Yeni xərclər üçün hazırlıqlara başlayın

Yeni xərclər üçün hazırlıqlara başlayın

İcbari tibbi sığorta: kimlər nə qədər ödəməlidirlər?

 

Növbəti ildən ailə büdcəsinin xərclərinə, yalnız vergilərə, kommunal xidmətlərə, cərimə sanksiyalara ödənişlər deyil, sığorta haqları da daxil olacaq. Minimum əməkhaqqının 250 manata çatdrılmasından qaynaqlanaraq artan sosial sığorta ödənişləri ilə yanaşı, hər bir işləyən, özünə məşğul olan, fərdi sahibkar və mülkiyyət sahibi olan vətəndaş tibbə və daşınmaz əmlaka görə məcburi sığorta ödəyəcək.

 

Belə ki, daşınmaz əmlaka görə məcburi sığorta haqqı Bakıda 50, regionlarda 30 manatadək müəyyənləşdirilib. Tibbi sığorta haqlarına gəlincə, muzdlu işçilər aylıq məvaciblərinin 2 faizi, işəgötürənlər də hesablanmış əməyin ödənişi fondunun ayda 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.

 

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, o cümlədən müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər) təqvim ili üçün adambaşına illik 120 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər.

 

Hesablamalara görə, növbəti il üçün hər iki mənbədən icbari tibbi sığorta ödənişləri hesabına 500 milyon manata qədər vəsait toplanacaq. Bu vəsaitin çox hissəsinin xərci əhalinin üzərinə düşəcək. Odur ki, yeni xərclər üçün indidən hazırlıq görün, yoxsa gələn "pulsuz tibbi yardım"dan da faydalana bilməzsiniz.

Müəllif: Qubad İbadoğlu, iqtisadçı-alim      13 Noyabr 2019 11:12
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin