“Türkiyə Suriyada öz hədəfinə tam şəkildə çatacaq”

“Türkiyə Suriyada öz hədəfinə tam şəkildə çatacaq”

Politoloq: “Suriyada mövcud olan qüvvələr YPG-nin sıradan çıxarılmasında maraqlı deyil”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) son iclasında ABŞ və Rusiyanı ittiham edib. O bildirib ki, Vaşinqton və Moskva ilə əldə olunan razışlaşmaların əksinə olaraq, YPG Suriya ərazisini hələ də tərk etməyib.

 

Ərdoğan, həmçinin onu da əlavə edib ki, ABŞ hələ də YPG ilə əməkdaşlıq edir: “Belə olan halda Türkiyə Suriya torpaqlarında fəaliyyətini, hərbi əməliyyatlarını davam etdirməli olacaq”.

 

Türkiyə hərbi əməliyyatlara yenidən start verə bilərmi? Yaxud, bu çıxış Türkiyənin ABŞ və Rusiya ilə münasibətlərinə necə təsir edəcək?

 

Mövzunu AYNA-ya şərh edən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirib ki, YPG Suriyada maraq güdən ölkələr üçün əsas qüvvədir: “Bu, onu göstərir ki, Suriyada mövcud olan qüvvələr YPG-nin bu ölkədə tam sıradan çıxarılmasında maraqlı deyil. Həm ABŞ, həm də Rusiya Suriyada İranın güclənməsinə qarşı yeganə yerli qüvvə olaraq YPG-ni görür. Ona görə də YPG-nin məhv edilməsi prosesi uzadılır. Daha dəqiq desək, qarşısı alınır. Hesab edirəm ki, Türkiyə hərbi əməliyyatların miqyasını artırmağa məcbur olacaq. Daha dəqiq desək, Türkiyə təzyiqi artıracaq”.

Ekspert ABŞ-ın vədlərinə əməl etmədiyini xatırladıb: “ABŞ Suriyada sülhün bərqərar olmasında deyil, ölkənin parçalanmasında maraqlıdır. Ona görə də separatçı qüvvələrlə əməkdaşlığa üstünlük verir. Bu isə Türkiyənin maraqlarına ziddir. Belə olan təqdirdə, Suriya məsələsində Türkiyə ilə ABŞ arasında yaxşı olmayan münasibətlər gərginləşməyə doğru gedir. YPG məsələsi münasibəti daha da gərginləşdirir. Türkiyə isə mövcud vəziyyətdən istifadə edərək öz hərbi-siyasi istəklərini reallaşdırmağa çalışır”.

 

“Əslində türk ordusunun əməliyyatları davam edir. Lokal səviyyədə terrorçuların məhv edilməsi həyata keçirilir. Türkiyə bu prosesi davam etdirməyə məcburdur. ABŞ yaxşı anlayır ki, qarşıda duran məsələ Türkiyənin daha irimiqyaslı əməliyyatlara başlamasının qarşısını almaqdır. Hesab edirəm ki, Türkiyə Suriyada öz istəyinə tam çatacaq. Əməliyyatların başlanması isə ABŞ-Türkiyə münasibətlərinin vəziyyətindən asılı olacaq. Türkiyənin istəklərinin həyata keçməsi əməliyyatları dayandıra bilər”, - deyə R.Məmmədli vurğulayıb.

Müəllif: Mərahim Nəsib      9 Noyabr 2019 12:50
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin