermənistandan qəbul olunmuş beynəlxalq qərarlara, BMT-nin qətnamələrinə əməl etməyi tələb edirik. Yalnız bundan sonda sülhdən danışmaq olar. Mən inanmaq istəyirəm ki, o tərkibdə hörmət etdiyimiz, vətənpərvərliyinə inandığımız insanlar yer almayacaqlar”.

 

Araşdırmaçı-jurnalist Ülkər Abdullayeva isə tamamilə fərqli düşünür: “Ümumiyyətlə sülhün yaranmasına xidmət edən istənilən təmaslara, eləcə də jurnalistlərin qarşılıqlı səfərlərinə normal baxıram. Hər iki ölkənin vətəndaşları arasında təmaslar olmalıdır, istər jurnalistlər səviyyəsində, istər QHT-lər, istər alimlər, istərsə də mədəniyyət xadimləri səviyyəsində. Bu müxtəlif kontingentləri əhatə edən qarşılıqlı münasibətlər, konfliktoloqların fikrincə, iki xalq arasında etimad mühitini formalaşdırmalıdır. Təbii ki, bu, münaqişədən sonrakı sülh dövrü üçün zəruridir. Tutaq ki, sabah ya zəlzələdən, ya da vəlvələdən münaqişə başa çatdı. Bəs ömürlük qonşu olacaq iki xalqın münasibətləri necə olacaq? Aydındır ki, qonşuluqda dinclik olmadan rahat yaşamaq mümkün deyil. Ona görə də dünyanın sülh institutları bu məqamı diqqətdə saxlayırlar. Haşiyə çıxaraq deyim ki, Avropada Almaniya ilə Fransanın müştərək ARTE telekanalı yayımlanır. Bu kanal Elzas-Lotaringiyanın, həmçinin Saar kömür hövzəsinin Almaniyadan qoparılaraq yenidən Fransanın tabeçiliyinə verilməsi nəticəsində iki ölkə arasında kəskinləşmiş münasibətləri yoluna qoymaq üçün düşünülmüşdü. Hamı fikirləşirdi ki, oturub haçansa Fransanın sözügedən əraziləri Almaniyaya qayratacağını gözləmək olmaz. Bu iki qonşu arasında bir şəkildə sülhü bərqərar etmək lazımdır. Mədəniyyətlərin mübadiləsi isə sülh yolunda ən ağrısız proses sayılır. ARTE hər iki ölkənin mədəniyyətini təbliğ edir, xalqları mədəni cəhətdən bir-birinə yaxınlaşdırmaq missiyasını həyata keçirirdi. İkinci Dünya müharibəsindən qalan problemlər indiyədək həllini tapmayıb, amma Almaniya və Fransa başda NATO, Avropa İttifaqı olmaqla bir sıra alyanslarda, təşkilatlarda birləşiblər, əksər məsələlərdə müttəfiq kimi çıxış edirlər. Və onlar özlərini inkişafdan saxlamayıblar, əlaqələri də dayandırmayıblar. Fəqət hələ də Fransa o torpaqları Almaniyaya qaytarmayıb, almanlar isə daha həmin ərazilər uğrunda əvvəlki kimi mübarizə aparmırlar”.

 

“Mənsə istəməzdim bizdə məhz belə olsun. Əgər biz qonşularımızla normal münasibətlərin qurulmasından danışırıqsa, ilk növbədə onlar bizdən aldıqlarını geri qaytarmalıdırlar. Biz ermənilərlə əbədi düşmən olmayacağıq, amma dövlət sərhədlərimiz bərpa olunmayana qədər onlarla hansısa etimad mühitinin yaradılması real görünmür. Biz onlarla müharibədə minlərlə şəhid, qurban vermişik. Onların həyatını heç nə ilə geri qaytara bilməyəcəyik, amma bizim onların uğrunda canlarından keçdiyi torpaqları qonşuya güzəştə getməyə heç bir mənəvi haqqımız yoxdur. Mənim üçün bir jurnalist olaraq, ermənilərlə təmaslar yalnız o baxımdan maraqlıdır ki, oradakı müxtəlif təbəqələrin münaqişənin perspektivinə necə baxdıqlarını, bu barədə nə düşündüklərini öyrənim, ümumiyyətlə, Ermənistanda vəziyyətin necə olduğunu vizual olaraq öz gözlərimlə görüm. Amma münaqişənin həllinə töhfə vermək baxımından jurnalistlər balaca adamlardır. Sonucda hər kəs supergüclərin, həmçinin öz ölkəsinin ali rəhbərliyinin qəbul etdiyi qərarlara tabe olmağa məhkumdur”, - deyə jurnalist qeyd etdi.

 

"Modern.az" saytının baş redaktoru Elşad Eyvazlı da jurnalistlərin qarşılıqlı səfərlərinin tərəfdarıdır, amma bir şərtlə: "Əslində, jurnalistika sərhədd tanımır. Bu, klassik anlamda belədir. Bu məntiqlə azərbaycanlı və erməni jurnalistlər heç kimdən icazə almadan qarşlıqlı səfərlər etməlidirlər. Bu məsələyə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi kontekstindən yanaşsaq, fikir birmənalı olmalıdır: İşğalçı Ermənistan, işğala məruz qalan Azərbaycan. Bütün dünya qəbul edir ki, Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal edilib. Amma gəlin görək, bunu erməni jurnalistlər qəbul edirmi? Məncə, etmir. Çünki bu günə qədər Ermənistan mətbuatında bir yazıya rast gəlməmişik ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib. Demək ki, Ermənistandan Bakıya gələcək jurnalistlər başqa havada olacaqlar. Geri döndükdən sonra Ermənistanın işğalı, azərbaycanlı köçkünlər mövzusunda o jurnalistlər heç nə yazmayacaqlar".

 

"Bununla demək istəmirəm ki, jurnalistlərin qarşılıqlı səfərlərinin əleyhinəyəm. Əksinə, bunun tərəfindəyəm. Sadəcə bu səfərlər elə şərtlər daxilində olmalıdır ki, jurnalist geri döndükdən sonra gördüklərini qələmə alsın, diqtə ediləni yazmasın. Amma bu səfərlər iltizamlı olacaqsa, demək ki, bu, məzmunca jurnalist səfəri deyil, sadəcə forma geyindirilir. İllər öncə belə cəhdlər olub. Hətta səfərlər də edilib. Amma bunun nəticəsi olmayıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmirsə, bu vəziyyətdə hansı sülh olacaq? Jurnalistlər sülh yaradan qüvvə deyil. Düşüncəmə görə, hərbçilərin, diplomatların ardınca jurnalistlər prosesə qoşula bilərlər. Azərbaycan torpaqları işğal altında qalsın və biz də “SÜLH” yaradaq. Bu, köhnə “mahnıdır” və tam əleyhimizədir. Hesab edirəm ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra xalqlar arasında körpü yaratmaq üçün jurnalistlərin qarşılıqlı səfərlərinin səmərəsi ola bilər", - deyə E.Eyvazlı vurğuladı.

Müəllif: Rumiyyə Miraslan      16 Noyabr 2019 15:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin