“Azərsu” sədrinin açıqlaması şübhələrə səbəb olub

“Azərsu” sədrinin açıqlaması şübhələrə səbəb olub

Ekspert: “Abşeron yarımadasına daxil olan bütün inzibati ərazi vahidlərinin elektron xəritəsini hazırlasınlar, həmin xəritədə hər bir qəsəbə və rayon üzrə su ilə təminat səviyyəsi əks olunsun”

 

“Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb”.

 

AYNA xəbər verir ki, bu açıqlamanı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov verib. O, 27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirildiyini deyib.

 

“Bunun üçün isə 270 km yeni su xətti çəkilib. Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq sutəmizləyici qurğular üzərindədir”, - deyə Q.Hüseynov bildirib.

ASC sədrinin açıqlamasını şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev isə açıqlanan rəqəmin şübhəli olduğunu qeyd edib: “Hazırda Abşeron yarımadasının 81%-nin fasiləsiz, yəni 24 saat su ilə təmin edildiyini deyir. Nə qədər real rəqəmdir? Şübhə etmək üçün əlimdə ciddi bir əsas yoxdur. Amma şübhələnməkdən də özümü saxlaya bilmirəm və buradaca bir təklifin faydalı ola biləcəyini düşünürəm”.

 

Mütəxəssis təklif edir ki, “Azərsu” Abşeron yarımadasına daxil olan bütün inzibati ərazi vahidlərinin elektron xəritəsini hazırlasın, həmin xəritədə hər bir qəsəbə və rayon üzrə su ilə təminat səviyyəsi əks olunsun - hansı ərazi 100 faiz, hansı 50 faiz, hansı 10 faiz: “Statistika Komitəsi təcrübəsində belə xəritələrdən çox istifadə edir. Aberon yarımadası üzrə maksimum 80 qəsəbə və rayon var. Yəni bunu etmək elə də mürəkkəb və çətin deyil”.

“Əlavə olaraq, hər bir ərazi üzrə abonentlərin sayı, onların əhali və qeyri-əhali bölgüsü, il ərzində ev təsərrüfatlaırna verilən suyun ümumi həcmi və adambaşına düşən həcmi, ərazilər üzrə ev təsərrüfatlarından toplanan yığımların həcmi barədə məlumatı hesabat formasında internetdə yerləşdirmək də çox asan işdir. Bu qədər şəffaflıq olanda, ictimaiyyətin şübhələri də olmur. Şəffaflıq olmayan mühitdə iqtisadi inkişaf da olmaz”, - R.Ağayev vurğulayıb.

Müəllif: Ayna.az      7 Noyabr 2019 16:23
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin