Vergi Məcəlləsində dəyişikliklər birinci oxunuşda qəbul edilib

Vergi Məcəlləsində dəyişikliklər birinci oxunuşda qəbul edilib

Yeniliklər ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur

 

 

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. AYNA xəbər verir ki, qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

 

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsindəki dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə danışıb. Dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir. Yeniliklər, əsasən ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.

 

Z.Səmədzadə bildirib ki, dəyişikliklər haqsız rəqabətin aradan qaldırılmasına önəmli töhfə verəcək: “Dəyişiklik layihəsi Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Dəyişikliklər şəffaf fiskal mühitin, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatlar, vergidən yayınmaların qarşısının alınması ilə bağlı kompleks tədbirləri əhatə edir. Hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir. Bu isə iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə yaradır”.

 

Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 162 dəyişiklikdən ibarətdir. Dəyişikliklər riskli vergi ödəyicilərinə nəzarətin, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını da özündə ehtiva edir.

 

Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb.

 

Bu, əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

 

Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır. Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

 

Həmçinin, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır. Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir.

Müəllif: Ayna.az      14 Noyabr 2019 15:06
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin