Ölkəni xarici medianın "qara manşetinə" niyə çevirirsiniz – AXI NİYƏ?!

Ölkəni xarici medianın "qara manşetinə" niyə çevirirsiniz –     AXI NİYƏ?!

“Azərbaycan Cinayət Məcəlləsində musiqiyə qulaq asmağa görə cəza varmı” sualı səslənir artıq...

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ölkədə ciddi kadr çatışmazlığı var. Bir çox müəssiələrdə, dövlət qurumlarında əyləşən kadrların bəziləri onlar tərəfindən deyilən sözün kabinetdən çıxandan sonra hansı effekt verəcəyini ağıllarına belə, gətirmirlər. Bu cümlələrdə qərəz və ya sifariş axtaranlara bəri başdan deyim ki, arqumentlərimlə tanış olun, sonra “bu yazını kim yazıb və ya yazdırıb” kimi, öz funksiyasını yerinə yetirərkən, səhvlərini görməyən, göstərilən səhvlərdə isə yalnız qərəz axtaran məmur suallarını verin.  Mən başqa sahələri qoyuram kənara, yalnız öz sahəmizlə - mətbuatla işləməyə məsul qurumlardan danışacağam.

Çox şükür ki, əvvəlki illərdən fərqli olaraq bir çox nazirlik və digər dövlət qurumlarında işləyən mətbuat xidmətləri media ilə yaxşı təmas qurublar. Vatında axtarıb-tapa bilirik, lazım olan suallara cavab ala bilirik, amma “əmma”lar da yox deyil. Misal üçün, uzağa getmək lazım deyil.

 

“Azərbaycanda erməni fobiası var”, “Azərbaycanda 21-ci əsrdə erməni musiqisinə qulaq asan adam tutuldu” və s. Bu başlıqlar neçə gündür ki, əksər MDB ölkələri mətbuat orqanlarının səhifələrində yer alıb. Qərəzlidirlərmi? Ola bilər. Amma, gəlin məsələni, necə deyərələr, özümüzdən incələməyə başlayaq.

 

Başlıqlardan da məlum oldu ki, söhbət bir neçə gün əvvəl sosial şəbəkəyə kim tərəfindənsə atılan bir videodan gedir: Erməni müğənnisi Haykonun “Mi qna” mahnısının sadaları altında, avtomobildə oturan bir neçə şəxs mərkəzi prospektlərin biri ilə gedir. Videoda nə dilində danışıldığı anlaşılmayan ifadələr işlədilir. Mən yalnız onlardan birinin rusdilli qafqazlılara məxsus bir ləhcə ilə “səfeh azərbaycanlılar gör nə ediblər…” cümləsini anlaya bildim.

 

Bu video sosial şəbəkədə böyük hay-küy yaratdı. Divan qəhrəmanları virtual çəlləyin üzərinə çıxaraq, bu insanların həbsini tələb edir, videoya baxaraq, onların əvvəl gürcü, sonra erməni və sair kimi “ekspert” rəyləri səsləndirirlər.

Əvvəlki illərdən fərqli olaraq (bunu müsbət mənada deyirəm) Bakı Şəhər Baş Polis İdarəsi hadisələrə operativ reaksiya verir. Bu dəfə də məlumat yayıldı ki, Bakıda avtomobilində erməni dilində mahnı səsləndirən və bu prosesin videosunu paylaşan şəxs saxlanılıb: “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, sosial şəbəkələrdə, avtomobilin içərisində erməni mahnısı səsləndirilən şəxsin kimliyi müəyyən olunaraq, saxlanılıb. Faktla bağlı müvafiq olaraq, araşdırmalar aparılır, təfərrüatı öyrənilir”.

 

Əla! Gözəl! Polisimiz görməli olduğu işi görür: şübhəli şəxsi saxlayır və araşdırma aparır. Nəzərə alsaq ki, videoda ölkəmizin vətəndaşları təhqir olunur, bunu etmək lazımdır. Amma...

 

Bu məlumatı yayanda, onun yayılmasına “dobro” verən şəxslər nəyə əsaslanıblar? Məlumatın belə primitiv şəkildə yayılmasının ölkəmizin imicinə hansı zərbə vuracağını fikirləşməyiblərmi? Axı niyə?!

 

21-ci əsrdə, kosmik ölkə hesab edilən, rəhbərliyi tərəfindən “Qarabağ azad ediləndən sonra erməni vətəndaşlarımızla bir yerdə yaşayacağıq və onların hüquqlarını müdafiə etməyə hazırıq” deyilən bir ölkədə “erməni musiqisinə qulaq asan şəxs saxlanılıb” mətnli məlumat yaymaq nə dərəcədə məntiqə uyğundur? Belə məlumat yaymaqda məqsəd nədir? Sosial şəbəkədə coşaraq “hüquq-mühafizə orqanlarımız hara baxır” deyə hayqıranları sakitləşdirməkmi?

 

Ölkənin təhlükəsizliyi hər şeydən üstündür: nəzərə alsaq ki, ortada erməninin və ya qeyri-erməninin azərbaycanlıları təhqir etmək məsələsi var, o zaman polislərin fəaliyyəti təqdirəlayiqdir. Amma yuxarıda sözügedən tipli məlumat yaymaq (patriotlar məndən incisə də, deyəcəyəm) ölkənin imicinə ağır zərbədir.

 

Çünki erməni-azərbaycanlı davasına kənardan baxan cəmiyyətlər anlamır ki, musiqiyə qulaq asmaq üstündə adamı niyə tuturlar. Və ən əsası, “Azərbaycan Cinayət Məcəlləsində musiqiyə qulaq asmağa görə cəza varmı” sualı da verilir artıq... Müqayisələr gedir Sovet rejiminin ən ağır dövrləri ilə. O zaman da “Camel” çəkdiyin üçün Qərb imperializminin şpionu hesab edilə bilərdin.

 

Odur ki, şərti deyək, “erməni şpionlarını” saxlamaq və araşdırma aparmaq polisin ümdə borcudur, amma bir məlumatı yayanda sosial şəbəkələrin “fitinə” getmək lazım deyil. Araşdırın, qulaqburması verin, cəzalandırın, amma ölkənin imicini də unutmayın. İstənilən müvafiq qurum ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı məlumat verməlidir: Azərbaycanı söyən “ermənilərdən” tutmuş, yol qəzasından sonra komaya düşən Oqtay Gülalıyevin vəziyyətinə qədər. Amma...

Hansısa məqalədə oxudum ki, İsraildə, Adolf Hitlerin sevimli bəstəkarı olduğu üçün Vaqnerə qulaq asmaq qadağandır. İsraillilər, 5 ildə iki İsrail əhalisi qədər yəhudini qırmış adamın heç bəstəkarını da eşitmək istəmirlər. Düzdür, ya səhvdir? Bunu oxucular müəyyən etsinlər. Amma onu deyim ki, bu qadağa qeyri-rəsmidir, yəni Vaqnerə qulaq asan hansısa yəhudini İsrail polisinə çağırıb, sorğu-sual etmirlər. Ən azı bu barədə hansısa rəsmi məlumat yoxdur...

 

P.S. Videoda səslənən “Mi qna” mahnısı qardaş Türkiyədə olduqca populyardır. Bir çox estrada ulduzları belə, bu musiqi altında rəqs edib, “Youtube”a yerləşdirirlər. O qədər sevirlər ki, hətta, türk dilinə tərcümə edilib, ifa olunmuş versiyası da var...

Müəllif: Yoldaş Mircəfər      11 Noyabr 2019 10:11
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin