Jurnalistlərdən qanunsuz tələb: “Dərhal polis idarəsinə gəlin”

Jurnalistlərdən qanunsuz tələb:         “Dərhal polis idarəsinə gəlin”

Mətbuat nümayəndələrini “profilaktik söhbətlər” üçün çağırırlar, amma rəsmi bildirişsiz...

 

Azadlıq Radiosunun müxbiri İslam Şıxəli, özünün “Facebook” səhifəsində, Nəsimi Rayon Polis İdarəsindən (RPİ) ona edilən zəng barədə paylaşım edib. Zəng edən şəxs özünü Nəsimi RPİ-nin Cinayət-Axtarış Şöbəsinin əməkdaşı kimi təqdim edərək, jurnalistdən təcili olaraq İdarəyə gəlməsini istəyib.

 

“Bu çağırışın səbəbləri barədə soruşdum. Ancaq suallarım cavabsız qaldı. Polis məmurunun tələbini yerinə yetirməkdən imtina etdim və rəsmi bildiriş göndərməyini tələb etdim”, - deyə Şıxəli qeyd edib.

Jurnalist polisə çağrılmasını 19 oktyabr 2019-cu ildə müxalifətin mitinqini işıqlandırması ilə əlaqələndirir: “Çünki mitinqi işıqlandıran həmkarlarımın bir çoxu da Nəsimi polisinə çağrılıb, orada onlara bir sıra təkliflər irəli sürüblər”.

 

Nəsimi RPİ-dən AYNA-ya, jurnalistin şöbəyə çağırılması faktını təkzib ediblər. Növbətçi Hüseynovun dediyinə görə, mitinqi işıqlandıran heç bir jurnalist polis tərəfindən şöbəyə çağırılmayıb: "Bu, polisə qarşı əsassız ittihamdır".

 

İslam Şıxəliyev onu İdarəyə çağıran polisin özünü Nurlan kimi təqdim etdiyini bildirib. AYNA əməkdaşı Nurlanla əlaqə saxlayıb (təəssüf ki, soyadını vermədi). O, növbətçidən fərqli olaraq, jurnalistin polisə çağrıldığını inkar etməyib.

 

“İslam Şıxəliyev qanunsuz hərəkətlər etməyib. Qoy gəlib suallarımızı cavablandırsın. Əgər tələb edərsə, ona bildiriş göndərəcəyik”, - deyə Nurlan adlı polis vurğulayıb.

 

Tanınmış vəkil Ələsgər Məmmədli əməkdaşımızla söhbətində qeyd edib ki, polis bölməsinə kiminsə qeyri-rəsmi çağırılması qanunsuzdur: “Polis bölməsinə çağırılma ilə bağlı zəng yalnız rəsmi bildiriş göndərməklə edilə bilər”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli də o fikirdədir ki, bildiriş göndərmədən polisdən gələn zəng qanunaziddir: “19 oktyabr mitinqi zamanı jurnalistlər heç bir qanunsuz hərəkət etməyiblər. Buna görə də polisin jurnalistlərə qarşı iddiaları tamamilə əsassızdır”.

 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev AYNA-ya şərhində, İslam Şıxəlinin polis bölməsinə çağrılmasını jurnalistlərə qarşı hücumların davamı kimi qiymətləndirib: “Mən bunu hakimiyyət ilə media arasında gərginlik yaratmaq cəhdi hesab edirəm. Jurnalist onu təqib edən hakimiyyətlə necə əlaqə qura bilər?”

 

Bu arada, “Turan” İnformasiya Agentliyinin məlumatına görə, İ.Şıxəlidən əlavə, daha 10-dan çox jurnalist də polis tərəfindən təzyiqə məruz qalıb. Bəzilərindən polis bölməsinə dəvət olunaraq, niyə mitinqdə olduqlarını izah etməyi tələb ediblər və müxalifətin hərəkətlərini işıqlandırmamağı “tövsiyə” ediblər.

Müəllif: Rəşad Rüstəmov      13 Noyabr 2019 17:06
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin