Bakı Dövlət Sirki tarixi məkanından köçürüləcək, başqa çarə qalmayıb...

Bakı Dövlət Sirki tarixi məkanından köçürüləcək, başqa çarə qalmayıb...

Mahir Hümbətov: “Yeni sirk binasının harada tikiləcəyi hələlik dəqiqləşməyib, bir neçə versiya var”

 

Dövlət qurumlarının binalarını həmişə təmiz, səliqəli, bərli-bəzəkli görməyə öyrəşmişik. Amma bir qisim ictimai əhəmiyyətli binalarda bu təmtəraqlı hallar gözə dəymir. Çox halda, insanlar arasında edilən ayrıseçkilik binalarda da özünü göstərir. Niyə, görəsən?

 

Yeni mövsümü salamlayan Bakı Dövlət Sirki (BDS) tamaşaçılarla qaynayır, maraq böyükdür. Repertuar, tamaşa hamını cəlb edir, təəccübləndirir. Di gəl ki, Sirk binasının acınacaqlı halı könlümüzü naxoş edir. Dağılmış pilləkənlər, sıradan çıxmış oturacaqlar, təmirsizlikdən ağlar qalan tavanlar...

 

AYNA əməkdaşı, problem ətrafında BDS-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mahir Hümbətovla həmsöhbət olub.

- Mahir müəlim, proqramlarınız tamaşını sevindirir, bəs təzələnmiş Sirk binası üçün nə vaxt sevinəcəyik?

 

- Bizim sirk binamız, öz zamanı üçün unikal bina olub. 1967-ci ildə istifadəyə verilən sirk binasının layihəsi əsasında, məhz 1971-ci ildə Moskvada bina inşa edilib. O vaxtlar Bakı Sirki Ümumittifaq Sirk Birliyinə tabe idi. İstifadəyə verildiyi müddətdən sonra əsaslı təmir olunmayıb. Artıq bina köhnəlib, həm texniki cəhətdən, həm fiziki baxımdan tələblərə cavab vermir. Yenilənən Bakıya görə də sirk binasının yerləşdiyi yer uyğun deyil, ictimai nəqliyyat intensiv olan məkandır. Bina metrodan uzaq olduğundan, tamaşaçılar şəxsi avtomobilləri ilə gələndə maşınların parklaması çətin olur, sahə də yoxdur. Tamaşaçının gözləməsi üçün xüsusi yer məhduddur, daha çox mövsümü olduğu üçün, proqramlar qış aylarına təsadüf etdiyi üçün insanlar küçədə gözləməli olurlar. Nazir Əbülfəs Qarayev son açıqlamasında da vuğulamışdı ki, Bakının yeni sirk binasına ehtiyacı var, tezliklə bu məsələ həllini tapacaq. Biz də çox istəyərdik ki, yeni binanın tikintisində müasir tələblərə cavab verilsin. Sirk binası spesifik binadır, quruluşu, memarlığı mürəkkəbdir. Hazırda binamızda su sirki monejimiz yoxdur, amma bu ayın əvvəlindən start verən “Water land” su sirki proqramına uyğun olaraq əlavə avadanlıq gətirmişik.Yeni bina işıq diodları ilə təhciz olunmalıdır, məşq moneji, artistlərin qalması üçün bina, heyvanların saxlanılması üçün xüsusi yer olmalıdır. Biz də yaxşı başa düşürük ki, binanın təmirsiz halı tamaşaçıların günahı deyil.

- Binanın yenilənməsi üçün konkret olaraq layihə varmı?

 

- Bəli, bir neçə bina üçün layihə var, İtaliyadan, Rusiyadan mütəxəsislər dəvət olunub. Onlar qiymətləndirməni aparıblar, yeni bina üçün kifayət qədər vəsait də tələb olunur. Onun avadanlıqla təchizatı da əlavə maliyyə istəyir. Əsas odur ki, məsələ diqqət mərkəzindədir.

 

- Yerli memarlar Bakı Sirki binasının nadir arxitekturasının və özülünün sağlam olduğunu vurğulayırlar. Xüsusi görünüşlü, gümbəzli bina söküləcəkmi?

- Əlbəttə, bina tarixi bina kimi qorunmalıdır, dağıdıla biməz. Qeyd etdiyim kimi, onun əlverişsiz yerdə yerləşməsi də başqa məkanda bina tikintisini zəruri edir. Bu səbəbdən yəqin ki, indiki bina da təmir edilərək başqa missiya üçün istifadə olunacaq. Yeni sirk binasının harada tikiləcəyi hələlik dəqiqləşdirilməyib, bir neçə versiya var.

 

- Ümid edirik ki, yaxın gələcəkdə tamaşaçı yeni binada proqramları izləyər, çünki sirki səbirsizliklə gözləyənlər var. Həm də, axı Türkiyə kimi ölkədə Sirk binası belə, yoxdur, bu, bizim üstünlüyümüzdür ki, xüsusi binamız var.

 

- Doğrudur, bir çox ölkənin bizdəki kimi nəhəng xüsusi sirk obyekti yoxdur. Bizim tamaşçının sirkə marağı çoxdur. Həm də, axı sirk tamaşaları fərqlidir, proqramı izləyən tamaşaçı eyni zamanda bir neçə hissi yaşayır, heyrətlənir, sevinir, gülür, unudulmaz anlar yaşayır.

- Mahir müəllim, bizim milli sirk truppamız nə zaman olacaq?

 

- Bizim dünyanın məşhur sirklərində fəaliyyət göstərən talantlı artistlərimiz var. Onlar ara-sıra Vətənə də gəlirlər. Truppa deyəndə ki, əslində sirk elə bir sahədir ki, bu işlə məşğul olan incəsənət adamları öz işini həyat tərzinə çevirirlər. Sirk artistləri bir proqramla bir ölkədə qala bilməzlər, onlar daim başqa-başqa ölkələrdə yeni proqramları, çıxışlarını nümayiş etdirməlidirlər. Həm də sirkin bəzi tamaşaları mövsümüdür, yay aylarında tamaşaların göstərilməsi çox seyrək olur. Amma yenə də yeni binada həvəskarlar üçün studiyanın olması nəzərdə tutulur, yerli ustaların, artistlərin də üzə çıxması vacibdir.

 

P.S. Məlumat üçün deyək ki, dünya sirklərində bizim kəndirbazlarımız, pəhlivan və maraqlı həmlələr edən akrobatlarımız az deyil. Rusiyanın Əməkdar artisti Rüfət Nəzirov, habelə Rafiq Əliyev öz ailəsi ilə akrobatika üzrə, Aydın İsrafilov dəvəsi ilə, Oruc Zolov kəndirbaz kimi, Murad Abdullayev ayı və canavarları ilə, “Sümüksüz adam” titullu Anar Həmzəyev və başqaları bu gün dünyanın bir çox ölkəsini gəzərək öz şou-proqramlarını təqdim edirlər.

Müəllif: Raminə Eyvazqızı      12 Noyabr 2019 14:35
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin