"Qara saziş"i pozan tapılacaqmı - Vaxtımız məhduddur

"Qara saziş"i pozan tapılacaqmı -               Vaxtımız məhduddur

İqtidarın böyük islahatçı kimi tarixə düşmək şansı var, amma vaxt çox azdır

 

Prezidentin son zamanlar həyata keçirdiyi tədbirlər ümidvericidir. Gözləmək olar ki, ölkənin kadr siyasətində yaxşılığa doğru yeni, daha ciddi və daha səmərəli addımlar atılacaq. Məmur özbaşınalığına son qoymağın vaxtı çoxdan çatıb. Bütün sahələrdə, xüsusilə də hüquq-mühafizə orqanlarında dərin islahatlar aparmağa böyük ehtiyac var.

 

Heç kim üçün sirr deyil ki, bu gün cinayətkarlığa qarşı mübarizə aparmağa, qanunları və vətəndaşların hüquqlarını qormağa borclu olan məmurların bir qismi, bəlkə də böyük qismi, cinayətkarlarla bir səngərdə “çalışır”. Layiq olduqları cəzanı almayan cinayətkarlar özlərini cəzasızlıq mühitində çox rahat hiss edirlər, qanunları çəkinmədən pozur, vətəndaşların hüquqlarını nümayişkarcasına tapdalayırlar.

Nümunə üçün uzağa getməli olmayacam - son 23 ildə başıma gələnlər dediklərimə canlı sübutdur. Başdan başlayım.

 

1995-ci ildə həyatımda əsl möcüzə baş verdi - tibb elminin 30 il ərzində sağalda bilmədiyi 8 ağır xəstəliyi, Ümümdünya Natural Gigiyena Hərəkatı korifeylərinin ecazkar təlimləri sayəsində, təbii üsulla 3 aya sağaltdım. Həm sevincimi, həm də qazandığım tibbi biliyi xalqımla bölüşmək məqsədilə elmi-publisistik əsər yazdım və onu “Möcüzəsiz möcüzə” adı ilə çap etdirdim.

 

Əsər kitab “piratlarının” diqqətini dərhal özünə çəkdi. Mütəşəkkil cinayətkarlıqla məşğul olan quldur şəbəkə mənim müəlliflik və sahihibkarlıq hüquqlarımı tapdayaraq, hüquqi qanunları və mənəvi normaları ən kobud formada pozaraq, ən başlıcası isə, heç kəsdən çəkinmədən, mənim kitabımı çoxaldıb, sərbəst şəkildə satmağa başladı.

 

Müəllif Hüquqları Agentliyinin diqqətini bu rüsvayçı fakta cəlb etdim. “Piratlar”, mənim bu hərəkətimdən qəzəbləniblərmiş kimi, kitabı daha böyük tirajla və yeni formatlarda buraxmağa başladılar. Oğru şəbəkə, İqtisadi İnkişaf Nazirliyi yanın Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, Daxili İşlər nazirinə, Baş prokurora göndərdiyim yazılı müraciətlərə cavab olaraq, qanunazidd fəaliyyətini daha da genişləndirdi. Prezident Aparatına ünvanladığım şikayət ərizəsi də təsirsiz qaldı. 

 

Beləliklə, mütəşəkkil cinayətkarlıqla məşğul olan quldur şəbəkəsi, 1996-cı ildən başlamış bu günədək, ölkə qanunlarını və vətəndaşların hüququnu qorumağa borclu olan təşkilatların gözü qabağında, adıçəkilən kitabı və sonra yazdığım digər əsərləri, qanunsuz olaraq çoxaldıb açıq-aşkar satır. Bu 23 ildə mənə külli miqdarda maddi və mənəvi ziyan dəyib və dəyməkdə davam edir. Heç bir təşkilat cinayətin qarşısını almaq, mənə vurulan ziyanı özümə qaytarmaq istəmir.

Lakin məni, müstəqilliyi uğrunda mübarizə apardığım bir dövlətin vətəndaşı kimi, narahat edən və sarsıdan təkcə mənə dəyən maddi ziyan deyil, ondan daha çox Azərbaycanda qanunların işləməməsi və bu üzdən yaranan CƏZASIZLIQ MÜHİTİDİR, cinayətkar ünsürlərin özlərini belə rahat hiss etmələridir. Bu rüsvayçı hal ona dəlalət edir ki, qanunları qorumağa borclu olanlarla, qanunları pozanlar arasında yazılmamış saziş var - onlar “əl-əli yuyar, əl də üzü” prinsipi ilə birgə işləyirlər. Bu gün məni, bir ziyalı kimi düşündürən ən aktual sual belədir: “QARA SAZİŞ”İ POZAN TAPILACAQMI?

 

Kasıb ziyalıların - cəmiyyətin ən az müdafiə olunan təbəqəsinin -  intellektual məhsulunu oğrulayan dələduzların bu cəmiyyətdə özünü belə sərbəst hiss etməsi məni, həm də bir təbib kimi ciddi düşündürür.  Mən dəqiq bilirəm ki, virus daşıyıcıları olan mikroblar yalnız çirkli mühitdə -  xəstə bədəndə özlərini yaxşı hiss edirlər və sürətlə artıb-törəyirlər.

 

Dövlət də canlı orqanizmdir. Milli oğrularımızın harın həyat sürməsi, mənim kimi ziyalıların isə ehtiyac içində çabalaması ona dəlalət edir ki, “Azərbaycan” adlı orqanizmin cismi çox çirklidir, cəmiyyətimiz ağır xəstədir, onun ciddi müalicəyə ehtiyacı var. Düzgün müalicə almayan xəstənin aqibəti isə həmişə eyni sonluqla bitir - SÜQUT!

 

Çox inanmaq istərdim ki, Prezidentin atdığı ilk addımlar gözlədiyimiz böyük iqtisadi və siyasi islahatların çox kiçik başlanğıcıdır. Ciddi islahatlar keçirilməsə, xəstə cəmiyyət sağala bilməz, heç bir sivil xalq bizimlə bərabər səviyyədə danışmaz, torpaqlarımızı işqaldan azad etməkdə bizə yardımçı olmaz. İndiki iqtidarın əlində, tarixə BÖYÜK İSLAHATÇI kimi düşmək şansı hələ qalıb. Amma vaxt çox azdır - gecikmək ölümə bərabərdir.

 

Ərşad Əzimzadə,

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin

rəhbəri, yazıçı-jurnalist

Müəllif: Ayna.az      11 Noyabr 2019 13:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin