Onlar sizin də gözünüzü deşirsə, səssiz qalmayın

Onlar sizin də gözünüzü deşirsə, səssiz qalmayın

Ekspert: “Belə reklam qurğuları üçün xüsusi standartlar olmalıdır

 

Bakının müxtəlif prospekt və küçələrində xüsusi ekranlarda reklamlar yerləşdirilir. Belə ekranlarda göstərilən reklam daha çox insanın diqqətini çəkir və məhsulun tanınmasına vasitə olur. Xüsusilə də gecə saatlarında xüsusi işıqlandırma ilə nümayiş olunan reklamlar daha çox cəlbedicidir.

 

Amma bəzi reklam lövhləri var ki, sürücülərin avtomobil idarə etməsinə mane olur. Belə ki, reklam lövhəsinin həddindən artıq işıqlandırılması nəticəsində işıq avtomobil yoluna və ya sürücünün gözünə düşür. Nəticədə sürücü yolu görməkdə çətinlik çəkir.

Yol-nəqliyyat eksperti Azər Allahverənov AYNA-ya şərhində deyib ki, bu tipli reklamlar üçün xüsusi standartlar olmalıdır: “Dövlət Yol Polisi, uzağı işıqlandırmaq üçün lazım olan işıqları süni işıqlandırma olan yerlərdə istifadə edib, qarşıdan gələn avtomobilin sürücüsünə mane olan sürücülərə cərimə tətbiq edir. Çünki işıqların sürücülərin gözünə düşməsi böyük təhlükə yarada bilər. Bu baxımdan belə reklam qurğularında da standartlar olmalıdır”.

 

“Gecə saatlarında işıqlandırmaya xüsusi diqqət ayrılmalıdır. Düzgün işıqlandırılmama ağır qəzaya səbəb ola bilər. Ona görə də reklam lövhələrində işıqlar elə quraşdırılmalıdır ki, sürücülərə mane olmasın. DYP bu cür hallara nəzarət etməlidir. Əgər onlara belə şikayətlər daxil olarsa, adiyyatı orqanlara müraciət edib, problemi həll etməlidirlər”, - Allahverənov bildirib.

 

Məsələ barədə AYNA-ya danışan Dövlət Reklam Agentliyinin (DRA) mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri isə indiyədək bu cür şikayətlə qarşılaşmadıqlarını qeyd edib: “Küçə reklamları xüsusi ekranlarda verilirsə, onlar standartlara uyğun işıqlandırılır. Buna ciddi nəzarət edirik. Reklamlar qurulanda bir neçə dəfə baxılır və yoxlanılır. Belə halın baş verməsi mümkün deyil. Əgər belə hal olarsa, tez bir zamanda araşdırıb, problemi həll edirik”.

Müəllif: Təranə Xudabaxşiyeva      17 Noyabr 2019 11:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin