Erkin Qədirli: “Bir şərtlə parlament seçkilərində iştirak edəcəyik”

Erkin Qədirli: “Bir şərtlə parlament seçkilərində iştirak edəcəyik”

“Dilə gətirdiyimiz bir şərt var - bu, ATƏT DTİHB-nin uzunmüddətli missiyasına aiddir”

 

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyası dəvət olunmasa, ReAL Partiyası parlament seçkilərində iştirak etməyəcək. Bunu AYNA-ya açıqlamasında partiya təmsilçisi Erkin Qədirli deyib.

 

ReAL daxilindəki struktur islahatlarından danışarkən, E.Qədirli bildirib ki, başlanğıc üçün yeni bir qurultay keçirilməsi qərarına gəlinib: “Buna görə hazırkı İdarə Heyətini və Məclisi buraxdıq. Buna görə də indi özümü İdarə Heyətinin üzvü hesab edə bilmərəm. İndi yeni qurultayı gözləyirik. Sürətlə dəyişən şərtlər daxilində qərar qəbul edərkən daha çevik olmaq üçün prosedurları sadələşdirmək niyyətindəyik”.

 

“Partiya rəhbərliyinin bütün üzvləri bu qərarla razı deyil (Qeyd edək ki, ReAL-da yeni struktur dəyişiklikləri ilə razılaşmayanlardan biri istefa verən Məclis sədri Azər Qasımlı idi – red.). Bu mövzuda asan olmayan daxili müzakirələrimiz də oldu. Buna baxmayaraq, biz hazırda bunun üzərində işləyirik, razı və məmnun olmayan, hətta nəyin baş verdiyini anlamayan üzvləri inandırmağa çalışırıq”, - o vurğulayıb.

Siyasətçinin sözlərinə görə, hazırda qarşıya qoyulan qısamüddətli hədəf parlamentə düşməkdir: “Qurultay bu çərçivədə düşünülüb. Bildiyiniz kimi, qeydiyyatımız yoxdur, çünki bir vaxtlar qurultay keçirməyimizə icazə verilməyib. İndi qurultay üçün yenidən ərizə təqdim edəcəyik, daha sonra isə qeydiyyat üçün müraciət edəcəyik. Bir partiya olaraq qeydiyyatdan keçsək, ReAL adından seçkilərdə iştirak edə biləcəyik. Bundan əlavə, digər təşkilati imkanlarımız da var”.

 

Qədirli əlavə edib ki, ReAL hər zaman bir partiya olaraq parlament seçkilərində iştirak etmək niyyətini bəyan edib: “Dilə gətirdiyimiz yalnız bir şərt var. Bu, ATƏT DTİHB-nin uzunmüddətli missiyasına aiddir. Bildiyiniz kimi, bu missiya əvvəlki seçkilərdə olmamışdı və bir daha dəvət olunmasa, bunu seçkidə iştirak etməməyimiz üçün yetərli səbəb kimi qəbul edəcəyik. Əks təqdirdə bəzi dairələrdə uduşumuzu sübut etmək mümkün olmayacaq və ümumiyyətlə, belə şəraitdə seçkilər demokratik keçməyəcək”.

 

Son zamanlar fəallaşan və Müsavat Partiyasının qərargahında “dəyirmi masa” keçirən digər müxalifət qüvvələri barədə danışan ReAL təmsilçisi həmin qüvvələrlə əməkdaşlıq imkanlarını dəyərləndirib: “Biz onların seçkilərdə iştirakında maraqlıyıq. İstədikləri kimi birləşsinlər, amma seçkilərə getsinlər. Bu boykot çağırışlarının hamısı seçicilərin seçkiyə marağının itməsinə səbəb olub”.

 

“Bir tərəfdən hökumətin seçkiləri saxtalaşdırdığını başa düşürük və bu, əhalinin seçki sisteminə inamını azaldır. Amma müxalifət də hər dəfə boykot elan edir. Buna görə də bütün siyasi qüvvələrin öz tərəfdarlarını seçkilərə çağırması bizim üçün faydalıdır”, - deyə E.Qədirli bildirib.

Müəllif: Nicat Hacıyev      7 Noyabr 2019 18:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin