Türkiyə-ABŞ münasibətlərində yenə Fətullah Gülən “düyünü”?

Türkiyə-ABŞ münasibətlərində yenə Fətullah Gülən “düyünü”?

İlqar Vəlizadə: “Bəlkə də Gülən məsələsi olmasaydı, digər məsələlərdə münasibətlər korlanmazdı”

 

Xəbər verdiyimiz kimi, ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla görüşü baş tutub. Tramp Türkiyə Prezidentinin ölkəsinə səfərindən məmnun olduğunu bildirib.

 

İki saat davam edən görüşdə ölkə başçıları Suriya, S-400 raketlərinin alınması, Türkiyənin F-35 proqramına yenidən daxil olması və Fətullah Gülənin ekstradisiyası məsələlərini müzakirə ediblər.

 

Görüşdə diqqətçəkən məqamlardan biri də Trampın Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı məktubunu, Ərdoğanın ona geri qaytarması olub.

 

Görüşün nəticəsini AYNA-ya şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, Türkiyə-ABŞ əməkdaşlığı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir: “Danışıqlar bitəndən sonra amerikalı senator Lindsey Qrahamın təşəbbüsü ilə qondarma “erməni soyqrımı” ABŞ senatında öz təsdiqini tapmadı. Bu, Türkiyə üçün qələbə sayılmasa da, münasibətlərin müsbət həlli üçün böyük bir addımdır. Çünki Türkiyə ABŞ üçün, ABŞ da Türkiyə üçün vacib tərəfdaşdır”.

“Ziddiyyətlərə baxmayaraq, hər iki dövlətin regionda, xüsusilə də Suriyada ortaq maraqları var. Eyni zamanda hər iki dövlətin qaçqınlarla bağlı problemlərə baxış bucağı eynidir. ABŞ Türkiyənin milyonlarla qaçıqını ölkəsində qəbul etməsi ilə müttəfiqlərini sığortalamasını yaxşı başa düşür”, - siyasi şərhçi bildirib.

 

İ.Vəlizadə onu da deyib ki, ABŞ-da siyasi dairələrin nümayəndələri Türkiyəyə daha çox emosioanl münasibət sərgiləyirlər: “Türkiyəyə qarşı sərt reaksiyalar, əslində ikitərəfli münasibətlərə mənfi təsir göstərir. ABŞ Türkiyə ilə münasibətləri yaxışılaşdırmaq istəsə də, Konqress buna imkan vermir. Yeri gəlmişkən, Türkiyə əleyhinə Konqressdə sanksiya qəbul edilsə də, Ağ Ev bu sanksiyaları ləğv etməyə çalışırdı. Əslində bu, heç də təsadüfi deyil. Çünki Trampın əleyhinə müxtəlif qruplar fəaliyyət göstərir”.

 

Politoloq ABŞ-Türkiyə münasibətlərinin tam yoluna düşməməsində Fətullah Gülən amilinə də toxunub: “Fətullah Gülənin ekstradisiya məsələsi, çox güman ki, müəyyən dairələrin diqqətinə çatdırılıb. Çünki Gülən məsələsi daim ikitərəfli münasibətlərin korlanmasına səbəb olub. Bəlkə də Gülən məsələsi olmasaydı, digər məsələlərdə də münasibətlər korlanmazdı. Amma Gülən məsələsi ABŞ-Türkiyə münasibətlərinə çox ciddi təsir göstərib”.

 

“Bu səfər baş tutmamışdan əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışıqları olmuşdu. Ola bilsin ki, bu məsələ müzakirə olunub və Rusiya ilə müəyyən razılıqlar əldə edilib. Belə bir fikir də formalaşıb ki, Türkiyə S-400-ü alsın, amma onu tətbiq etməsin. Bununla bağlı da müxtəlif mülahizələr var. Belə ki, Türkiyə S-400 raketlərini öz hava məkanını müdafiə etmək üçün alır. Lakin ondan istifadə etməsə, digər alternativ vasitələrdən istifadə etməlidir. Hər halda nəticə hadisələrin gedişatından asılı olacaq. İstənilən halda, bu görüşlərin nəticəsi onu göstərir ki, Ankara və Vaşinqton bir-birini itirməməkdə və münasibətlərin saxlanılmasında maraqlıdır”, - deyə Vəlizadə vurğulayıb.

Müəllif: Mərahim Nəsib      15 Noyabr 2019 14:23
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin